Məhkəmə qərarları › İş №8(107)-78/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-78/2021

11.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-78/2021 11.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Maraqlı şəxs iştirakı ilə Mingəçevir Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 8(051)-151/2021 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: X1 şəhər icra və probasiya şöbəsinin icra məmuru Maraqlı şəxs hərəkət və hərəkətsizliyindən məhkəməyə şikayət vermişdir. Şikayət ona məxsus avtomobillərin üzərinə qoyulmuş həbsin məhkəmənin qərarı ilə götürülməsinə baxmayaraq, icra məmuru tərəfindən icra üzrə icraatın qanunsuz davam etdirilməsi, avtomobillərin həbsdən azad edilməsi barədə qərardadın icra edilməməsi ilə əsaslandırılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 8(051)-151/2021 nömrəli qərardadı ilə şikayət təmin olunmamışdır. Cavabdeh (borclu) X6 Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 8(051)- 151/2021 nömrəli qərardadından şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 8(051)-151/2021 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Maraqlı şəxs şikayəti müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayəti MPM-in 269-cu maddəsinə əsasən 7 gün müddətində apellyasiya instansiya məhkəməsinə göndərməli olduğu halda göndərməmiş, şikayətə özü baxmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbinə düzgün riayət etməmişdir. Ona görə də borclu tərəfindən verilmiş şikayəti əsassız sayaraq, təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini mülki işin və icra işinin materialları ilə birlikdə əlaqəli şəkildə tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 27.08.2020-ci il tarixli 2(051)-48/2021№li icra sənədi üzrə X7 və qeyrilərindən 11073.81 ABŞ dolları məbləğində pul tutulub tələbkar BOKT "xxxx"QSC-nə verilməlidir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru Maraqlı şəxs Mingəçevir Şəhər Məhkəməsinin 27.08.2020-ci il tarixli 2(051)-856/2020 saylı icra vərəqəsinin icrasının təmin ilə əlaqədar borclu H.Məmmədova məxsus 2 avtomobilin üzərinə həbs qoyulması barədə təqdimat vermiş, təqdimat təmin edilərək Mingəçevir Məhkəməsinin 16.03.2021-ci il tarixli 8(051)-48/2021 saylı qərarı ilə H.Məmmədova məxsus “QAZ” 330210 yük dövlət qeydiyyat nişanlı **-BK-*** dövlət nömrə nişanlı və “VAZ 2106” markalı **-FO-*** dövlət nömrə işanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 16.03.2021-ci il tarixli qərardadından H.Məmmədov şikayət verərək qərardadın ləğv edilməsi, avtomobillərin həbsdən azad edilməsini xahiş etmişdir. Həmin Məhkəmənin 20.05.2021-ci il tarixli 8(051)-48/2021 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. H.Məmmədov Mingəçevir Şəhər Məhkəməsinin 20.05.2021-ci il tarixli 8(051)- 48/2021 saylı qərardadından şikayət vermiş, məhkəmənin 24.06.2021-ci il tarixli 8(051)- 8/2021 saylı qərardadı ilə şikayət təmin edilmiş və H.Məmmədova məxsus avtomobillərin üzərinə qoyulmuş həbs götürülmüşdür. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru Maraqlı şəxs Mingəçevir Şəhər Məhkəməsinin 24.06.2021-ci il tarixli 8(051)-48/2021 saylı qərardadından şikayət vermiş, şikayət məhkəmənin 11.08.2021-ci il tarixli 8(051)-48/2021 saylı qərardadı ilə geri qaytarılmış, şikayətin geri qaytarılmasını səbəbi kimi icra məmurunun şikayət verildiyi vaxt məzuniyyətdə olması göstərilmişdir. Apellyasiya icraatı zamanı əldə olunmuş Şəki Apellyasiya Məhkəməsinin 23.08.2021-ci il tarixli, 2(107)-1098/2021 nömrəli qətnaməsindən müəyyən edildi ki, cavabdehlər X7 və X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 27.08.2020-ci il tarixli, 2(051)-856/2020-ci il nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi öz qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən icra üzrə icraatın təmin edilməsi məqsədi ilə borclunun əmlakın üzərinə həbs qoyulması və borclunun əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi MPM-nin tələblərinə zidd deyildir. Lakin icra məmurunun əmlak üzərindən həbsin götürülməsi barədə məhkəmənin qərardadından şikayət vermək hüququ vardır və hüququndan istifadə etmək hüququ qüvvədədir. Kollegiya birinci instansiya məhkəməsinin bu əsaslanması ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərindən göründüyü kim icra sənədi üzrə icraatın dayandırılmasının iki növü mövcuddur. Birinci icra üzrə icraatın dayandırılmasının məcburu olduğu hallar (İHQ-n 17-ci maddəsi), ikincisi icraatın dayandırılmasının mümkün olduğu hallar (İHQ-n 18-ci maddəsi). “İcra haqqında” Azərbaycan Respublikası Qanunun; 17.1. 7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. 21.1-ci maddəsinin tələbinə görə bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. 21.2-ci maddəsinin tələbinə görə bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. İş materiallarından göründüy kimi cavabdeh (borclu) Habil Məmmədov və X4 Şəhər Məhkəməsinin 27.08.2020-ci il tarixli, 2(051)-856/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, həmin şikayət apellyasiya məhkəməsinin icraatına qəbul olunaraq, 23.08.2021-ci il tarixdə şikayətin təmin olunmaması barədə məhkəmə aktı qəbul edilmişdir. Beləliklə də müəyyən edilir ki, cavabdeh tərəfin mübahisələndirdiyi məhkəmə aktı hazırki vaxtadək qanuni qüvvəsini almamışdır. Ona görə də kollegiya hesab edir ki, şikayət təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 8(051)-151/2021 nömrəli qərardadı ləğv edilərək sonrakı prosessual hərəkətlərin edilməsi (icra üzrə icraatın dayandırılması məsələsinə hüquqi qiymət verilməsi) üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apelyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 8(051)-151/2021 nömrəli qərardadı ləğv edilsin. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icraatında olan “Mingəçevir Şəhər Məhkəməsinin 27.08.2020-ci il tarixli, 2(051)-856/2020 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədinin icrasının yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılması barədə” sonrakı prosessual hərəkətlərin edilməsinə hüquqi qiymət veriliməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar