Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-66/2023 30.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Göyçay rayon Məhkəməsinin 2(046)-1459/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına 01 il möhlət verilməsi barədə ərizənin təmin edilməməsinə dair qərardaddan verilən şikayətə dair (Açar sözlər: Qətnamənin icrasına möhlət verilməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10 qızının katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(046)-80/2023 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat X2 məhkəməyə müraciət edərək Göyçay rayon Məhkəməsinin 2(046)-1459/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(046)-80/2023 saylı qərardadına əsasən X4 Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-1459/2022 saylı icra vərəqəsi üzrə qətnamənin icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməmişdir. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(046)-80/2023 saylı qərardadının ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(046)-80/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, ailəsi və azyaşlı uşaqları ilə birlikdə Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evində yaşayır, qeyd olunan fərdi yaşayış evi onların yeganə yaşayış yeridir. Onun və ailə üzvlərinin başqa yerdə yaşamağa imkanları yoxdur. Ailə üzvlərinin başqa yaşayış yerinə köçməsinə 1 (bir) il vaxt lazımdır. Əks halda o və ailə üzvlərinin əmlakları küçəyə töküləcək və onlar çox ağır vəziyyətlə üz-üzə qalacaqdır. Bu səbəbdən hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1459/2022 nömrəli iş üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsinin icrasına 1 (bir) il möhlət verilməsi ədalətli olmaqla, onun və ailə üzvlərinin aldıqları torpaq sahəsində inşa ediləcək fərdi yaşayış evinin tikilməsinə və onların həmin fərdi yaşayış evinə köçməsinə imkan yaradır. Buna görə də şikayətin təmin edilməsini xahiş etmişdir. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətiə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(046)-80/2023 saylı qərardadının tam ləğv olunmasını xahiş edilmişdir. Ona görə də, kollegiya Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(046)- 80/2023 saylı qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən verilmiş şikayət əsassızdır. Belə ki, iş materiallarından məlum olur ki, Göyçay rayon Məhkəməsinin 2(046)-1459/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər X7 və X3 iddiaçı Tələbkar mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən, ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evindən çıxarılmalıdırlar. Kollegiya hesab edir ki, məhkəmə qətnaməsinin icrasına 1 il müddətinə möhlət verilməsinə dair tələbkarın razılığı olmadığından, tərəflər arasında uzun müddətdir ki, məhkəmə mübahisəsinin davam etməsi və bundan sonrakı dövr üçün də 1 il möhlətin verilməsi sonda tələbkarın məhkəmə aktının icrasını daha da uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəkdir. Kollegiyanın qənaətinə görə X4 ərizəsində qeyd etdiyi qaydada qətnamənin icrasına bir il müddətinə möhlət verilməsi onun icra müddətinin əsassız olaraq uzadılması kimi qəbul edilməlidir. Belə ki, qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına hazırki vəziyyətdə möhlətin verilməsi yolverilməzdir. Eyni zamanda borclu X4 möhlətin verilməsi barədə tələbinin təmin edilməsi iş üzrə Tələbkar mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun şikayətində göstərdiyi dəlillər icra sənədinin icrasına möhlət verilməsi üçün əsas olan hallara aid deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(046)-80/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-66/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-66/2023
30.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver