Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 8(110)-60/2025 18.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi Tələbkar iştirakı ilə, Ərizəçi Tələbkar Borclu qarşı “alimentin indeksasiya olunması” barədə ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Tələbkar ərizəla məhkəməyə müraciət edərək ərizəsində Şərur rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli, 2(110)-748/2024 saylı qətnaməsi ilə azyaşlı övladımız xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına catanadək saxlanması üçün müəyyən edilmiş 180 (bir yüz səksən) manat miqdarında sabit pul məbləğdə alimentin sonrakı artımlar nəzərə alınmqla icra icraatı qaydasında ölkə üzrə 2024-cü ildə müəyyən olunmuş minimum əmək haqqına uyğun indeksasiya olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar ərizəsində bildirmişdir ki, xx.xx.2003-cü il tarixdə Şərur rayon Çomaxtur kənd İcra Nümayəndəliyində nikah haqqında akt qeydləri kitabında 04 № ilə Borclu ilə aramıza bağlanmış nikah qeydi Şərur rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(110)-748/24 saylı qətnaməsinə əsasən pozulmuş, birgə nikandan doğulmuş azyaşlı övladımız - xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat miqdarında sabit pul məbləğində alimentin tutularaq mənim xeyrimə ödənilməsi müəyyən edilmişdir. Bildirirəm ki, birgə nikahdan doğulmuş övladımız artıq böyüyüb və onun 17 yaşı var və gündəlik zəruri təlabatı da yetərincə artıb. Cavabdeh Borclu isə aliment ödəməkdən başqa uşaqla ümumiyyətlə maraqlanmır, ödədiyi alimentin miqdarı isə övladımızın gündəlik zəruri tələbatlarını qarşılamağa yetmir. Övladımızın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də onun maddi tələbatını qarşılamaq tək qadın olaraq mənim üçün çox çətindir. Ona görə də azyaşlı övladımızın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin sonrakı artımlar nəzərə alınmaqla 2024-cü ildə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına indeksasiya olunmasını istəyirəm. Məhkəmə iclasında iştirak edən ərizəçi Tələbkar ərizədə qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunmamasını xahiş etmişdir. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 231.2-ci maddəsinə müvafiq olaraq ərizəyə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə edilmiş: - Şərur Rayon Məhkəməsinin 2(110)-748/2024 saylı 20 dekabr 2024-cü il tarixli qətnamənin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında Çomaxtur kənd icra nümayəndəliyində xx.xx.2003-cü il tarixdə 04 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, iş üzrə tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşlarına çatmayan uşağı xx.xx.2008-ci il təvəllüdlü X3 anası - iddiaçı Tələbkar yanında saxlanılması, 12 iyul 2024-cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi, qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilməsi, Şərur Rayon Məhkəməsinin alimentin müvəqqəti tutulması barədə 04 sentyabr 2024-cü il tarixli 2(110)-748/2024 saylı qərardadı ləğv edilməsi və həmin qərardad əsasında tutulmuş aliment ödənişləri nəzərə alınması, iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 400 (dörd yüz) manatın 200 manatı və məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 50.0 manat dövlət rüsumunun 39.0 manatı olmaqla, ümumiyyətlə 239 (iki yüz otuz doqquz) manat məbləğində pul cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar ödənilməsi, iddia digər hissədə rədd edilməsi, nikahın pozulması dövlət qeydiyyatına alınarkən iddiaçı Tələbkar qanunla müəyyən edilmiş məbləğdə rüsum alınaraq dövlət büdcəsinə köçürülməsi, cavabdeh Borclu bu xərci çəkməkdən azad edilməsi qət edilmişdir. - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin notarital qaydada təsdiq olunmuş surətindən görünür ki, Borclu ilə Tələbkar arasında bağlanmış nikaha xx.xx.2025-ci il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 08 nömrə ilə qeyd edilmişdir; - Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2008-ci il təvəllüdlü X1 valideyinləridir; Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli 15 nömrəli Qərarının: - 8.4-1 - ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74= 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan Anın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir); - 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir); - 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; - 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhəkəmə qeyd edir ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2023-ci il tarixdən 345 manat həddində, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Ona görə də, məhkəmə qeyd edir ki, alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alaraq Şərur Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli 2(110)-748/2024 saylı qətnaməsi ilə bir uşaq üçün tutulan 180 məbləğində alimentin indeksasiyanı həyata keçirən zaman 180 manat məbləğində alimentin 2024-cü il üzrə müəyyən edilmiş 345 manat minimum əmək haqqının 0.52 mislini təşkil etdiyini nəzərə alaraq, ərizə üzrə alimentin məbləğinin indeksasiyası hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; - 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Beləliklə də, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Şərur Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli 2(110)-748/2024 saylı qətnaməsi ilə tutulan aliment indeksasiya edilməli və 07 aprel 2025-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində sabit pul məbləğində aliment alınaraq Tələbkar ödənilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263 - 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilsin. Şərur Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(110)-748/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilsin. 07 aprel 2025-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində sabit pul məbləğində aliment alınaraq Tələbkar ödənilsin. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №8(110)-60/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №8(110)-60/2025
18.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver