Məhkəmə qərarları › İş №8(107)-93/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-93/2020

20.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-93/2020 20.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(075)-229/2020 saylı qərardadından Şəki İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Şəki Rayonu üzrə İcra Şöbəsinin icra məmuru X6 məhkəməyə təqdimat verərək, Şəki Rayon Məhkəməsinin 2(075)-4220/2017, xx xxxxxxxx 2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq Borclu həyat yoldaşı X3 məxsus, ümumi birgə mülkiyyətdə olan "BMW 523” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(075)-229/2020 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin 2(075)-4220/2017, xx xxxxxxxx 2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq Borclu həyat yoldaşı X3 məxsus, ümumi birgə mülkiyyətdə olan “BMW 523 ” markalı, 01-CA- 144 dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması barədə Şəki İcra Şöbəsinin təqdimatının təmin edilməməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(075)-229/2020 nömrəli qərardadından Şəki rayonu üzrə İcra Şöbəsinin icra məmuru X4 şikayəti xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)-4220/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 1177.4 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "Tələbkar" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafıq qaydada icraya yönəldilmişdir, icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu həyat yoldaşı X3 məxsus olan "BMW 523” minik markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Borclu ilə həyat yoldaşı X1 ilə xx.xx.2010cu il tarixdə nikaha daxil olmuş, hazırda nikahdadırlar, X3 məxsus olan "BMW 523” minik markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikahda olduqları müddətdə xx.xx.2018-ci il tarixdə əldə edilmişdir, tərəflərin birgə mülkiyyətindədir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(075)-229/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(075)-229/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1. maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.2. maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6. maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İş materiallarında olan 295536/2017-20-11 saylı icra işi üzrə şəxsin kartoçkasından görünür ki, X2 adına "BMW 523” minik markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil qeydə alınmışdır. Məhkəmə kollegiyası tələbkarın şikayətinə münasibət bildirərək qeyd edir ki, X2 adına qeydə alınmış “BMW 523” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili mövcud olsa da mülki qanunvericiliyinə uyğun olaraq həmin avtomobil üzərində Borclu və X2 payları müəyyən edilməmişdir. Bundan əlavə xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli qəbzlərdən görünür ki, Salehova Nərminə tərəfindən Borclu vəsatəti üzrə "Tələbkar” Sığorta Şirkəti ASC-nə ümumilikdə 300 manat məbləğində subroqasiya ödənişi edilmişdir. Bu da onun borcunu ödəməkdən yayınmadığını əksinə buna cəhdlər etdiyini göstərir. Bundan əlavə Mülki Məcəllənin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Normanının məzmunundan göründüyü kimi kreditorun borclunun ümumi mülkiyyətdəki payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb etmək hüququ olsa da, borclunun ümumi mülkiyyətdəki payının üzərinə həbs qoyulmasını tələb etmək hüququ öz əksini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(075)-229/2020 saylı qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(075)-229/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(075)-229/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar