Məhkəmə qərarları › İş №8(107)-82/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-82/2021

18.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-82/2021 18.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Qasımov Nizami Eldar oğlunun katibliyi ilə, Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi Azad Əliyev tərəfindən qəbul edilmiş “icraata başlama haqqında” 11 avqust 2021-ci il tarixli qərarından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə Zərdab Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 8(035)-31/2021 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi Azad Əliyev tərəfindən qəbul edilmiş “icraata başlamaq haqqında” 11.08.2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Borclu şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Tələbkar ASC ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən Bankdan 30.000 manat məbləğində kredit götürmüş, kredit öhdəliyinin icrasının təminatı kimi ünvan 1 ünvanında yerləşən evini ipotekaya qoymuşdur. Qəssablıqla məşğul olduğu üçün ill$ vaxtlar vaxtı vaxtında ödənişlərini etsə də sonradan Covid 19 pandemiyası ilə əlaqədar işləri alınmadığı üçün müqavilə şərtlərinə əməl edə bilməmişdir. Ona görə də Ucar rayoü notariat ofisinin xüsusi notariusu E.Cəlalov tərəfindən 8İ-3772 saylı, 11.08.2021 ci il tarixli “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydi tərtib edilərək, Tələbkar ASC-nin tələbi ilə ona məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0.005 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 148.1 kv.metr olan fərdi yaşayış evinə 23008.38 manat əsas borc, 1925.79 manat faiz borcu olmaqla, cəmi 24934.2 manat borc üzrə tutma yönəldilmişdir. Həmin icra sənədi (İcra qeydi) icra edilməsi üçün Zərdab rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və şöbəsinin rəisi Azad Əliyev tərəfindən 11.08.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və könüllü icra üçün ongünlük müddət müəyyən edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuzdur. Belə ki, həmin qərar qəbul edilərkən icra məmuru araşdırma aparmamış, zəruri tədbirlər görməmiş və qərar qəbul etməzdən əvvəl borclu tərəfi dəvət edib onların izahatını almamışdır. Ona görə də məhkəmədən sözügedən 11.08.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. Zərdab Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 8(035)-31/2021 nömrəli qərardadı ilə Borclu Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi Azad Əliyev tərəfindən qəbul edilmiş “icraata başlamaq haqqında” 11.08.2021-ci il tarixli qərarın ləğv edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan Borclu tərəfindən verilmiş şikayət Zərdab Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 8(035)-31/2021 nömrəli qərardadı ilə təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X1 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 8(035)-31/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. «İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədləri sayılır. Həmin qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qanunun 8.3-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin qanunun 8.5-ci maddəsinə əsasən Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Məhkəmə kollegiya hesab edir ki, birinci istansiya məhkəməsi borclunun Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi Azad Əliyev tərəfindən qəbul edilmiş “icraata başlamaq haqqında” 11.08.2021-ci il tarixli qərarın ləğv edilməsinə dair ərizəsinin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 8(035)-31/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398 və 400cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu tərəfindən verilmiş şikаyət təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 8(035)-31/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar