Məhkəmə qərarları › İş №8(107)-56/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-56/2022

19.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-56/2022 19.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 8(037)-54/2022 saylı icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlakın üzərinə həbsin qoyulması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İsmayıllı Rayon Məhkəməsinin 3 avqust 2015-ci il tarixli, 2(037)-268/2015 saylı icra sənədi üzrə Borclu məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0215 hektar torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatı üzrə İsmayıllı Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 8(037)-54/2022 nömrəli qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu Rahim Mustafayev təqdimatla müraciət edərək Borclu məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0215 hektar torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 03 avqust 2015-ci il tarixli 2(037)-268/2015 nömrəli icra sənədinə əsasən Borclu və qeyrilərindən birgə qaydada 9883.56 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 04 avqust 2015-ci il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. İcra məmuru tərəfindən icra sənədinin icrasını təmin etmək məqsədi ilə “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti araşdırılmış, borcluya məxsus torpaq sahəsinin olması müəyyən edilmişdir. Ona görə də icra sənədinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbiri kimi Borclu məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0215 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim İ.Hüseynov) 28 oktyabr 2022-ci il tarixli, 8(037)-54/2022 saylı qərardadı ilə Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimatın təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Tələbkar ASC şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 8(037)-54/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimatın təmin edilməməsi barədə İsmayıllı Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 8(037)-54/2022 saylı qərardadı əsaslıdır. Məhkəmənin 28 oktyabr 2022-ci il tarixli, 8(037)-54/2022 saylı qərardaddan Tələbkar ASC-nin verdiyi şikayətdə göstərilən xüsusatlar həmin qərardadın ləğv edilməsi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1, 45.6, 45.7, 50.1, 50.2 və 50.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(037)-54/2022-007 saylı qərardadı ilə İsmayıllı şəhəri, Şıxəli Qurbanov küçəsi, ev 35 ünvanında qeydiyyat olan Borclu mülkiyyətində olan Abşeron rayon Məmmədli kəndində yerləşən 0,0215 ha torpaq sahəsinin üzərinə həbsin qoyulmasına dair icra məmurunun təqdimatı təmin edilməmişdir. Hesab edirlər ki, məhkəmənin qərardadı tamamilə qanunsuz və əsassız, həmçinin Tələbkar ASC-nin mənafelərinə ziddir. Təqdimatda göstərilmiş hallar və təqdimata əlavə edilmiş sənədlərlə məhkəmənin gəldiyi nəticə arasında köklü fərqlər vardır. Belə ki, məhkəmənin istinad etdiyi NK-nin qərarında qeyd edilmişdir ki, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Lakin Borclu təqdimatdan da göründüyü kimi, İsmayıllı şəhərində qeydiyyatdadır. Yəni, AR Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında da müəyyən edilmiş mövqeyə görə, şəxsin yaşayış yeri onun qeydiyyatda olduğu yer sayılır. Qeyd edilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(037)- 54/2022 saylı qərardadı ləğv edilərək, şikayətinin təmin edilməsini, Borclu mülkiyyətində olan Abşeron rayon Məmmədli kəndində yerləşən 0,0215 ha torpaq sahəsinin üzərinə həbsin qoyulmasına dair icra məmurunun təqdimatının təmin edilməsini xahiş edirlər. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərini təmin edilməsi üçün borclunun yetərli pul vasitələri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 45.7-ci maddəsinə əsasən,tələb,borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində,təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək,borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 372.7. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 8(037)-54/2022 saylı qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadını tam həcmdə yoxlanılmasını zəruri hesab edir Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hazırki təqdimatın mahiyyətindən görünür ki, tələb paylı mülkiyyət hüququ ilə borcluya məxsus olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədədir. Öyrənilən işdən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti araşdırılmış, araşdırma nəticəsində borcluya məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0215 hektar torpaq sahəsi olması müəyyən edilmişdir. Bundan sonra icra məmuru sorğu verərək müvafiq orqandan həmin əmlakın qeydiyyat vəsiqəsinin surətini almadan, ailə üzvlərinin sayı və hər bir ailə üzvünə çatan payın miqdarı barədə araşdırma aparmadan təqdimatla məhkəməyə müraciət etmişdir. Göründüyü kimi icra məmuru tərəfindən hazırki tələblə məhkəməyə müraciət olunarkən borclunun mülkiyyətində digər əmlakın olub-olmaması aydınlaşdırılmamış, sözügedən 0.0215 hektar torpaq sahəsinin borclunun yeganə əmalkı olub-olmamasına, yeganə dolanışıq yeri olub-olmamasına xüsusi diqqət yetirilməmişdir. Halbuki, AR NK-in xx.xx.2002-ci il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısına əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) və əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1.0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsinə yol verilmir Beləliklə məhkəmə, yuxarıda qeyd olunalara əsasən hesab edir ki, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 8(037)-54/2022 saylı qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 8(037)-54/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Qərara aldı: Tələbkar ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 8(037)-54/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar