Məhkəmə qərarları › İş №8(110)-89/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №8(110)-89/2025

10.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 8(110)-89/2025 10.06.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X7 Elmar oğlunun sədrliyi, Ceyranova Aytac ramiz qızının məhkəmə iclas katibliyi ilə Tələbkar Şərur Rayon Məhkəməsinin 2(110)-83/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ödənilməli olan sabit pul məbləğinin indeksasiyası barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Tələbkar xx.xx.2025-ci il tarixdə Şərur Rayon Məhkəməsinə müraciət edərək hazırki ərizənin qeydiyyata alındığı tarixdən başlayaraq, onunla Borclu birgə nikahından xx.xx.2016-cı il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün aliment məbləğinin Borclu onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkarın ərizəsini əsaslandıraraq, onunla Borclu arasında xx.xx.2017-ci il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində 117 nömrəli akt qeydi ilə rəsmi nikahın bağlanıldığını, birgə nikahdan xx.xx.2016-cı il tarixdə X4 və xx.xx.2018-ci il tarixdə X2 doğulduğunu, borclu şəxslə ilk vaxtlar yaxşı yola getsələr də sonradan ailə münasibətlərinin pozulduğunu, hazırda tərəfindən nikahın pozulması tələbilə məhkəmədə iddia qaldırıldığını, hələ faktiki olaraq ayrı yaşadıqları vaxtdan tələbkarın tələbi ilə uşaqların saxlanması üçün borclu şəxsdən onun xeyrinə aliment ödənilməsinin müəyyən edildiyini, Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-83/2022 saylı qətnaməsi ilə övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər birinə 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasının qət olunduğunu, qeyd edilən sonuncu qətnamənin qəbulundan artıq üç ildən çox vaxt keçdiyini, bu müddət ərzində də borclu şəxsin ona ödədiyi aliment məbləğinin hazırki şəraitdə övladlarının tələbatını ödəmək üçün yetərli olmadığını, buna görə də məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilmiş aliment məbləğinin artırılaraq, yeni qaydalara uyğun minimum əməkhaqqı məbləğinə indeksasiya olunmasını istədiyini, Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-83/2022 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmamış övladları - xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər bir uşağa 130 manat olmaqla qət edilmiş 260 (iki yüz altmış) manat sabit pul məbləğdə alimentin icra icraatı qaydasında 2022-ci il üzrə minimum əməkhaqqı məbləğinə indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar, onun nümayəndəsi-vəkil və borcluya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq tələbkarın, onun nümayəndəsi-vəkilin və borclunun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(110)- 83/2022 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixdən hesablanmaqla cavabdeh Borclu xx.xx.2016-cı il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin qərarın 8.4-2-ci bəndində isə nəzərdə tutulur ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2022-ci ildə qəbul edilmiş qətnamə ilə iki uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2022-ci ilin yanvarın 1-dən 300 manat müəyyən edilmişdir. Məhkəmə belə qeyd edir ki, 2022-ci il tarixdə minimum əmək haqqı 300 manat müəyyən edildiyindən həmin vaxt bir uşaq üçün müvafiq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 130 manat sabit pul məbləğində aliment məbləği həmin dövr üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,43 mislini təşkil edir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, Tələbkar Borclu qarşı müəyyən olunmuş aliment məbləğinin indeksləşdirilməsi tələbinə dair ərizəsi təmin edilməli, Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(110)-83/2022 nömrəli qətnaməsi ilə xx.xx.2016-cı il tarixdə doğulmuş X3 və xx.xx.2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Borclu tutulan hər ay bir uşağa 130 manat miqdarında sabit pul məbləğində aliment sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Ərizə təmin olunsun. Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(110)-83/2022 nömrəli qətnaməsi ilə xx.xx.2016-cı il tarixdə doğulmuş X3 və xx.xx.2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu hər ay bir uşağa görə Tələbkar xeyrinə qət edilən alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,43 misli həddində indeksasiya edilsin. İndeksasiya qərardadı qanuni qüvvəyə mindiyi gündən aparılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar