Məhkəmə qərarları › İş №8(107)-59/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-59/2022

26.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-59/2022 26.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Ağsu Rayon Məhkəməsinin “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” bаrədə 8(016)-162/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin 2(016)-1830/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə cavabdehlər Borclu və X1 müştərək qaydada cəmi 14.864,77 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə manatın məzənnəsi ilə tutularaq iddaçı Tələbkar ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Ağsu rayon icra və probasiya şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin 2(016)-1830/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhudlaşdırılması barədə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Rayon Məhkəməsi “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixdə icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Borclu bildirişə imza etməklə icraata başlamaq barədə qərarı almışdır. Borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı əmlak və ya digər gəlirlər aşkar edilməmişdir. Borclu, borcunu ödəməyəcəyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayan borclu verdiyi şikayətdə bildirir ki, mülkiyyətində olan avtomobilin üzərinə Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Banka olan borcunu hissə-hissə ödəyir. Rusiya Federasiyasına yük daşıyaraq ailəsini həmin qazancla dolandırır. Əmlakının üzərinə həbs qoyulmaqla ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması əsassızdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, içtimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin etməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Ağsu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 oktyabr 2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar