Məhkəmə qərarları › İş №8(107)-88/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-88/2025

25.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-88/2025 25.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 “alimentin indeksasiya olunması” barədə ərizəsi üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X5 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, X2 “alimentin indeksasiya olunması” barədə ərizəsinin təmin edilməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 8(051)-345/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Ərizəçi X1 Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, məhkəmədən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2396/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə xx.xx.2018-ci il təvəllüdlü Aylin adlı uşağın saxlanması üçün Borclu X4 xeyrinə tutulan aliment miqdarının indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2396/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Borclu xx.xx.2018-ci il təvəllüdlü Aylin adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 manat məbləğində aliment tutularaq X7 verilməsi qət edilmişdir. Həmin il üzrə minimum əmək haqqı 130 manat olmuşdur. Ona görə də məhkəmədən aliment miqdarının indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 11 avqust 2025-ci il tarixli 8(051)-345/2025 nömrəli qərardadı ilə, X2 ərizəsi təmin edilmişdir. Borclu Axundov X6 Şəhər Məhkəməsinin 11 avqust 2025-ci il tarixli 8(051)-345/2025 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2025-ci il tarixli 8(051)-345/2025 nömrəli qərardadı ilə, Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13, 110.1 və 110.2-ci maddələrinə, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına, “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2017-ci il tarixli Sərəncamına, Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 232.1 və AR Ali Məhkəməsi Plenumunun «nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.4-1, 8.4-2-ci bəndlərinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 8(051)- 345/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən qızı xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2396/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 150 manat məbləğində aliment miqdarının, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.15 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq ondan tutularaq X7 verilməsi qərara alınmışdır. Hesab edir ki, qərardad tamamilə əsassız və ədalətsiz olduğundan ləğv edilməlidir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin sözügedən qərardadına əsasən o, hər ay bir uşaq üçün hazırki minimum əmək haqqının 1.15 misli, yəni 460 manat məbləğində pul ödəməlidir. Bu həddə bir alimentin təyin edilməsi aşağıda qeyd edilən səbəblərə görə əsassız, eləcə də ədalətsiz qərardır. Hazırki gəlirləri hesabına bu məbləğin tərəfindən ödənilməsi mümkün deyil. Belə ki, hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə işləyir. Aylıq əmək haqqı vergilər və digər tutulmalar aparılmadan 442 manat təşkil edir. Əmək haqqı kartına köçən məbləğ isə 390 manatdır. Başqa gəliri isə yalnız 80 manat müharibə veteranlarına verilən təqaüddür. Aylıq qazancının tamamını aliment qismində versə belə, ona 10 manat pul qalır ki, bu da heç nəyə bərabərdir. Hazırda evlidir və bir nəfər 4 yaşlı oğlu var. Yuxarıda qeyd edilən əmək haqqının tamamını ödəsə belə, borcu qaldığı halda özü anası və həyat yoldaşı bərabər 4 yaşlı oğlunun xərclərini hansı qazancla qarşılayacaq?. Görünür bu sual və cavabı Mingəçevir şəhər Məhkəməsinin ədalət prinsiplərində daxil deyil və buna görə də nəzərə alınmayıb. Bundan başqa, hazırda uzun bir müddətdir ki, alimenti hər ay şəxsi hesabına ödədiyi Abdullayeva Əfsanə övladı Aylini öz anasının öhdəliyində tərk edərək yeni nikaha daxil olmuşdur. Həmin nikahdan iki uşağı dünyaya gəlmişdir. Ona bu sual da olduqca maraqlıdır ki, hər ay bir gün belə gecikdirmədən qızının saxlanılması üçün ödədiyi 150 manat alimentlə Əfsanə yeni ailəsini və uşaqlarınını saxlayır?. Bu faktı da məhkəmə gözardı etmiş və araşdırmamışdır. Halbuki Əfsanənin öhdəsinə tərk edib getdiyi anası tərəfindən illərdir ki, qızı onunla görüşünə şərait yaradılmır və hədə-qorxularla qızını ondan uzaqlaşdırır. Həmçinin 2025-ci il üzrə uşaqlar üçün yaşayım minimum 246 manat təşkil edir. Həmin məbləğdən az qala 2 dəfə artıq olan alimenti ödəməyi nə qədər ədalətlidir?. O, övladlarının ən yaxşı şəkildə yaşamasını istəyir. Lakin fəhlə maaşı ilə ödəyə biləcəyi məbləği onsuz da hər ay tələbkara ödəmişdir. Özü müharibə iştirakçısıdır. Bədənində sayını bilmədiyi qədər qəlpələr var. Travma almış və psixoloji həm də fiziki sağlamlığı tam deyil. Bununla bağlı sənədləri də təqdim edir. Bu sağlamlıq vəziyyəti ilə gedib əlavə başqa bir işdə çalışmağı da mümkün deyil. Buna görə də bu qərardadla müəyyən edilmiş məbləği ödəməyi mümkün deyil. Məhkəmə qərar qəbul edərkən qızı ilə yanaşı oğlunun da mənafeyini, saxlanılmasının zəruriliyini nəzərə almalıdır Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 8(051)-345/2025 nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş edir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 232.1-ci maddəsinə əsasən işə baxmış məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksiyasını həyata keçirə bilər. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 8(051)-345/2025 nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş edir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 8(051)- 345/2025 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan Anın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-2-ci bəndində isə qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPMin 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Bundan başqa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Əlavə olaraq, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeləri özündə əks etdirən bir sıra məsələlərə ümumiləşdirilmiş izahın verilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 1-8-16-1/2- 57/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Eyni zamanda qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə, habelə 110-cu maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən, minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması bu əsasla verilmiş iddia tələblərinin və ərizələrin təmin edilməsinə yol vermir. Yuxarıda qeyd edilənlər konteksində məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin indeksasiyasını ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq aparmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməsi nəticəsinə gələrkən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən etmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməkdə haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər. 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 8(051)-345/2025 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar