Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(125)-494/2023 27.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Borclu iştirakı ilə, Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-93/2022 nömrəli, xx.xx.2022-ci il il tarixli icra vərəqəsinə (bundan sonra – icra sənədi) əsasən cavabdeh Borclu ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 134,5 kv.m olan qeyri-yaşayış sahəsinin satışından əldə edilmiş vəsait olaraq 48104,16 manat məbləğində pul, həmin pulun ödənilməsinin gecikdirilməsinə görə 12026,04 manat faiz olmaqla, cəmi 60130,20 manat məbləğində pul tutularaq, iddiaçı X1 (bundan sonra- Tələbkar) ödənilməlidir. Gəncə şəhəri üzrə İcra İdarəsinin (bundan sonra – İdarə) icra məmuru İlkin Zeynalov (bundan sonra – İcra məmuru) təqdimatla məhkəməyə müraciət edərək icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi icra olunması üçün İdarənin icraatına daxil olmuş, qanuna müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borcluya göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 5 gün müddət müəyyən edilmiş, lakin həmin müddət ərzində Borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün Borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən hazırki vaxtadək icra sənədinin icrası tam şəkildə təmin olunmamış və Borclunun hazırki tarixə borcu 60130, 20 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən borclu təqdimatın təmin edilməməsini xahiş etmiş, bildirmişdir ki, təqaüdçüdür, 60000 manat borcu vardır. İcra məmurunun çağırışlarına getmiş, izahat vermişdir ki, borc təqaüdündən tutulsun. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, icra sənədi icra edilməsi üçün İdarəyə göndərilmiş və İcra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış, xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş Borcluya xx.xx.2023-cü il tarixdə təqdim edilərək ona icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 5 gün vaxt verilmiş, Borclunun xx.xx.2023-cü il tarixdə izahatı alınmışdır. Borclu icra sənədinin icrasını tam təmin etməmişdir. MPM-in 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olunmuşdur ki, “İcraata başlamaq haqqında” qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də tam nail olunmamışdır. Ötən müddət ərzində icra sənədinin tam icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, ödənilməmiş borcun məbləğini nəzərə alaraq məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-93/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu – xx.xx.1962-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Gəncə şəhəri, ünvan 2 ünvanda qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №8(125)-494/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №8(125)-494/2023
27.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver