Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(125)-185/2023 08.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Leyla Məmmədova təqdimatla məhkəməyə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1060/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu Gəncə şəhəri üzrə İcra idarəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 1060/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Borclu 656,23 manat məbləğində borc tutularaq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2016-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. İcra sənədi "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olduğundan, həmin qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul olunaraq surəti məhkəməyə və tərəflərə göndərilmişdir. Tələbin könüllü icrası üçün Borclu rəsmi qaydada bildiriş verilərək qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmişdir. Lakin Borclu tələbin müəyyən edilmiş vaxt ərzində könüllü icrasını təmin etməmişdir. Tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq, bu günki tarixə qədər borclu borcunu ödəməmiş və Gəncə şəhəri üzrə İcra idarəsinə gəlməmişdir. Belə olduğu halda Borclu hərəkəti icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxs kimi qiymətləndirilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1060/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin surətindən görünür ki, Kəlbəcər rayonunun İstisu qəsəbəsində qeydiyyatda olan ünvan 1 ünvanında yaşayan Borclu 538,0 AZN əsas borc, 69,679 AZN faiz borcu, 28,56 AZN cərimə borcu, cəmi 636,23 AZN və ödənilmiş 20 manat dövlət rüsumu pul əvəzi alınaraq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimatın təmin edilməsi məqsədə müvafiq deyildir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdə borclunun tələbin könüllü icrası haqqında bildirişi və xəbərdarlıqları alması, icra idarəsinə dəvət edilməsi və ya bu barədə məlumatlı olması görünmür. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. «İcra haqqında» Qanunun 8.2 və 8.3-cü maddələrinə müvafiq olaraq icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Qeyd edilən maddənin 8.5-ci bəndində isə göstərilmişdir ki, tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.3.-cü maddəsinin tələblərinə əsasən həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə qeyd edir ki, məcburi gətirilmə haqqında icra məmurunun təqdimatı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsinə, məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən edən maddənin tərkib hissəsi olaraq icra məmuru tərəfindən icra hərəkətlərinin həyata keçirilməsinin bir mərhələsidir. Belə ki, məcburi gətirilmə barədə icra məmurunun qərarının qəbul edilməsi mərhələsinə kimi ilk növbədə icra məmuru icra hərəkətlərinin iştirakçıları üçün qanunla müəyyən edilmiş tədbirlər görməli və göstərilən tədbirlər nəticə vermədiyi hallarda məhz qanunvericiliyin müəyyən etdiyi digər icra haqqında qanunvericiliyin pozulmasına görə məsulliyyəti müəyyən edən səlahiyyətindən istifadə etməlidir. Məhz bu aspektdən yanaşdıqda nəzərə alınmalıdır ki, qeyd edilən maddənin tərkib hissəsinin yaranması üçün iki haldan birinin mövcudluğu yəni, icra məmurunun çağırışı ilə gəlməmək və yaxud icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması müəyyən edilməlidir. Buna görə ilk növbədə icra məmuru icra sənədi daxil olduqda icra haqqında qanunun tələblərinə uyğun olaraq icraata başlamaq haqqında qərar qəbul edir və həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Eyni zamanda bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İş materiallarına borcluya tələbin könüllü icrası barədə bildirişin və icra sənədini icra etmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıqların Borclu tərəfindən qəbul edilməsi, icra idarəsinə çağırılması barədə heç bir sübut əlavə edilməmiş, bu da borclunun İcra İdarəsinə çağırılması və bu barədə məlumatı olması kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, belə vəziyyətdə borcluya tələbin könüllü icrası barədə bildirişi, xəbərdarlığı və icra idarəsinə dəvət edilməsi barədə sənədlərin həqiqətən göndərilməsini və onun tərəfindən alınmasını müəyyən etmədən, borclunun məcburi gətirilməsi barədə təqdimatın təmin edilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməz olmaqla yanaşı məhkəmə qərarı ilə şəxsin hüquqlarının əsassız məhdudlaşdırılmasına da səbəb ola bilər. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, icra məmuru tərəfindən tələbin könüllü icra edilməsi barədə bildiriş və xəbərdarlıqların borcluya çatdırılması qanuna müvafiq qaydada təmin olunmamış, borclu icra idarəsinə dəvət edilməmiş, icra sənədinin icra edilməməsinin səbəbləri müəyyənləşdirilməmiş, buna görə də təqdimat rədd edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə qərara aldı: Borclunun məcburi gətirilməsi barədə verilmiş təqdimat rədd edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə yazılı şikayət verə bilərlər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №8(125)-185/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №8(125)-185/2023
08.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver