Məhkəmə qərarları › İş №8(110)-33/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №8(110)-33/2025

26.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 8(110)-33/2025 26.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi ilə, Ərizəçi Tələbkar “alimentin indeksasiya olunması” barədə ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Tələbkar ərizəla məhkəməyə müraciət edərək ərizəsində Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(110)-325/2022 nömrəli qətnaməsi ilə tutulması müəyyən olunmuş 150 manat aliment miqdarının indeksasiya edilərək, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar ərizəsində Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(110)-325/2022 nömrəli qətnaməsi ilə borclu X3 hər ay bir uşaq üçün 150 manat aliment tutularaq ona ödənilməsi qət olunduğunu, aliment təyin olunduqlan sonra ölkə üzrə minimum əmək haqqı, yaşayış minimumu və eləcə də uşağın tələbatları artdığını, həmçinin o da uşağın saxlanması üçün maddi cəhətdən çətinlik çəkdiyini, borclu X7 isə həmin məbləği ödəməklə uşağın başqa tələbatları ilə maraqlanmadığını, ona görə də belə hesab etdiyini ki, müəyyən olunmuş alimentin də indeksasiya olunması lazım olduğunu bildirmişdir. Ərizəçi və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 231.2-ci maddəsinə müvafiq olaraq ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə edilmiş: - Şərur rayon Nikah Evi tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli AZ-İ № 401686 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X4 arasında bağlanmış nikaha 10 oktyabr 2022-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 23 noyabr 2022-ci il tarixdə 75 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Əsədova” soyadı verilmişdir; - Şərur Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(110)-325/2022 nömrəli qətnamənin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X4 ilə cavabdeh X7 arasında Şərur rayon Qeydiyyat Şöbəsində 18 mart 2016-cı il tarixdə 71 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, iş üzrə tərəflərin birgə nikahlarından doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X8 anası - iddiaçı X2 yanında saxlanılması, 22 aprel 2022-ci il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli 15 nömrəli Qərarının: - 8.4-1 - ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74= 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan Anın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir); - 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir); - 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; - 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhəkəmə qeyd edir ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021 - ci il tarixli sərəncamı ilə minimumum aylıq əmək haqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir. Eyni zamanda “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Ona görə də, məhkəmə qeyd edir ki, alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alaraq Şərur Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(110)-325/2022 saylı qətnaməsi ilə bir uşaq üçün tutulan 150 məbləğində alimentin indeksasiyanı həyata keçirən zaman 150 manat məbləğində alimentin 2022-cü il üzrə müəyyən edilmiş 300 manat minimum əmək haqqının 0.5 mislini təşkil etdiyini nəzərə alaraq, ərizə üzrə alimentin məbləğinin indeksasiyası hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; - 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Beləliklə də, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Şərur Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(110)-325/2022 saylı qətnaməsi ilə tutulan aliment indeksasiya edilməli və 19 fevral 2025-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün X1 artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment alınaraq Tələbkar ödənilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263 - 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilsin. Şərur Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 22(110)-325/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilsin. 19 fevral 2025-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün X1 artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment alınaraq Tələbkar ödənilsin. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar