Məhkəmə qərarları › İş №8(125)-508/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №8(125)-508/2022

10.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(125)-508/2022 10.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Əhməd oğlunun sədrliyi, Rustəmov Turan Aydın oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-636/2022 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi barədə X1nun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-636/2022 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədlərinin hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-636/2022 nömrəli qətnaməsini hər ay 40-50 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X1 ərizəni onunla əsaslandırmışdır ki, o, 1-ci Qarabağ Müharibəsi əlilidir. 268 manat sosial pensiya, 350 manat təqaüd alır. Əmək qabiliyyəti olmadığından heç bir yerdə işləmir. Bundan başqa o hazırda, ikisi Beynəlxalq bank, biri “X9” olmaqla 3 banka ödənişlər edir. Buna görə məhkəmənin qətnaməsi ilə ondan Tələbkar ASC-nin xeyrinə tutulması qət edilmiş məbləği bir, yaxud iki dəfə ödəmək imkanı yoxdur. Hazırki qətnamə üzrə onun bankın hesabına hər ay yalnız 40-50 manat ödəniş etmək qabiliyyəti vardır. Ərizəyə baxılması barədə iş üzrə borclu, tələbkar və Gəncə şəhəri üzrə İcra İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, İcra İdarəsi isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyi barədə məhkəməyə məlumat verməmişlər və ərizəyə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə iş üzrə tərəflərin və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərzəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 3-cü bəndinin tələbinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş qərarları Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəməyə X1 tərəfindən qətnamələrin hissə-hissə icrasının əsaslılığı barədə kifayət qədər sübut təqdim olunmamışdır. Məhkəmə borclunun ərizəsinin əsaslılığı ilə bağlı kifayət qədər zəruri sübutları təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, onun hazırkı ərizə ilə məhkəməyə müraciət etməsi qətnamənin icrasını ləngitmək məqsədi daşıyır. Bununla da məhkəmə X3 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)- 636/2022 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi ilə bağlı qərardad çıxarılmasına dair ərizəsinin təmin edilməsini məqsədə müvafiq hesab etmir. Şərh olunanlara əsasən, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 15ci maddəsini və Azərbaycan Respublikası MPM-in 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-636/2022 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar