Məhkəmə qərarları › İş №8(107)-78/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-78/2020

10.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-78/2020 10.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Maraqlı şəxs2 Nazir oğlunun iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8 (025)-54/2020 saylı qərardadından Borclu və mənafelərinə toxunan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 Nazir oğlu və Maraqlı şəxs3 tərəfindən verilən şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Sənan Quliyev təqdimatla məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(025)181/2019 saylı icra sənədinin icrası ilə bağlı Borclu Qəbələ rayonu Soltannuxa kəndində 5 nəfər ailə üzvləri ilə birlikdə mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və 0,09 hektar torpaq sahəsindəki payına həbs qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(025)-54/2020 nömrəli qərardadı ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(025)-181/2019 saylı icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə Borclu ailə üzvləri ilə birlikdə mülkiyyətində olan Qəbələ rayonu Soltannuxa kəndində 0,06 ha (JN-048G (Kod: 40602038)) nömrəli və 0,09 ha (JN-048H (Kod: 40602038)) nömrəli həyətyanı torpaq sahələrinin üzərinə onun payına düşən hissədə həbs qoyulması qərara alınmışdır. İşdə iştirakı etməyə cəlb edilməyən şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 Nazir oğlu və Maraqlı şəxs3 məhkəməyə şikayət təqdim edərək, Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(025)- 54/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişlər. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(025)-54/2020 nömrəli qərardadı ilə işdə iştirak etməyə cəlb edilməyən şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 Nazir oğlu və Maraqlı şəxs3 tərəfindən verilmiş şikayət qismən təmin edilərək, həmin qərardad ləğv edilərək təqdimata şikayətə işdə iştirak etməyə cəlb edilməyən şəxslərin iştirakı ilə baxılması qərara alınmışdır. Tərəflərin iştirakı təmin olunmuş və çəkişmə prinsipinə uyğun olaraq təqdimata baxılmış və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(025)-54/2020 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(025)-181/2019 saylı icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə Borclu ailə üzvləri ilə birlikdə mülkiyyətində olan Qəbələ rayonu Soltannuxa kəndində 0,06 ha (JN-048G (Kod: 40602038)) nömrəli və 0,09 ha (JN- 048H (Kod: 40602038)) nömrəli həyətyanı torpaq sahələrinin üzərinə onun payına düşən hissədə həbs qoyulması qərara alınmışdır. Borclu və mənafelərinə toxunan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 Nazir oğlu və Maraqlı şəxs3 məhkəməyə şikayət göndərərək, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(025)- 54/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8 (025)-54/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs2 Nazir oğlu şikayətin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8 (025)-54/2020 saylı qərardadının ləğv edilməsini və təqdimatın təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8 (025)-54/2020 saylı qərardadı ləğv edilərək yeni qərardad qəbul edilməli, Qəbələ rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş JN-048G (Kod: 40602038) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli, 27 nömrəli qərarı ilə Borclu və onun ailə üzvlərinin birgə mülkiyyətinə Qəbələ rayon Soltannuxa kəndində 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-048H (Kod: 40602038) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli, 27 nömrəli qərarı ilə Borclu və onun ailə üzvlərinin birgə mülkiyyətinə Qəbələ rayon Soltannuxa kəndində 0,09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməklə təqdimat rədd edilməlidir. Belə ki, mülkiyyət sənədlərinə əsasən Qəbələ rayon Soltannuxa kəndində yerləşən 0,06 ha və 0,09 ha həyətyanı torpaq sahələri Borclu ilə işdə iştirak etməyə cəlb edilməyən şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 Nazir oğlu və Maraqlı şəxs3 ümumi birgə paylı mülkiyyətlərindədir. Borclu hal-hazırda həmin ünvanda qeydiyyatda deyildir. Həmçinin Qəbələ rayon Soltannuxa kəndində yerləşən 0,06 ha və 0,09 ha həyətyanı torpaq sahələrinə dair Çıxarış da mövcud deyildir. Həmin torpaq sahələrinin üzərinə həbs qoyulması Borclu ilə yanaşı işdə iştirak etməyə cəlb edilməyən şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 Nazir oğlu və Maraqlı şəxs3 da mənafeyinə ziddir və onların da hüquqlarını pozur. Bundan əlavə Mülki Məcəllənin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Normanının məzmunundan göründüyü kimi kreditorun borclunun ümumi mülkiyyətdəki payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb etmək hüququ olsa da, borclunun ümumi mülkiyyətdəki payının üzərinə həbs qoyulmasını tələb etmək hüququ öz əksini tapmamışdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmış və borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi bu tədbirlərdən biri kimi göstərilmişdir. Həmin Qanunun 44-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata 3 başlamaq haqqında qərarın qəbul edilməsi; və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 45.1-ci maddəsində isə göstərilmişdir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Konstitusiya Məhkəməsi Plenumunun X1 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8 (025)-54/2020 saylı qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də şikayət təmin edilməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8 (025)-54/2020 saylı qərardadı ləğv edilərək yeni qərardad qəbul edilməli, Qəbələ rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: Borclu və mənafelərinə toxunan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 Nazir oğlu və Maraqlı şəxs3 tərəfindən verilən şikayət təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8 (025)-54/2020 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(025)- 181/2019 saylı icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə Borclu ailə üzvləri ilə birlikdə mülkiyyətində olan Qəbələ rayonu Soltannuxa kəndində 0,06 ha (JN-048G (Kod: 40602038)) nömrəli və 0,09 ha (JN-048H ( Kod : 40602038)) nömrəli həyətyanı torpaq sahələrinin üzərinə onun payına düşən hissədə həbs qoyulması barədə Qəbələ rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar