Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-98/2025 28.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizəsi ilə bağlı iş üzrə (Açar sözlər: Alimentin indeksasiyası) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Ərizəçi Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizəsi üzrə Oğuz Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 8(054)-103/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(054)-873/2017 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə Borclu hər ay himayəsində olan uşağı xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşaq üçün tutulan qzancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında, lakin hər ay uşaq üçün 136 (yüz otuz altı) manat sabit pul məbləğindən az olmamaqla müəyyən edilmiş alimentin 2025-ci ildə Azərbaycan Respublikasında müəyyən olunmuş 400 manat minimum əmək haqqının 0,88 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar tələbini onunla əsaslandırmışdır ki, Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(054)-873/2017 nömrəli qətnaməsinə əsasən cavabdeh Borclu ilə aralarında olan nikah qeydinin pozulması, boşanmadan sonra oğlu Ömərin onun yanımda qalması və onun yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Borclu hər ay qazancın və başqa gəlirlərin 4/1 hissəsi miqdarında, lakin hər ay 136 (bir yüz otuz altı) manat sabit pul məbləğindən az olmamaqla aliment tutularaq 20 dekabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşma çatana kimi saxlanması üçün ona verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 20 dekabr 2024- cü il tarixli, 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşma çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 2016-cı il 28 mail tarixli 8-2 2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir. “8.4-1. Ailə Məcəlləsinin 110.2- ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində alimet təyin edərkən onun miqdarını ölkə üzrə minumum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Ona ödənilməli olan alimentin məbləğinin təyin edilməsi ilə bağlı son məhkəmə qərarı 2017-ci ildə qəbul edilmişdir. Həmin tarixdə Azərbaycan Respublikasında minimum əmək haqqı 155 manat məbləğində müəyyən edilmişdir. 2025-ci ildə isə minimum əmək haqqı artaraq 400 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında minimum əmək haqqı 155 manat məbləğində olarkən, yəni 2017-ci ildə himayəsində saxlanılmış uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 136 manat, yəni həmin il üçün minimum əmək haqqının 0,88 misli həddində ideksasiya olunmuşdur. Buna görə də mənə ödənilməli olan aliment məbləğinin indeksasiya edilməsi zərurəti yarandığından hazırki ərizə ilə müraciət etməli olmuşdur. Ərizəçi Tələbkar ərizəyə düzəliş edərək 08 sentyabr 2025-ci il tarixli ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(054)- 873/2017 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə Borclu himayəsində olan oğlu 20 dekabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan qazancın və başqa gəlirlərin dörddə biri hissəsi miqdarında, lakin hər ay 136(bir yüz əlli) manat sabit pul məbləğindən az olmamaqla müəyyən edilmiş alimentin 2025-ci ildə Azərbaycan Respublikasında müəyyən olunmuş 400(dörd yüz) manat minimum əmək haqqının 0,88 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmin ərizədə qeyd edilən 2017-ci ildə ölkədə minimum əmək haqqının 136 manat müəyyən edildiyini qeyd etmişdir. Əslində 2017-ci ildə Azərbaycanda minimum əmək haqqı 116 manat olduğundan həmin səhvlə bağlı qeyd edilən ərizədə yol verilmiş uyğunsuzluğu aradan qaldıraraq hazırkı ərizəsi ilə qeyd edilənləri nəzərə alaraq Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(054)-873/2017 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə Borclu himayəsində olan oğlu 20 dekabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay tutulan qazancın və başqa gəlirlərin dörddə biri hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 136(bir yüz əlli) manat sabit pul məbləğindən az olmamaqla müəyyən edilmiş alimentin 2025-ci ildə Azərbaycan Respublikasında müəyyən olunmuş 400(dörd yüz) manat minimum əmək haqqının 1,17 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 8(054)-103/2025 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(054)-873/2017 saylı qətnaməsi ilə Borclu Tələbkar xeyrinə hər ay uşaq üçün 136,0 manat sabit pul məbləğindən az olmamaqla tutulmalı olan hissəsi sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində indeksasiya olunması, alimentin indeksasiya edilmiş məbləğdə tutulmasının ərizənin verildiyi xx.xx.2025-ci-ci il tarixdən başlanılması qərara alınmışdır. Borclu tərəfindən Oğuz Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 8(054)- 103/2025 nömrəli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Oğuz Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 8(054)-103/2025 nömrəli qərardadı ilə, şikayətin təmin edilməməsi, Borclu tərəfindən verilmiş şikayətin baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024cü il tarixli 15 nömrəli Qərarına, Azərbaycan Respublikası Mülkü Prossesual Məcəlləsinin 232.1, 232.2-ci maddələrinə, Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a)Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Oğuz Rayon Məhkəməsinin 8(054)-103/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli qərardadına əsasən aşağıdakı əsaslara görə narazıdır: 1.“Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2019-cu ildə uşaqlar üçün yaşayış minimumu 136,6 (bir yüz otuz altı manat 60 qəpik ) manat müəyyən edilmişdir. Həmin tarixdə ona təyin edilmiş aliment məbləği 136 manat olmuşdur. Bu isə 2017-ci ildə uşaqlar üçün yaşayış minimumuna nisbətdə 0,99% demək idi.
2. 2017-ci ilin yanvar ayından minumum əmək haqqı 130 manat olmuşdur. Ona təyin edilən aliment miqdarı məhz minumum əmək haqqına nisbətdə yox uşaqlar üçün yaşayış minimumuna əsasən təyin edilmişdir.
3. Hazırda xx.xx.2017-ci il tarixli, 2(054)-873/2017 nömrəli qətnaməsinə əsasən ondan tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində indeksasiya olunması onun vəziyyətini daha da ağırlaşdırır.
4. Oğuz Rayon Məhkəməsinin 07 noyabr 2019-cuil tarxli 2(54)-454/2019 saylı qətnaməsi ilə oğlu Məcidov Ömərlə ünsiyyətdə olmanın qaydası və yeri müəyyən edilməklə Tələbkar yaşadığı Bakı şəhərindəki ünvanda ona verilməsi və Tələbkar qaytarılmasının yeri müəyyən edilmişdir. Məhkəmə hazırki qərardadı qəbul etdikdə oğlu Məcidov Ömərlə ünsiyyətdə olmaq üçün yaşadığı Oğuz rayon Xaçmaz kəndindən Bakı şəhərinə Tələbkar yaşadığı ünvana getməli olduğunu və uşağın saxlanılması ilə bağlı çəkilən əlavə xərclər nəzərə almamışıdır. Qeyd edir ki, alimentin həddi indeksləşdirilən zaman məhkəmə onun işləmədiyini, maddi vəziyyətinin aşağı olduğunu və onun da yaşam xərclərini nəzərə almalı idi.
5. Oğuz Rayon Məhkəməsinin 8(054)-103/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli qərardadını qəbul edən zaman onun maddi vəziyyətini nəzərə almamışıdır.
6. Ona təyin edilmiş aliment məbləğini bu günki tarixədək gecikdirmədən hər ay vaxtvaxtında ödəmişdir və çətinliklə də olsa imkan tapıb övladının digər xərclərində də iştirak edir. Oğuz Rayon Məhkəməsinin 8(054)-103/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli qərardadını qəbul edərək bu nüanslar heç biri nəzərə alınmamışıdır.
7. İş yeri və maddi gəlir yeri yoxdur. Bu barədə məhkəməyə təqdim etdiyi ərizdə həmin faktları qeyd etmişdir. Çəkdiyi xərci övladı üçün edir və bunu dönə dönə vurğulayır ki, bu onun valideyinlik borcudur. Ancaq Oğuz Rayon Məhkəməsinin 8(054)-103/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli qərardadını qəbul edərək onun qeyd etdiyi faktların heç birini nəzərə almamışıdır.
8. Mərkəzləşdirilmiş elektron informasiya sistemində şəxsin qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumatın olmaması barədə arayış iş yerinin olmamasına sübutdur.
9. Oğuz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışlardan müəyyən edilir kəndində qeydiyyatda olmağı və yaşamağı barədə Oğuz rayon Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin arayışı həmin faktı təsdiq edir. 2017-ci ilin yanvar ayından minumum əmək haqqı 130 manat olmuşdur. Ona təyin edilən aliment miqdarı məhz minumum əmək haqqına nisbətdə yox uşaqlar üçün yaşayış minimumuna əsasən təyin edilmişdir. Hazırki qərardadda Oğuz Rayon Məhkəməsi bunu nəzərə almamışdır. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2019-cu ildə uşaqlar üçün yaşayış minimumu 136,6 (bir yüz otuz altı manat 60 qəpik) manat müəyyən edilmişdir. Həmin tarixdə ona təyin edilmiş aliment məbləği 136 manat olmuşdur. Bu isə 2017-ci ildə uşaqlar üçün yaşayış minimumuna nisbətdə 0,99% demək idi. Ona aliment təyin edildikdə minumum əmək haqqına görə yox uşaqlar üçün yaşayış minumu tətbiq edilmişdir. Hazırda xx.xx.2017-ci il tarixli, 2(054)-873/2017 nömrəli qətnaməsinə əsasən ondan tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində indeksasiya olunması onun vəziyyətini daha da ağır vəziyyətə salmışıdır. Bu qərardadı ədalətsiz hesab edir. Odur ki, iş üzrə Oğuz Rayon Məhkəməsinin 11 sentyabr 2025-ciil tarixli 8(054)-103/2025 nömrəli qərardaddının ləğv edilməsi, iş üzrə ondan tutulan sabit pul məbləğində alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,32 misli həddində indeksasiya olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 232.1-ci maddəsinə əsasən işə baxmış məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksiyasını həyata keçirə bilər. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
“Uşaq hüquqları haqqında” Konvensiya: “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Oğuz Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli 8(054)-103/2025 nömrəli qərardaddının ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Oğuz Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli 8(054)- 103/2025 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Oğuz Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli 8(054)-103/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Belə ki, kollegiya qeyd etməyi vacib hesab edir ki, iş materiallarında olan Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(054)-873/2017 nömrəli qətnaməsindən göründüyü kimi iddiaçı X5 ilə cavabdeh Borclu birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Borclu hər ay qazancın və başqa gəlirlərin dörddə bir hissəsi miqdarında, lakin hər ay 136 (bir yüz otuz altı) manat manat sabit pul məbləğindən az olmamaqla alimentin tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası şikayətin 2017-ci ilin yanvar ayından minumum əmək haqqının 130 manat olması, ona təyin edilən aliment miqdarının məhz minumum əmək haqqına nisbətdə yox uşaqlar üçün yaşayış minimumuna əsasən təyin edilməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Minimum aylıq əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin 21 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilmişdir. Yəni Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(054)-873/2017 nömrəli qətnaməsi qəbul edildiyi vaxt Azərbaycan Respublikasının Prezidentinin 21 yanvar 2017-ci il tarixli Sərəncamı qüvvədə olmuşdur. Məhkəmə kollegiyası şikayətin “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2019-cu ildə uşaqlar üçün yaşayış minimumunun 136,6 (bir yüz otuz altı manat 60 qəpik) manat müəyyən edilməsi, həmin tarixdə ona təyin edilmiş aliment məbləğinin 136 manat olması, bunun isə 2017-ci ildə uşaqlar üçün yaşayış minimumuna nisbətdə 0,99% demək olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Kollegiya qeyd edir ki, Borclu X2 xeyrinə alimentin xx.xx.2017-ci il tarixdə qəbul edilmiş qətnamə ilə müəyyən edilməsi nəzərə alınaraq, indeksasiyanın həyata keçirilməsində bundan iki il sonrakı dövrün, yəni 2019-cu ildəki uşaqlar üçün yaşayış minimumuna istinad etməsi həm Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinin, həmçinin də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli Qərarının tələblərinə uyğun hesab edilə bilməzdi. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 2017-ci ildə qəbul edilmiş və qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2017-ci il üzrə müəyyən edilmiş 116 manat məbləğində minimum əmək haqqının müvafiq mislinə uyğunlaşdırılmaqla alimentin indeksasiyasının həyata keçirilməsində doğru mövqedən çıxış etmişdir. Borclu şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, ərizənin təmin edilməsinə dair qərardad qəbul edərkən məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Borclu şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 8(054)-103/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Q ə r a r a a l d ı:
Borclu şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 8(054)-103/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.