Məhkəmə qərarları › İş №8(107)-67/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-67/2023

13.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-67/2023 13.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 Ağdaş Rayon Məhkəməsinin 2(014)-361/2023 nömrəli 19 aprel 2023-cü il tarixli qətnaməsinin hissə–hissə icrasına dair ərizəsi barədə material (Açar sözlər: qətnamənin hissə–hissə icrası, ləğv, rədd) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, Kərimli Tunar Mübriz oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 8(014)-221/2023 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-361/2023 nömrəli 19 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Tələbkar ilə X6 birgə nikah dövründə əldə etdikləri 8000 (səkkiz min) manat dəyərində olan “Mercedes Benz C200” markalı ** HK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yarı dəyəri 4000 (dörd min) manat və 70,45 manat ödənilmiş dövlət rüsumunun əvəzinin X5 alınaraq Tələbkar verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. X3 məhkəməyə ərizə ilə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 2(014)- 361/2023 nömrəli 19 aprel 2023-cü il tarixli icra sənədinin hissə-hissə, yəni aylıq 200 manat olmaqla ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 8(014)-221/2023 saylı qərardadı ilə ərizə təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 2(014)-361/2023 nömrəli 19 aprel 2023-cü il tarixli icra sənədi hər ay 200 manat məbləğində olmaqla icra edilməsi qərara alınmışdır. Tələbkar həmin qərardaddan şikayət vermişdir. Ağdaş Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 8(014)-221/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 8(014)- 221/2023 saylı qərardadı ləğv edilməli, Ağdaş Rayon Məhkəməsinin 2(014)-361/2023 nömrəli 19 aprel 2023-cü il tarixli icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini qərara alarkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, X2 borcu birdəfəyə ödəmək üçün maddi imkanı yoxdur, ondan icra sənədi üzrə borcun birdəfəyə tələb olunması icra sənədinin vaxtında və düzgün icra olunmasının təmin edilməsinə şərait yaratmayacaq, əksinə şəxsin özündən asılı olmayan səbəblərdən məhkəmə aktının icra edilə bilməməsi ilə nəticələnəcək. Lakin borc hissələrlə icra edilərsə, bu qətnamənin daha effektiv icrası üçün əsas olacaq. Məhkəmə kollegiyası hesab edir ki, birinci istansiya məhkəməsi borclunun qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin edilməsi nəticəsinə gələrkən haqlı olmamışdır. «Məhkəmə qətnaməsi haqqında» Аzərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarından görünür ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qanun normasının məzmununa görə işə baxmış hakim işdə iştirak şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin hissə-hissə icra edilməsini təmin edə bilər. Qanunvericilik hər bir halda iş üzrə hər iki tərəfin mövqeyinin gözlənilməsini nəzərdə tutur. Qanunun normasının məzmunundan göründüyü kimi, qətnamənin hissə-hissə icrа edilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyətinin və borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif hallar nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan qanunun normasına görə qətnamənin hissə-hissə icra olunması qərara alınarkən tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. İşə baxılmasına ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İcra haqqında Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. X2 borcunu birdəfəyə ödəməsinin mümkünsüzlüyünü təsdiq edəcək əmlak vəziyyəti barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası MPM–in 231.1–ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə–hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 8(014)-221/2023 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 8(014)-221/2023 saylı qərardadı ləğv edilməli, X2 Ağdaş Rayon Məhkəməsinin 2(014)-361/2023 nömrəli 19 aprel 2023-cü il tarixli qətnaməsinin hissə–hissə icra edilməsi barədə ərizəsi təmin edilməməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.3-cü mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı Tələbkar tərəfindən verilmiş şikayət təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 8(014)-221/2023 saylı qərardadı ləğv edilsin. X2 Ağdaş Rayon Məhkəməsinin 2(014)-361/2023 nömrəli 19 aprel 2023-cü il tarixli qətnaməsinin hissə–hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar