Məhkəmə qərarları › İş №8(107)-84/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-84/2021

25.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-84/2021 25.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Qax Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 8(024)-115/2021 nömrəli qərardadından Borclu verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Şəki Apellyasiya Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(107)-157/2021 saylı qətnaməsinə əsasən Qax Rayon Məhkəməsinin 2(024)-87/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilərək Borclu vurulmuş zərərin əvəzi olaraq iddiaçı "xxxx" ASCnin xeyrinə tutulmalı olan məbləğ 1678.40 manat müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Qax rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Borclu ərizə ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2021-ci il tarixli, 2(107)- 157/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi tərəfindən onun ərizəsi baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilmişdir. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 27 avqust 2021-ci tarixli, 8(024)- 115/2021 saylı qərardadına əsasən Borclu Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2021-ci il tarixli, 2(107)-157/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan Borclu Qax Rayon Məhkəməsinin 27 avqust 2021-ci tarixli, 8(024)-115/2021 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Borclu şikayətində göstərmişdir ki, hər iki məhkəmə qətnaməsini qanunsuz hesab etsə də, şikayətləri təmin edilməmiş və məhkəmə qətnamələri sonda qüvvəyə minərək icra olunması üçün Qax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bir daha bildirir ki, onun qətnamədə göstərilən məbləği birdəfəyə ödəməyə imkanı yoxdur. Maddi vəziyyəti çox ağırdır, ona görə də qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qax Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci tarixli, 8(024)-115/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin; 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" 04.07.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun şikayətində göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas olan hallara aid deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bundan başqa kollegiya qeyd edir ki, qətnamənin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; . kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Qax Rayon Məhkəməsinin 27 avqust 2021-ci tarixli, 8(024)-115/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar