Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-6/2024 08.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X5 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 8(033)-64/2023 saylı qərardadından Borclu verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: X1 11 avqust 2023-cü il tarixdə məhkəməyə şikayətlə müraciət edərək, Zaqatala rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qiymətləndiricinin dəvət olunması haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 8(033)-64/2023 saylı qərardadı ilə X1nın şikayətinin təmin edilməsi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Nümayəndə 17 noyabr 2023-cü il tarixli qiymətləndiricinin dəvət olunması haqqında qərarının ləğv edilməsi, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 1006/2022 nömrəli 13 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 8(033)-64/2023 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə 17 noyabr 2023-cü il tarixli qiymətləndiricinin dəvət olunması barədə qərarının qanunsuz olmasını düzgün əsaslandırmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi öz qərardadında Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə 17 noyabr 2023-cü il tarixli qiymətləndiricinin dəvət olunması barədə qərarının qanunsuz olubolmamasını əsaslandırmamışdır. Məhkəmə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə 17 noyabr 2023-cü il tarixli qiymətləndiricinin dəvət olunması barədə qərarının qanunsuz olub-olmamasını araşdırmamışdır. Halbuki, məhkəmə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə 17 noyabr 2023-cü il tarixli qiymətləndiricinin dəvət olunması barədə qərarının qanunsuz olmasını sübut etməmişdir. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 8(033)-64/2023 iş nömrəli qərardadının ləğv edilməsi barədə qərardadın çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 8(033)-64/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 8(033)- 64/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Azərbaycan Respublikası İcra haqqın qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Qanunun 51.2-ci maddəsinə əsasən qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulur. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Həmin Qanunun 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Kollegiya qeyd edir ki, icra məmuru tərəfindən qiymətləndirilməsi təşkil edilən əmlak ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobildir və həmin avtomobil üzərində mülkiyyətçilərin paylarının müəyyən edilməsinə baxmayaraq həmin əmlakın təyinatı dəyişdirilmədən bölünməsi mümkün olmayan əmlak olduğundan ümumi mülkiyyətdir. Ümumi paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilməlidir. İş materiallarından görünür ki, X1 ilə Borclu paylı mülkiyyətində olan ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobilin satışının təşkili məqsədi ilə, yəni həmin avtomobil üzərində sərəncam verilməsi məqsədi ilə ilkin olaraq həmin avtomobilin qiymətləndirilməsi üçün Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərar qəbul edilmişdir. Avtomobilin mülkiyyətçilərindən olan X1 ilə digər mülkiyyətçi Borclu arasında isə avtomobilə dair sərəncam verilməsi ilə bağlı razılıq yoxdur . Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ümumi mülkiyyətdə olan ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobilin realizə edilməsi məqsədi ilə onun qiymətləndirilməsi avtomobilin mülkiyyətçisi olan X1nın həmin əmlak üzərində mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər. Bundan əlavə onu da qeyd etmək lazımdır ki, icra məmuru tərəfindən qiymətləndirilməsi nəzərdə tutulan icra sənədi üzrə tərəflərin ümumi birgə mülkiyyətində olan ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobilin naturada bölünməsi, bu mümkün olmadıqda istismara tam yararlı vəziyyətdə olan avtomobilin real bazar dəyərinin müəyyən edilməklə dəyərin yarısı məbləğində pul kompensasiyanın ödənilməsi ilə bağlı tələbkar Səyalı Vəliyevanın iddiası Zaqatala Rayon Məhkəməsinin icraatına qəbul edilmiş və həmin mülki iş üzrə avtomobilin dəyərini müəyyən etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Göründüyü kimi, mübahisələndirilən ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobilin dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılması qərara alınmışdır. Məhkəmənin qənaətinə görə avtomobilin iki dəfə qiymətləndirilməsinə zərurət yoxdur. Ona görə ki, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 17 noyabr 2023-cü il tarixli qiymətləndiricinin dəvət olunması haqqında qərarının gələcəkdə nə ilə nəticələnəcəyinə nəzər yetirildikdə görünür ki, mübahisələndirilən əmlakın qiymətləndirici tərəfindən qiyməti müəyyən edildikdən sonra satılmalıdır, satılmadığı təqdirdə isə tələbkara təklif olunur, tələbkar isə əmlakdan imtina etdikdə icra sənədi məhkəməyə qaytarılır. Hazırda isə tələbkar öncədən qeyd edir ki, həmin əmlakı qəbul etməkdən imtina edir, buna görə də real bazar dəyərinin müəyyən edilərək onun xeyrinə pul ödənilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Həmçinin həmin avtomobilin hərracda satılaraq 1/2 hissəsinin alıcı tərəfindən alınması inandırıcı deyil. Hətta alınmış olsa belə hazırki iş üzrə tələbkarla alıcı arasında məhkəmə mübahisələrinin də olması istisna deyil. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 8(033)-64/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu tərəfindən verilmiş şikаyət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 8(033)-64/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-6/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-6/2024
08.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver