Məhkəmə qərarları › İş №8(107)-65/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-65/2020

21.07.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-65/2020 21.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Borclu - X3 iştirakı ilə Qətnamənin hissə-hissə icra edilməsinə dair X1nun ərizəsinin təmin edilməməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(025)-63/2020 saylı qərardadından X1 tərəfindən verilmiş şikаyətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)- 5730/2019 saylı qətnaməsinə əsasən, cavabdeh X2 5802 manat borc və 30 manat dövlət rüsumunun əvəzi, cəmi 5832 manat alınaraq "Tələbkar" MMC-yə verilməsi qət edilmişdir. X1 ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)-5730/2019 saylı qətnaməsinin hissə-hissə icra olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı "Tələbkar" MMC ona qarşı pul tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən ondan 5802 manat borc və 30 manat dövlət rüsumunun, cəmi 5832 manat alınaraq "Tələbkar" MMC-yə verilməsi qət edilmişdir. Lakin, o, hazırda işsizdir, heç bir yerdə işləmir, nəsə iş olanda günəmuz işləyir. Heç qazancı ilə ailəsinə belə baxa bilmir və himayəsində dörd övladı var. Hazırda Məhkəmənin qərarını bir dəfəyə icra edə bilmir. Həmin borcu hissə-hissə ödəyə bilər ona görə də məhkəməyə hissə-hissə ödənilmə barədə ərizə vermək məcburiyyətində qalmışdır. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(025)-63/2020 saylı qərardadı ilə (hakim Elman İsayev) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)-5730/2019 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1nun ərizəsi təmin edilməmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 8(025)-63/2020 saylı qərardadından X1 şikayət vermişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 8(025)-63/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X1 şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 8(025)-63/2020 saylı qərardadının ləğv edilərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)-5730/2019 saylı qətnaməsinin hissəhissə icra edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Maraqlı şəxs və tələbkarın nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 8(025)-63/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin materiallarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)-5730/2019 saylı qətnaməsinə əsasən, cavabdeh X2 5802 manat borc və 30 manat dövlət rüsumunun əvəzi, cəmi 5832 manat alınaraq "Tələbkar" MMC-yə verilməlidir. Azərbaycan Resublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə kollegiya hesab edir ki, birinci istansiya məhkəməsi X1nun qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. X5 Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmə kollegiyası qeyd edir ki, borcun hissə-hissə ödənilməsi barədə ərizələrə baxılması zamanı tək borclunun deyil eyni zamanda tələbkarın qanuni mənafeyi, hissələrin məbləği, miqdarı, hissələrin dövriliyi müəyyən edilərkən isə ağlabatanlıq və ədalətlilik meyarları nəzərə alınır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sözügedən qətnaməsi xx xxxxxxxx 2019-cu il tarixdə qəbul edilmiş, icra sənədinin icraya yönəldiyi 1 ilə yaxın müddət ərzində borclu icra sənədini icrası ilə bağlı tələbkara ödəniş etməmişdir. Borclunun həmin vəsaiti hissə-hissə ödəməyə kifayət qədər vaxtı olmuş, lakin hər hansı üzrlü səbəb olmadan icra sənədinin icrasından yayınmışdır. Ötən müddət ərzində borclunun üzərinə götürdüyü öhdəlikləri yerinə yertirməməsi və borcun ödənilməməsi isə tələbkarın qanuni mənafelərinə toxunur. Bununla yanaşı ərizçinin borcun hissə-hissə ödənilməsi xahişinin hissələrin məbləği, miqdarı, hissələrin dövriliyi isə ağlabatan və ədalətli deyildir. Belə ki, borclu 5832 manat məbləğində borcun 60 ay müddətinə olmaqla hissə-hissə icra edilməsini xahiş edir ki, bu da tələbkarın maraqlarına ziddir. Bundan başqa, işdə tələbkarın icra sənədinin hissə-hissə icra edilməsinə razılıq verməsi barədə hər hansı sübut olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X1nun borcunu hissə-hissə ödəməsi, borcun uzun müddətə başa çatması deməkdir. Bu isə tələbkarın mülkiyyət hüquqlarını pozulmasına səbəb ola bilər Məhkəmə kollegiyasının iclasında iştirak edən X1 məhkəmə qərarı qəbul edildiyi ötən dövr ərzində borc məbləğindən heç bir ödəmə aparılmamasının səbəbləri barədə ağlabatan izah verə bilməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən Apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 8(025)-63/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X1 tərəfindən verilmiş şikаyət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 8(025)-63/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar