Məhkəmə qərarları › İş №8(107)-60/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-60/2021

03.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-60/2021 03.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, X1, məhkəmə iclas katibi X8, tələbkar X7 və X1 iştirakı ilə X1 borcun hissə-hissə icra edilməsi barədə ərizənin rədd edilməsi haqqında Göyçay Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 8(046)-21/2021 saylı qərardadından verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: X2 məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin 2(046)-216/2019 saylı 10.09.2019-cu il tarixli qətnaməsi üzrə ödənilməmiş 9000 manat borcun hər ay hissəhissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli 8(046)-21/2021 saylı qərardadı ilə X1 ərizəsi təmin edilməmişdir. Göyçay Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 8(046)-21/2021 saylı qərardadından X3 şikayət ərizəsi vermişdir X3 şikayət ərizəsində tələbini belə əsaslandırmışdır ki, qətnamə üzrə qalan 9000 (doqquz min) manat borcun tələbkar X5, aldığı 465 manat maaşın yarısını, yəni hər ay 233 manat məbləğində hissə-hissə ödəyə bilər. Buna görə də Göyçay Rayon Məhkəməsinin 8(046)-21/2021 saylı 04 iyun 2021-ci il tarixli qərardadını ləğv edilərək qətnamənin hissə-hissə yəni hər ay 233 manat məbləğində ödənilməsinə dair qərardad qəbul edilməlidir. Göyçay Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 8(046)-21/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X3 şikayəti müdafiə edərək bildirmişdir ki, hazırda maddi imkanı yaxşı olmadığından ödəniş edə bilmir. Lakin hər ay 200 manat civarında ödəniş edə bilər. Ona görə də şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar X7 şikayətə etiraz edərək bildirmişdir ki, özünün maddi imkanı yaxşı deyil, yaşamağa yeri yoxdur. Ona görə də şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin; 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" 04.07.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun şikayətində göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas olan hallara aid deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bundan başqa kollegiya qeyd edir ki, qətnamənin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 8(046)-21/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar