Məhkəmə qərarları › İş №8(107)-90/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-90/2020

01.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-90/2020 01.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-194/2020 saylı qərardadından X5 Mövlam oğlu tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Xəlilov Vüsal Mövlam oğlu ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir yerdə işləməməsini, adına avtomobilin, hər hansı daşınmaz əmlakın, banklarda pul vəsaitinin və digər qiymətli əşyaların olmamasını, ailə və maddi vəziyyətini və borcunu bir dəfəyə ödəmək imkanının olmadığını nəzərə alaraq, Şəki Rayon Məhkəməsinin 2(075)-965/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə tələbkar Camalov Söhrab Əhməd oğluna ödəməli olduğu borcunun hissə-hissə olmaqla, hər ay 300 manat məbləğində ödənilməsi barədə qərardad qəbul edilməsini edilməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə ərizəyə baxılaraq ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-194/2020 nömrəli qərardadından X5 Mövlam oğlunun şikayəti xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, adına avtomobilin, banklarda pul vəsaitinin və digər qiymətli əşyalarının olmamasını, ailə və maddi vəziyyətini, borcunu bir dəfədə ödəmək imkanının olmamasını nəzərə alaraq Şəki Rayon Məhkəməsinin 2(075)-965/2019 nömrəli, xx.xx.2019-cu il saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə tələbkar Camalov Söhrab Əhməd oğluna ödəməli olduğu borcunun hissə-hissə olmaqla, hər ay 300 manat məbləğində ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8 (075)-194/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş vəmüzakirəolunmasıüçünŞəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar Camalov Söhrab Əhməd oğlu şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq borclu məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8 (075)-194/2020 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X5 Mövlam oğlu Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-179/2020 qətnaməsinə əsasən tələbkar X1 xeyrinə ümumilikdə 7480 manat pul vəsaiti ödəməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Resublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə kollegiya hesab edir ki, birinci istansiya məhkəməsi borclu X2 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. İcra haqqında Azərbaycan Respublikasının qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki borcun hissə-hissə ödənilməsi tələbkarın mənafeyinə əsaslı şəkildə mənfi təsir etdiyindən məqsədəmüvafiq deyildir. Bundan başqa X5 Mövlam oğlu borcunu birdəfəyə ödəməsinin mümkünsüzlüyünü təsdiq edəcək əmlak vəziyyəti barədə sənədləri məhkəməyə təqdim etməmişdir. Borclu, qətnamə icra ediləcəyi halda onun üçün çətinlik törədən və ya onu əlverişsiz hallara salmasını təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Bundan başqa, işdə tələbkarın icra sənədinin hissə-hissə icra edilməsinə razılıq verməsi barədə hər hansı sübut olması müəyyən edilməmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8 (075)-194/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X5 Mövlam oğlu tərəfindən verilmiş şikаyət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8 (075)-194/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar