Məhkəmə qərarları › İş №8-2(103)-1/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-1/2022

25.01.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-1/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 13.12.2021-ci il tarixli 8-2(113)-65/2021 nömrəli qərardadından Borclu MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 13.11.2020-ci il tarixli e-2-2(113)-1130/2020 saylı qətnaməsi ilə cavabdeh Borclu MMC-dən 13448,95 manat məbləğində əsas borc, 1000 manat məbləğində dəbbə pulu, cəmi 14448,95 məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Borclu MMC ərizə ilə məhkəməyə müraciət edərək, həmin icra sənədinin hissə-hissə, yəni hər ay 500 manat ödəməklə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Borclu MMC-nin maddi durumunun yaxşı olmaması səbəbindən qətnamə üzrə qeyd edilən borcu birdəfəlik ödəmək mümkün deyildir. Qətnamə üzrə qeyd edilən borcun yalnız hissə-hissə, yəni aylıq 500 manat ödənilməsi mümkündür. Bakı Kommersiya Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 8-2(113)-65/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Borclu MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 24.12.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun mənasına görə qətnamənin hissə-hissə icra edilməsinə o hallarda yol verilir ki, belə icra mümkün olur, borcluya məxsus pul vəsaiti və ya əmlak mövcud olmur və məhkəmə, qətnamənin digər formada icra olunmasının qeyri-mümkün olduğu qənaətinə gəlir. Lakin iş materiallarında olan sübutlar əsasında bu qənaətə gəlmək mümkün deyildir. Belə ki, borclunun maddi və əmlak vəziyyətinin ağır olması, yəni onun hesabında pul vəsaitinin, adına qiymətli kağızların, əmlakların olmaması və s. barədə sübutlar təqdim edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilə bilməz. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 13.12.2021-ci il tarixli 8-2(113)-65/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar