Məhkəmə qərarları › İş №8(107)-59/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-59/2025

25.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-59/2025 25.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 alimentin indeksasiya olunması ilə bağlı ərizəsinə dair material üzrə (Açar sözlər: alimentin indeksasiya olunması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X9 və X7 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, X1 alimentin indeksasiya olunması ilə bağlı ərizəsinin təmin edilməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin 21 may 2025-ci il tarixli 8(051)-232/2025 nömrəli qərardadından X3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: X2 Şəhər məhkəməsinə ərizə ilə müraciət edərək, məhkəmədən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2200/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə xx.xx.2011-ci il təvəllüdlü Əsra və xx.xx.2016-cı il təvəllüdlü Hidayət adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu X4 xeyrinə tutulan aliment miqdarının indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 21 may 2025-ci il tarixli 8(051)-232/2025 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, xx.xx.2011-ci il təvəllüdlü Əsra və xx.xx.2016-cı il təvəllüdlü Hidayət adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2200/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə bir uşağa görə təyin edilmiş 100 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli olmaqla, iki uşaq üçün cəmi 0,80 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu sabit pul məbləğində aliment alınıb X3na verilməsi qərara alınmışdır. X3 həmin qərardaddan şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2025-ci il tarixli 8(051)-232/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X12 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. X3 verdiyi şikayətdə göstərmişdir ki, həmin qanunun məzmunundan görünür ki, 2025-ci ilə görə uşaqlar üçün yaşayış minimumu 246 azn göstərilmişdir. Məhkəmə isə iki uşağa görə 0.80 misli alimenti indeksasiya etmişdir. Bu da hardasa 320 azn edir. Bu nə dərəcədə ağlabatandır? O, bu indeksasiyanı ədalətli hesab etmir. Heç olmasa hər uşağa 200 azn olaydı. Qeyd olunanlara əsasən bildirir ki, birinci instansiya məhkəməsinin alimenti indeksasiyası qanuni və ədalətli olmamışdır. Ona görə də, qərardad dəyişdirilməli, aliment yenidən düzgün və ağlabatan şəkildə indeksasiya edilməlidir. Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016- cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. Həmin yarımbənddə qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Hazırki iş üzrə sonuncu dəfə Borclu tutularaq X3na ödənilməli olan aliment Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2200/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarından göründüyü kimi, alimentin indeksasiya olunması artıq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin cari ildə müəyyən olunmuş minimum əmək haqqı məbləğinə indeksasiya edilməklə uyğunlaşdırılmasıdır. Həmin uyğunlaşdırma 2019-cu ildə müəyyən edilmiş hər ay hər uşağa görə 100 manat aliment məbləğinin həmin il üçün müəyyən olunmuş minimum əmək haqqı məbləğinin neçə misli olduğunu müəyyən etməklə həyata keçirilir. 2019-cu il üçün minimum əmək haqqı 250 manat müəyyən edilmişdi (100/250=0.40). Ona görə də, birinci instansiya məhkəməsi alimenti indeksasiya etməklə minimum əmək haqqının hər ay hər uşağa görə 0.40 misli, iki uşağa görə cəmi 0.80 misli müəyyən etməkdə haqlı olmuşdur. Həmin məbləğin azaldılması və ya çoxaldılması indeksasiya edilmənin hüdudlarından kənara çıxmaqla, hazırki ərizəyə baxış üzrə məhkəmənin səlahiyyətində deyildir. Tələbkarın şikayətində uşaqlar üçün yaşayış minimumuna istinad etməsinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarına əsasən alimentin indeksasiyası yaşayış minimumuna deyil, minimum əmək haqqına əsasən aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Mingəçevir Şəhər Məhkəməsinin 21 may 2025-ci il tarixli 8(051)-232/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 21 may 2025-ci il tarixli 8(051)-232/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 21 may 2025-ci il tarixli 8(051)-232/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar