Məhkəmə qərarları › İş №8(107)-76/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-76/2025

25.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-76/2025 25.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin xx.xx.2015-cü il tarixli 2(033)-957/2015 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiyası barədə Tələbkar ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: Qeyri-mümkün hesab edilmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 8(033)-93/2025 nömrəli qərardadından Borclu verdiyi şikayətin mümkünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək 160 manat məbləğində alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa 0.76 misli olmaqla, cəmi 1.52 misli həddində indeksasiya olunması barədə qərardad qəbul qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 8(033)-93/2025 nömrəli qərardadına əsasən, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2015-cü il tarixli, 2(033)- 957/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə Tələbkar ərizəsinin təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(033)-957/2015 nömrəli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində Borclu tutularaq Tələbkar ödənilməsi qət edilmiş bir uşaq üçün 80 manat olmaqla, cəmi 160 məbləğində alimentin ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən indeksasiya edilməklə hər ay minimum əmək haqqının 0,76 misli həddində müəyyən edilməsi qərara alınmışdır. Həmin qətnamədən narazı qalan Borclu tərəfindən şikayət verilmişdir. Həmin şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş yeni redaksiyalı MPM-in 361-ci maddəsində apellyasiya şikayətinin məzmununa dair əsaslar göstərilmiş və həmin maddədə məhkəmə aktlarından verilmiş şikayət də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 15.1-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur). 361.1.5-ci maddəsinə əsasən şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar apellyasiya şikayətində göstərilməlidir. 361.1.6-cı maddəsinə əsasən şikayəti verən şəxsin istinad etdiyi konkret fakt və hallar habelə onları təsdiq edən sübutlar apellyasiya şikayətində göstərilməlidir. 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Şikayətdən görünür ki, Borclu şikayət üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmiş, Borclu şikayətin məzmun və forma tələblərinə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı əlavədə apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı, şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Göründüyü kimi, qanunverici şikayətdə apellyasiya şikayəti verən şəxsin ad (fiziki və ya hüquqi şəxsin), soyad (fiziki şəxsin), ata adı (fiziki şəxsin), şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) (fiziki şəxsin VÖEN (hüquqi şəxsin və ya fərdi sahibkar statusuna malik fiziki şəxsin), ünvan (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan), elektron poçt ünvanı, mobil telefon nömrəsi (və ya nömrələri), apellyasiya şikayəti verən şəxsin işdə prosessual vəziyyəti, apellyasiya şikayəti vəkil tərəfindən verildikdə vəkilin adı, soyadı, ata adı, ünvanı (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan), elektron poçt ünvanı, mobil telefon nömrəsi (və ya nömrələri), fəaliyyət forması, fərdi qaydada, vəkillik qurumu tərkibində vəkillik qurumunun adı, orderin nömrəsi və tarixi, apellyasiya şikayəti verən şəxsin qanuni nümayəndəsi və ya nümayəndəsinin adı, soyadı, ata adı, ünvan (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan), elektron poçt ünvanı, mobil telefon nömrəsi (və ya nömrələri), etibarnamə (və ya səlahiyyəti təsdiq edən digər sənəd), etibarnamənin nömrəsi, kim tərəfindən təsdiq edilmişdir, verilmə tarixi, qüvvədə olma müddəti, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, qətnaməni və ya qərardadı qəbul etmiş birinci instansiyası məhkəməsinin adı, qətnamə və ya qərardadın tarixi və nömrəsi, şikayət olunan qətnamə və ya qərardadın alınma tarixi, mübahisənin predmeti, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər, apellyasiya şikayəti verən şəxsin tələbinin göstərilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 361.1ci maddəsinə əsasən şikayət bu Məcəllə ilə müəyyən edilmiş formada və məzmunda verilməlidir. Şikayətin məzmunu Mülki Prossesual Məcəlləsinin 361.1-ci maddənin tələblərinə uyğun deyildir. Şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Borclunun şikayətdə maddi və prosessual hüquq normalarını sadalasa da, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normasının düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verməmişdir. Həmçinin, şikayət Azərbaycan Respublikasının MPM-in “Əlavə 2”-də təsbit edilmiş formasına uyğun olaraq tərtib edilməmiş, orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar tam doldurulmamışdır. Bu isə şikayətin qaytarılması üçün əsasdır. İş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 8(033)-93/2025 nömrəli qərardadından Borclu verdiyi şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2 saylı əlavəsinə uyğun tərtib edilməli olduğu halda, verilmiş şikayət həmin forma tələblərinə cavab vermir. Ona görə də qeyd edilənlər şikayətin qeyri-mümkün hesab edilməsi üçün əsasdır. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, şikayətin MPM-in 361-ci maddəsinin tələblərinə uyğun qaydada verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Zaqatala Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 8(033)-93/2025 nömrəli qərardadından Borclu verdiyi şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar