Məhkəmə qərarları › İş №8(107)-91/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-91/2021

29.11.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-91/2021 29.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə Ağdaş Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 8(014)-195/2020 saylı qərardadından borclu Tələbkar tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Tələbkar Yusifova (Sadıqova) Aygün Abbasəli qızı ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 11 mart 2015-ci il tarixli 8(014)-234/2015 saylı qərardadının ləğv edilməsinə və Ağdaş Rayon Məhkəməsinin 2(014)-1396/2014 saylı 22 dekabr 2014-cü il tarixli icra sənədi üzrə icraatın təzələnərək yenidən icraya yönəldilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim F.Nəsibov) 8(014)-195/2021 saylı 12 iyul 2021-ci il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1396/2014 saylı 22 dekabr 2014-cü il tarixli icra sənədi üzrə icraatın təzələnməsi, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1396/20214 saylı 22 dekabr 2014-cü il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin yenidən icraya yönəldilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardaddan borclu Tələbkar şikayət verərək Ağdaş Rayon Məhkəməsinin 8(014)- 195/2021 saylı 12 iyul 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tələbkar Yusifova (Sadıqova) Aygün Abbasəli qızına heç bir təzyiq və təsir olmamış, tələbkar onunla razılaşmayaraq evi özü tərk edib çıxıb getmişdir. Tələbkarın əsl məqsədi onu incitməkdir. Ağdaş Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 8(014)-195/2021 saylı nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Kollegiya hesab edir ki, borclunun şikayətdə qeyd etdiyi əsaslar icra vərəqəsinin icra edilmədən geri qaytarılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “ Azərbaycan Respublikası Konstitusiyasının 129-cu, MPM-in 15.2-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun; 1-1. maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. 73.1-ci maddəsinə əsasən tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru, tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. 73.2-ci maddəsinə əsasən borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda, icra hərəkətləri hal şahidlərinin iştirakı ilə həyata keçirilir, zəruri hallarda isə icra məmuru müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət edir. Tələbkarın yaşamasına (olmasına) borclu tərəfindən sonradan maneçilik törədildikdə, icra məmuru bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. 73.3-cü maddəsinə əsasən tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. 73.4-cü maddəsinə əsasən tələbkarın mənzildən (binadan) maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. 73.5-ci maddəsinə əsasən tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. İş materiallarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1396/2014 saylı 22 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh Tələbkar ilə birgə nikahlarından 08 sentyabr 2000-ci ildə doğulmuş X5, 16 fevral 2006-cı ildə doğulmuş X3 və 28 noyabr 2011-ci ildə doğulmuş X6 adlı üç azyaşlı uşaqları birlikdə hazırda cavabdeh Tələbkar yaşayan Ağdaş rayonunun Hüşün kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evinə köçürülməsi, həmin yaşayış evindən, evin kommunal və qeyri-yaşayış sahəsindən istifadə qaydalarının cavabdehlə bərabər hüquqda müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra sənədi üzrə tələbkar X2 19 fevral 2015-ci il tarixdə həmin ünvana köçürülmüş, həmin yaşayış evindən, evin kommunal və qeyri-yaşayış sahəsindən istifadə qaydaları Ağdaş rayon İcra Bölməsi vasitəsilə cavabdehlə bərabər hüquqda müəyyən edilmiş və o, icranın nəticəsindən razı qaldığından aktı imzalamış, Ağdaş rayon İcra Bölməsinin icra məmuru Mahir Abbasovun təqdimatına əsasən Ağdaş Rayon Məhkəməsinin 11 mart 2015-ci il tarixli qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin 22 dekabr 2014-cü il tarixli 2(014)-1396/2014 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi üçün əsas ola bilməz. Çünki iş materiallarından məlum olur ki, tələbkar məlum qətnamənin icra olunaraq icraata xitam verilməsindən razı deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 8(014)-195/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Borclu Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 8(014)-195/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar