Məhkəmə qərarları › İş №8(107)-53/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-53/2025

12.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-53/2025 12.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 “alimentin indeksasiya olunması” barədə ərizəsi üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X5 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, X2 “alimentin indeksasiya olunması” barədə ərizəsinin təmin edilməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 8(051)-155/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: X1 Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-979/2022 saylı xx.xx.2022-ci il tarixli və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə xx.xx.2015-ci il təvəllüdlü Hüseyn və xx.xx.2016-cı il təvəllüdlü Kənan adlı uşaqların yetkinlik yaşma çatanadək saxlanması üçün Borclu X3 xeyrinə tutulan aliment miqdarının indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. X9 ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1774/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə xx.xx.2015-ci il təvəllüdlü Hüseyn və xx.xx.2016-cı il təvəllüdlü Kənan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu X3 xeyrinə tutulan aliment miqdarının indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1774/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilməsi, Borclu xx.xx.2015ci il təvəllüdlü Hüseyn və xx.xx.2016-cı il təvəllüdlü Kənan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq X6 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Həmin il ölkə üzrə minimum əmək haqqı 250 manat olmuşdur. Hazırda minimum əmək haqqı 400 manat təşkil edir. Ona görə də o, məhkəmədən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1774/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə xx.xx.2015-ci il təvəllüdlü Hüseyn və xx.xx.2016-cı il təvəllüdlü Kənan adlı uşaqların saxlanması üçün Borclu X3 xeyrinə tutulan aliment miqdarının indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 8(051)-155/2025 nömrəli qərardadı ilə tələbkar X3 ərizəsi təmin edilmişdir. Borclu Nağıyev X4 Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 8(051)-155/2025 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 5 may 2025-ci il tarixli 8(051)-155/2025 nömrəli qərardadı ilə, Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə, “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci, 13-cü, 19-cu maddələrinə, 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına, Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 232.1 və AR Ali Məhkəməsi Plenumunun «nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.4-1 bəndinə, istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(051)-155/2025 nömrəli qərardadı ilə X2 ona qarşı alimentin indeksasiyasına dair ərizəsi təmin edilmiş, iki uşağın hər birinə təyin olunmuş 130 manat alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş əmək haqqının 0,52 misli olmaqla, iki uşaq üçün cəmi 1,04 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Belə ki, məhkəmənin məlum qərardadını qanunsuz və əsassız hesab edir. Əvvəlcə bildirmək istəyir ki, o məhkəmə iclasında iştirak etməmişdir, məhkəmənin olacağı vaxt barədə məlumatı olmayıb. Sənəddən görünür ki, məhkəmə iclasının xx.xx.2025-ci il tarixdə saat 12- 00-da keçiriləcəyi barədə ona SMS xəbərdarlığı göndərilib, lakin həmin xəbərdarlıq ona çatmayıb və sənəddə də «səhv tranzaksiya nömrəsi» qeyd edilib. Bundan başqa məhkəmənin vaxtı barədə ona poçt və ya başqa üsulla rəsmi məktub gəlməmiş, yəni məhkəmə iclasında iştirakı təmin edilmədiyindən hüquqlarını müdafiə edə, lazımi sənədləri təqdim edə bilməmişdir. Hesab edir ki, aliment belə yüksək məbləğdə indeksasiya edilə bilməzdi. O, Mingəçevir şəhər Sukanal idarəsində işləyir və aylıq əmək haqqı 496 manatdır. Başqa gəliri yoxdur. Himayəsində yaşlı atası və anası vardır və onlar heç biri işləmir, həm də pensiya almırlar. Əlavə olaraq qeyd edir ki, ərizəçi Aygün Məmmədova ilə boşandıqdan sonra X10 ilə xx.xx.2022-ci il tarixdə rəsmi nigaha girməklə ailə qurmuşlar, birgə nikahdan xx.xx.2023-cü il tarixdə Yusif Nağızadə adlı uşağımız doğulmuşdur. Hal hazırda Nina ilə də ayrılmışlar və o da aliment tələbi ilə bağlı artıq mediasiya prosesini başlayıb. X8 maliyyə vəziyyəti isə çox yaxşıdır. Belə ki, o, Mingəçevir şəhəri N.Nərimanov küçəsi, 27-də yerləşən Müəllimlər evində pianino müəllimi işləməklə orta aylıq əmək haqqı 600 manatdan çox təşkil edir. Bundan əlavə hər ay 180 manat müavinət alır. Hər ay da 260 manat aliment alır. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-155/2025 saylı xx.xx.2025-ci il nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş edir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 232.1-ci maddəsinə əsasən işə baxmış məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksiyasını həyata keçirə bilər. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 8(051)-155/2025 nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş edir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 8(051)- 155/2025 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan Anın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-2-ci bəndində isə qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPMin 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Bundan başqa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Əlavə olaraq, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeləri özündə əks etdirən bir sıra məsələlərə ümumiləşdirilmiş izahın verilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 1-8-16-1/2- 57/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Eyni zamanda qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə, habelə 110-cu maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən, minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması bu əsasla verilmiş iddia tələblərinin və ərizələrin təmin edilməsinə yol vermir. Yuxarıda qeyd edilənlər konteksində məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin indeksasiyasını ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq aparmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməsi nəticəsinə gələrkən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən etmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməkdə haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər. 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 8(051)-155/2025 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar