Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-70/2023 19.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Ağdaş Rayon Məhkəməsinin “borclunun əmlakının üzərinə həbs qoyulması” bаrədə 8(014)-232/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-ci tarixli, 2(014)-361/2023 saylı icra sənədinə əsasən iddiaçı Tələbkar ilə cavabdeh Borclu birgə nikah dövründə əldə etdikləri 8.000 manat dəyərində olan “Mercedes Benz C200” markalı **-HK-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin yarı dəyəri 4000 manat və 70,45 manat ödənilmiş dövlət rüsumunun əvəzi Borclu alınaraq Tələbkar xeyrinə ödənilməlidir. Ağdaş rayon icra və probasiya şöbəsinin rəisi Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(014)- 361/2023 saylı icra sənədi üzrə Borclu məxsus “Mercedes Benz C200” markalı **-HK-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş və Borclu məxsus **-HK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C200” markalı avtmobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayan Borclu qərardaddan verdiyi şikayətdə bildirir ki, icra məmuru təqdimatı 8.000 manatlıq əmlakın üzərinə həbs qoymaq üçün verib. Məhkəmə də 4075,45 manat tələbdən ödədiyi 600 manatı nəzərə almadan, yəni icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilməli olduğu halda buna riayət etməmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi nəzrədə tutulduğundan o, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə həmin qərardada və maddi vəziyyətinə əsasən 200 manat olmaqla ödənişlər etməyə başlamışdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə bildirir ki, icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi icra sənədi üzrə borcun tam ödənilməsini ehtiva etmir. Bundan əlavə Məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(107)-67/2023 saylı qərardadından görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, Borclu Ağdaş Rayon Məhkəməsinin 2(014)-361/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməmişdir. Hazırki halda borclunun əmlakı üzərinə həbsin qoyulmaması, gələcəkdə icra sənədi üzrə hərəkətlər yerinə yetirilmədiyi halda çətinliklər yarada bilər. Belə ki, “İcra haqqında” Qanunun tələblərinə görə “borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi” məcburi icra tədbirlərindən biri kimi nəzərdə tutulmuşdur(maddə 43.1.1). Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi “borclunun əmlakının üzərinə həbs qoyulması” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan borclunun verdiyi şikayəti təmin etməməkdə haqlı olmamışdır. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-ci tarixli, 2(014)-361/2023 saylı icra sənədi üzrə Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Ağdaş Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 sentyabr 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-70/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-70/2023
19.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver