Məhkəmə qərarları › İş №8(125)-1009/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №8(125)-1009/2023

26.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(125)-1009/2023 26.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, borclu (ərizəçi) X1 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-614/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəçi (borclu) X2 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi (borclu) X2 ərizə ilə məhkəməyə müraciət edərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-614/2023 nömrəli məhkəmə qətnaməsinin icrası ilə bağlı ayda 100 manat olmaqla hissə-hissə icra edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəçi (borclu) X2 ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 614/2023 nömrəli məhkəmə qətnaməsinə əsasən iddiaçı Tələbkar iddia tələbi təmin edilmiş və həmin qətnaməyə əsasən ondan qətnamə üzrə qızılzinyət əşyalarının natural qaydada alınması və yaxud həmin əşyaların dəyəri olaraq 4840 (dörd min səkkiz yüz qırx) manat pulun alınıb ona verilməsi qət olunmuşdur. Qeyd olunan əmlaklar mövcud olmadığından həmin əmlakların dəyəri kimi hər ay həmin puldan 100 manat pulun ödənilməsi mümkündür. Hazırda heç bir yerdə işləmir, bu baxımdan maddi imkanı çox zəifdir. Taksi fəaliyyəti ilə məşğuldur, himayəsində ahıl atası və anası vardır. Həmçinin qardaşı Ukrayna Respublikasından qaçaraq qayıtmışdır. Məhkəmə iclasında ərizəçi (borclu) X2 ərizənin məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, məşğulluqda qeydiyyatdadır, daimi işi yoxdur. Hər ay 50-100 manat olmaqla ödəmək imkanı vardır. İmkanı olduqca daha çox ödəyəcəkdir. Ərizənin təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə işdə iştirak edən digər şəxslərin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və işmateriallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Göründüyü kimi qanunvericilik yalnız tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin hissə-hissə icra edilməsini nəzərdə tutmuşdur. Lakin ərizəçi maddi imkanının olmaması ilə bağlı qətnamənin hissə-hissə icra edilməsini xahiş etsə də, ərizədə göstərdiyi halları sübut edə bilməmişdir. Yəni onun adına əmanət pulunun və ya hər hansı bir əmlakın olmamasına dair sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa borclu qətnamənin yalnız hər ay 50-100 manat ödəməklə icra olunmasını xahiş etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, qətnamənin hər ay 50-100 manat olmaqla icra edilməsi üçün uzun illər vaxt tələb olunur ki, bu da tələbkarın ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması ilə nəticələnməsinə səbəb olmaqla qətnamə öz əhəmiyyətini itirmiş olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-614/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair borclu X1 ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-614/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair borclu X1 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar