Məhkəmə qərarları › İş №8(110)-20/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №8(110)-20/2025

14.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 8(110)-20/2025 14.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, Ərizəçi Tələbkar “alimentin indeksasiya olunması” barədə ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Tələbkar ərizəla məhkəməyə müraciət edərək ərizəsində Şərur Rayon Məhkəməsinın 15 03 2024-cu il tarixli 2(110)-245/2024 saylı qətnaməsi ilə təyin edilmiş aliment miqdarının indeksasiya edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar ərizəsində Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(110)-245/2024 saylı qətnaməsi ilə hər ay bir uşağa 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment təyin edildiyini, haliyyədə uşaqlar böyüdüyünü və gündəlik tələbatları artdığını, təyin olunan aliment uşaqların tələbatını ödəmədiyini, o özü heç bir yerdə işləmədiyini, uşaqların tələbatlarını ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. Ərizəçi Tələbkar məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 231.2-ci maddəsinə müvafiq olaraq ərizəyə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Borclu izahatında qanunla müəyyən edilmiş qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəyə əlavə edilmiş: - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 yanvar 2025-ci il tarixli AZ-İ № 433684 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Borclu ilə Tələbkar arasında bağlanmış nikaha 11 iyul 2024-cü il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 29 avqust 2024-cü il tarixdə 112 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Hüseynova” soyadı verilmişdir; - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında çıxarışdan görünür ki, iş üzrə tərəflər xx.xx.2021-ci il təvəllüdlü X1 valideynləridir; - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 iyun 2023-ci il tarixli AZ-Vİ № 630318 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflər 23 may 2023-cü il təvəllüdlü X3 valideyinləridir; - Şərur Rayon Məhkəməsinin 2(110)-245/2024 saylı 15 mart 2024-cü il tarixli qətnamənin surətindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay bir uşağa görə 180 (bir yüz səksən) manat olmaqla, ümumilikdə iki uşağa görə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi, iddia digər hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli 15 nömrəli Qərarının: - 8.4-1 - ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74= 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan Anın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir); - 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPMin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir); - 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; - 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhəkəmə qeyd edir ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2023-ci il tarixdən 345 manathəddində müəyyən edilmişdir. Eyni zamanda “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Ona görə də, məhkəmə qeyd edir ki, alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alaraq Şərur Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli 2(110)-245/2024 saylı qətnaməsi ilə bir uşaq üçün tutulan 180 məbləğində alimentin indeksasiyanı həyata keçirən zaman 180 manat məbləğində alimentin 2024-cü il üzrə müəyyən edilmiş 345 manat minimum əmək haqqının 0.52 mislini təşkil etdiyini nəzərə alaraq, ərizə üzrə alimentin məbləğinin indeksasiyası hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; - 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Beləliklə də, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Şərur Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli 2(110)-245/2024 saylı qətnaməsi ilə tutulan aliment indeksasiya edilməli və 04 fevral 2025-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində sabit pul məbləğində aliment alınaraq Tələbkar ödənilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263 - 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilsin. Şərur Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(110)-245/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilsin. 04 fevral 2025-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində sabit pul məbləğində aliment alınaraq Tələbkar ödənilsin. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar