Məhkəmə qərarları › İş №8(110)-9/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №8(110)-9/2025

23.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 8(110)-9/2025 23.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, X1 “alimentin minumum əmək haqqı məbləğinə indeksasiya olunması” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)- 865/2023 qətnaməsi ilə yetkinlik yaşına çatmamış övladı - xx.xx.2010-cu il təvəllüdlü sərxanbəyova Ayşən Raqif qızının saxlanması üçün qət edilmiş sabit pul məbləğində 130 (bir yüz otuz) manat məbləğində alimentin icra icraatı qaydasında 2025-ci il üzrə minimum əməkhaqqı məbləğinə indeksasiya olunması barədə qərardad qəbul etmənizi xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizəçi məhkəməyə “alimentin minumum əmək haqqı məbləğinə indeksasiya olunması” barədə ərizə ilə məhkəməyə müraciət etsədə, ərizənin müəyyən olunmuş formasına və məzmununa riayət etməyərək ərizədə borclu barəsində heç bir məlumatı qeyd etməmiş, ərizə nümayəndəsi tərəfindən imzalansada, nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə ərizəyə əlavə edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçi ərizənin xahiş etdi hissəsində indeksasiyanın 2023-cü ilin minumum əmək haqqı məbləğinə nəzərən deyil, 2025-ci ilin minumum əmək haqqı məbləğinə nəzərən indeksasiya olunmasını xahiş etməklə tələbi aydın ifadə etməmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; - 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; - 149.2 və 149.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir; - 152.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Buna görə də göstərilən səbəblərdən məhkəməm bu nəticəyə gəlir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiya qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin; - 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 “alimentin minumum əmək haqqı məbləğinə indeksasiya olunması” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X2 izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar