Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-58/2022 21.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(051)–1474/2022 saylı qətnaməsinin hissə–hissə icrasına dair ərizəsi barədə material (Açar sözlər: qətnamənin hissə–hissə icrası, ləğv, rədd) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, X2 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(051)–1474/2022 saylı qətnaməsinin hissə–hissə icrasına dair ərizəsinin təmin olunması barədə Mingəçevir Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 8(051)-160/2022 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(051)–1474/2022 saylı qiyabi qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X7 qarşı pul tələbinə dair iddiası təmin edilərək, Cavabdeh X4 700 (yeddi yüz) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda borclu X8 ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(051)–1474/2022 saylı qətnaməsinin hissə–hissə icra edilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 8(051)-160/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(051)–1474/2022 saylı qiyabi qətnaməsi üzrə X3 Tələbkar qalan borcu, hazırki qərardad qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 50 (əlli) manat müəyyən edilməklə hissə–hissə icra edilməsi qərara alınmışdır. Tələbkar həmin qərardaddan şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 8(051)-160/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 8(051)- 160/2022 saylı qərardadı ləğv edilməli, X3 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(051)–1474/2022 saylı qətnaməsinin hissə–hissə icra edilməsi barədə ərizəsi təmin edilməməlidir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(051)– 1474/2022 saylı qiyabi qətnaməsindən görünür ki, iddiaçı Tələbkar cavabdeh X7 qarşı pul tələbinə dair iddiası təmin edilərək, Cavabdeh X4 700 (yeddi yüz) manat məbləğində pul alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X8 borcundan 50 manat ödəmişdir. İşdə olan xx.xx.2022-ciil tarixli ödəniş tapşırığından görünür ki, X8 borcundan 156 manat ödəmişdir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini qərara alarkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, borclu X1 Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(051)– 1474/2022 saylı qiyabi qətnaməsi əsasında iddiaçı Tələbkar 700 manat məbləğində pul və 30 manat dövlət rüsumu ödəməlidir. Lakin borclu həmin puldan 206 manat ödəsə də, maddi imkanı olmadığından qalan borcunu birdəfəyə ödəyə bilməmiş, məcburi icra tədbirləri çərçivəsində borclun tələbin yönəldilməsinə imkan verən əmlakı aşkar olunmamışdır. İşin müəyyən olunmuş halları, o cümlədən borclunun tələbin yönəldilməsinə imkan verən əmlakının olmaması, ailə vəziyyəti, mütəmadi qazancı və ya gəliri olmaması, məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, X3 borcunu birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci istansiya məhkəməsi borclunun qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin edilməsi nəticəsinə gələrkən haqlı olmamışdır. «Məhkəmə qətnaməsi haqqında» Аzərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarından görünür ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qanun normasının məzmununa görə işə baxmış hakim işdə iştirak şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin hissə-hissə icra edilməsini təmin edə bilər. Qanunvericilik hər bir halda iş üzrə hər iki tərəfin mövqeyinin gözlənilməsini nəzərdə tutur. Qanunun normasının məzmunundan göründüyü kimi, qətnamənin hissə-hissə icrа edilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyətinin və borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif hallar nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan qanunun normasına görə qətnamənin hissə-hissə icra olunması qərara alınarkən tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. İşə baxılmasına ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İcra haqqında Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. X3 borcunu birdəfəyə ödəməsinin mümkünsüzlüyünü təsdiq edəcək əmlak vəziyyəti barədə, eləcə də icra sənədinin icrası üzrə icra tədbirlərinin yekunlaşdırılıbyekunlaşdırılmaması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki borcun hissə-hissə ödənilməsi tələbkarın mənafeyinə əsaslı şəkildə mənfi təsir etdiyindən məqsədəmüvafiq deyildir. Bundan başqa borclu X8 borcunu birdəfəyə ödəməsinin mümkünsüzlüyünü təsdiq edəcək əmlak vəziyyəti barədə sənədləri məhkəməyə təqdim etməmişdir. Borclu, qətnamə icra ediləcəyi halda onun üçün çətinlik törədən və ya onu əlverişsiz hallara salmasını təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə tərəfindən verilmiş icra sənədinin icra müddətinin 2 ay olmasına baxmayaraq, borclunun tələbkarlara olan borcunun hər ay 50 manat olmaqla 1 ilə yaxın müddət ərzində ödənilməsi öz əksini tapır ki, bu da tələbkarın mənafeyinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə biləcək hallardan biridir. Bundan başqa, iş materiallarının 9-cu vərəqində olan 547 nömrəli ödəniş tapşırığından görünür ki, 156 manat pul X3 əmək haqqından tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, eyni qaydada əmək haqqından tutmalar həyata keçirələcəyi təqdirdə hazırki iş üzrə ödənilməmiş qalan 524 manat borc 4 aya yaxın müddətdə tamamlanacaqdır. Belə olan halda, borcun hər ay 50 manat olmaqla 1 ilə yaxın müddət ərzində ödənilməsinin qərara alınması ağlabatan və tələbkarın mənafeləri baxımından ədalətli deyil. İşdə tələbkarın icra sənədinin hər ay 50 manat olmaqla hissə-hissə icra edilməsinə razılıq verməsi barədə hər hansı sübut olması da müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM–in 231.1–ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə–hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 8(051)-160/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 8(051)-160/2022 saylı qərardadı ləğv edilməli, X3 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(051)–1474/2022 saylı qətnaməsinin hissə– hissə icra edilməsi barədə ərizəsi təmin edilməməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.3-cü mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 8(051)-160/2022 saylı qərardadı ləğv edilsin. X3 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(051)–1474/2022 saylı qətnaməsinin hissə–hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Ayaz Mahmudov Mahir Əsədli
Məhkəmə qərarları › İş №8(107)-58/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-58/2022
21.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver