Məhkəmə qərarları › İş №8(107)-98/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-98/2021

16.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-98/2021 16.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tаrixli, 8(033)-64/2021 nömrəli qərardadından X3 və onun vəkili X11 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(033)-661/2021 nömrəli qərardadı ilə iddianı təmin etmə tədbirinin görülməsinə dair iddiaçı X4 ərizəsi təmin edilmiş, hazırkı mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, cavabdeh X5 Zaqatala şəhəri İmam Şamil küçəsi 0,074650 ha torpaq sahəsində yerləşən 499 kv.m-lik əmlak kompleksinə (mağazalı qeyri-yaşayış binası və digər qeyri yaşayış binaları) daxil olması qadağan edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(033)-661/2021 nömrəli qərardadı həmin tarixdə icra olunması üçün Zaqatala rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Zaqatala rayon İcra və probasiya şöbəsinin 11 iyun 2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli 2(107)- 1436/2021 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(033)-661/2021 nömrəli qərardadından cavabdeh X6 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2021- ci il tarixli 2(033)-661/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmışdır. X3 ərizə ilə məhkəməyə müraciət edərək həmin əmlak kompleksi ilə bağlı Şəki İnzibati Məhkəməsində iddia verdiyini, Əmlak Kompleksinin satılmasına dair qərarların etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir. İnzibati Məhkəmədə iddiasına baxılıb qurtaranadək icra işinin icraatının dayandırılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tаrixli, 8(033)-64/2021 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(033)-661/2021 nömrəli icra sənədinin icrası ilə bağlı icra işinin icraatının dayandırılması barədə X2 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan X3 və onun vəkili X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 8(033)-64/2021 nömrəli qərardadını ləğv edərək ərizəsinin təmin olunmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tаrixli, 8(033)-64/2021 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 8(033)-64/2021 nömrəli qərardadından X2 və onun vəkili X8 verdiyi şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə 7 (yeddi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını əsaslandıraraq göstərmişdir ki, borclu, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə istinad etməklə əmlak kompleksi ilə bağlı Şəki İnzibati Məhkəməsində iddia verdiyini, Əmlak Kompleksinin satılmasına dair qərarların etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdiyini, ona görə də İnzibati Məhkəmədə iddiasına baxılıb qurtaranadək Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2021- ci il tarixli 2(033)-661/2021 nömrəli icra sənədi üzrə icraatın dayandırılmasını xahiş edir. Lakin borclu icra sənədinin dayandırılması üçün istinad etdiyi idda tələbinin qaldırılması ilə bağlı hər hansı sübutunu ərizəsinə əlavə etməmiş, məhkəmə iclasında da bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. X13 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini əlaqəli şəkildə tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tаrixli, 8(033)-64/2021 nömrəli qərardadı ləğv edilməli, X2 icra işinin icraatının dayandırılması barədə ərizəsi təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(033)-661/2021 nömrəli icra sənədinin icrası dayandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14 dekabr 2021-ci il tarixdə X6 tərəfindən göndərilmiş ərizə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. X1 ambulator kitabçasından çıxarışın və Əmlak Kompleksinin satılmasına dair qərarların etibarsız hesab edilməsinə dair iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizəsinin icraata qəbul edilməsi barədə Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2-1(116)-1579/2021 nömrəli qərardadının işə əlavə edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizəyə əlavə edilmiş Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2-1(116)-1579/2021 nömrəli qərardadının surəti borclunun icra sənədinin dayandırılması üçün istinad etdiyi idda tələbinin qaldırılması faktının sübutu kimi qiymətləndirilməlidir. Eyni zamanda ərizəyə əlavə edilmiş X2 adına açılmış ambulator kitabçadan çıxarışdan görünür ki, borclu hal-hazırda stasionar müalicədədir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 18-ci maddəsinə əsasən borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda, borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda, icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə, borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tаrixli, 8(033)-64/2021 nömrəli qərardadı ləğv edilməli, X2 icra işinin icraatının dayandırılması barədə ərizəsi təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(033)-661/2021 nömrəli icra sənədinin icrası dayandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X3 və onun vəkili X11 tərəfindən verilmiş şikayət təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tаrixli, 8(033)-64/2021 nömrəli qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. X2 icra işinin icraatının dayandırılması barədə ərizəsi təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(033)-661/2021 nömrəli icra sənədinin icrası Əmlak Kompleksinin satılmasına dair qərarların etibarsız hesab edilməsinə dair iddia tələbinin Şəki İnzibati Məhkəməsində baxıb yekun qərarı qanuni qüvvəsini alanadək, eyni zamanda satasionar müalicə başa çatanadək dayandırılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar