Məhkəmə qərarları › İş №8(107)-58/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-58/2021

26.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-58/2021 26.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, X1nun iştirakı ilə Şəki Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(075)-1373/2020 saylı icra sənədi üzrə borc məbləğinin hissə-hissə ödənilməsinə dair X1nun ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 8(075)- 180/2021 nömrəli qərardadından X1nun verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Tələbkar olan qalıq borcunun tərəfindən hər ay 250 manat olmaqla hissə-hissə ödəməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 20 aprel 2021-ci il tarixli, 8(075)- 180/2021 saylı qərardadı ilə X1nun Şəki Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(075)-1373/2020 saylı icra sənədi üzrə borcunun hissə-hissə hər ay 250 manat olmaqla ödənilməsinə dair ərizəsinin təmin edilməsi barədə qərardad çıxarılmışdır. Həmin qərardaddan narazı qalan Tələbkar şikayət vermiş, Şəki Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 20 aprel 2021-ci il tarixli, 8(075)-180/2021 saylı qərardadı ləğv edilmiş, 10 iyun 2021-ci il tarixli, 8(075)- 180/2021 nömrəli qərardadla X1nun ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan X1 Şəki Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 8(075)- 180/2021 nömrəli qərardadından şikayət verərək, borcunun hissə-hissə ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 8(075)-180/2021 nömrəli qərardadı qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Məhkəmənin hazırkı qərardadı ilə 20 aprel 2021-ci il tarixli ərizənin təmin edilməsi barədə qərardadı arasında ziddiyyətli mövqeyi əks olunur. Belə ki, tələbkarın şikayətində 20 aprel 2021-ci il tarixli qərardadın ləğvini və ərizəsinin təmin edilməməsini əsaslandıran hallar mövcud olmamışdır. Hesab edir ki, Şəki Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli 2 (075)- 180/2021 saylı qərardadı qanunsuz, əsassız və ədalətsiz olmaqla qəbul edildiyindən ləğv edilməlidir. Şəki Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 8(075)-180/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayətini müdafiə edərək bildirmişdir ki, hazırda heç bir yerdə işləmədiyindən hər ay 100 manat civarında ödəniş edə bilər. Ona görə də şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Tələbkar, Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini borclunun izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin; 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" 04.07.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun şikayətində göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas olan hallara aid deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bundan başqa kollegiya qeyd edir ki, qətnamənin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 8(075)-180/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar