Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-9/2021 23.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi, X1 və Tələbkarın nümayəndəsi X5 iştirakı ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(019)-68/2020 nömrəli qərardadından X3 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Borclu X2 Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli 158781/2020-46-1-003 nömrəli bildirişindən şikayət verərək Tələbkar QSC-yə olan borcunun qalan hissəsinin faiz və cərimə məbləğinin silinməsi və borcunun hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X3 tələbini onunla əsaslandırmışdır ki, Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli bildirişi onun ünvanına xx.xx.2020-ci il tarixində çatmışdır. Bildirişlə tanış olmuş və icra sənədi ilə bağlı şikayəti var. Belə ki, Tələbkardan dollar ilə götürdüyü kreditə görə təminat kimi qoyulmuş əmlaka yönəldilən həbslə bağlı icraata xitam verilməsini xahiş edir. O, götürdüyü borcu hissə-hissə ödəmək üçün banka müraciət etmiş, lakin bank ona bildirir ki, borcu bir dəfəyə tam ödəməlidir. Hal-hazırda onun imkanı olsa idi onu bir dəfəyə tam ödəyərdi, imkanı olmadığı üçün hissə-hissə ödəyə bilər. Bank bununla razılaşmır, girov qoyduğu evlə onlara hədəqorxu gəlir. Əlavə olaraq qeyd etmək istəyir ki, həmin evdə yaşlı xəstə insan və azyaşlı uşaqlar yaşayır. Bankın bu iddiasını əsassız, qərəzli və qeyri-obyektiv hesab edir. Özü həmin bankın əməkdaşı olmuşdur. Krediti götürdükdən 15 gün keçdikdən sonra dollar qalxmışdır. Hal-hazırda maddi vəziyyəti həmin dollar ilə götürdüyü krediti bir dəfəyə tam ödəməyə imkan vermir. Borcu hissə-hissə ödəyə bilər və ödəməyə də hazırdır. İcraata xitam verilməsini və borcunun hissə-hissə ödənilməsi üçün köməklik göstərməsini xahiş edir. Bu dedikləri müqavilədə nəzərdə tutulmasa da bu hallar ondan asılı olmayan hallar kimi nəzərə alınmalıdır, lakin bu faktlar lazımınca araşdırılıb qiymətləndirilməmiş, onun gecikmələri isə səbəbsiz kimi qiymətləndirilmişdir Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) 8(019)-68/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə X1 Balakən Rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli 158781/2020-46-1-003 nömrəli bildirişindən verdiyi şikayət təmin edilməmişdir. Qərardaddan narazı qalan borclu X2 Rayon Məhkəməsinin 8(019)-68/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, borcunun hissə-hissə ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, 8(019)-68/2020-003 nömrəli , xx.xx.2020-ci il tarixli qərardadın surəti ona rəsmi qaydada xx.xx.2021-ci il tarixində verilmişdir. O, verilmiş qərardada etiraz edir. Belə ki, o, Tələbkara olan borcunu ödəməyə hazırdır və imtina etmir. Lakin bankın tələb etdiyi bütün məbləği bir dəfəyə ödəmək üçün maddi imkanı yetərsizdir. Bankın iddia etdiyi borcun ipoteka predmetinə yönəldilməsi həmin evdə yaşayan yaşlı və körpə insanların çöldə qalmasına və hansısa insanın intiharına səbəb olacaqsa, bank bunun qarşısında cavab verə biləcəkmi? İnsanların yaşaması üçün yaranmış çətin bir dövrdə bank iddia qaldırır ki, borc ipoteka predmetinə yönəldilsin. O, imtina etmir, qaçmır və borcunu ödəməyə hazırdır və ödəyəcəkdir. Amma bankın tələb etdiyi formada birdəfəyə tam ödəmək imkanı yoxdur. O, yenə də məhkəmə orqanı olaraq məsələnin həll olunmasına köməklik edilməsini, borcun hissə-hissə ödənilməsinə köməklik göstərilməsini xahiş edir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, (019)-68/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətini müdafiə edərək bildirmişdir ki, o bu gün də Banka olan borcunu ödəməkdən yayınmır. Sadəcə bank tərəfindən vaxt verilməsini və ya hissə-hissə ödənişə razılıq verilməsini istəyir. Hazırda hər ay 200-300 manat civarında ödəniş edə bilər. Ona görə də şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən Tələbkarın nümayəndəsi X8 şikayətə etiraz edərək bildirmişdir ki, Bank bu gün də qarşılıqlı razılığa gəlməyə hazırdır, lakin borclunun təklif etdiyi məbləğ həddən artıq azdır. Çünki borc məbləği kifayət qədər çoxdur. Belə çıxır ki, borclu neçə illər ödəniş etməlidir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Şikayətin dəlilləri ilə razılaşmayan kollegiya bir daha qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinin tələbinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır Qanunun normasının məzmunundan göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi, qətnamənin hissə-hissə icra etdirilməsi, habelə onun icra üsulunun və qaydasının dəyişdirilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyətinin və borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif halları nəzərə alınmalıdır. Eyni zamanda tələbkarında mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun şikayətində göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas olan hallara aid deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(019)-68/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(019)-68/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-9/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-9/2021
23.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver