Məhkəmə qərarları › İş №8(107)-75/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-75/2020

20.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-75/2020 20.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi,tələbkar X3 və X1 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(033)-35/2020 nömrəli qərardadından iş üzrə X2 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(033)-707/2019 saylı qətnaməsi ilə X2ndan 3138.50 manat pulun alınaraq tələbkar X4 verilməsi qət edilmişdir. Qətnamə üzrə çıxarılmış icra sənədi Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İcra sənədi üzrə borclu X8 məhkəməyə ərizə ilə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(033)-707/2019 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin hissə-hissə icra edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsi qərar qəbul edərkən onun maddi vəziyyətini, pandemiya dövrü olduğunu, işsiz olduğunu və digər üzrlü səbəbləri nəzərə almamışdır. O, məhkəmə iclasında ayda 40-50 manat ödəmə imkanının olduğunu bildirmişdir. O, Qətnamənin icrasından yayınmır. Göstərilən qətnamənin hissəhissə icra edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişlər. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(033)-35/2020 nömrəli (hakim E.Məmmədov) qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(033)- 707/2019 saylı qətnaməsinin hissə-hissə icra olunması barədə X1 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan X2 şikayət verərək Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(033)-35/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(033)-35/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X2 bildirdi ki, o aylıq 354 manat məbləğində aliment ödəyir. Əlavə olaraq 40-50 manat məbləğində pul ödəyə bilər. Bütün məbləği birdəfəyə ödəmək imkanı yoxdur. Odur ki, şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar X7 bildirdi ki, borcun tam olaraq ödənilməsini tələb edir və apelyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,Zaqatala Rayon İcra və Probasiya şöbəsi məhkəmə iclasına nümayəndəsini göndərməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.5-ci maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qətnaməsinin hissəhissə icra edilməsinə yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Apelyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun şikayətində göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas olan hallara aid deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(033)-35/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(033)-35/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar