Məhkəmə qərarları › İş №8-2(103)-1/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-1/2023

10.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-1/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8-2(113)-53/2022 saylı qərardadından borclu "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Borclu "xxxx" MMC icra ödənişinin alınması barədə Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin 29 mart 2022-ci il tarixli qərarından şikayət verərək, 489122,98 manat məbləğində borcun 7 faizini təşkil edən 34.234 manat məbləğində icra ödənişinin alınması ilə bağlı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 199/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iddiası qismən təmin edilmiş, "xxxx" MMC-dən AP-İ-17/3 saylı, 05 sentyabr 2017-ci il tarixli “Texnikanın icarəsi və idarə olunması üzrə xidmətlərin göstərilməsi haqqında” müqaviləyə görə ödənilməli olan 479092.98 (ƏDV daxil olmaqla) manat məbləğində əsas borc, 10.000 manat məbləğində cərimə məbləği, dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 489122,98 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi təqdim edilmədən icra olunması üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmiş, icra işi icra məmuru Ramin Muradovun icraatına verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-673 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, e-2-2(113)-199/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra tərəflər birgə razılığa gəlmişlər. "xxxx" MMCnin "xxxx" MMC-yə olan 54877.49 (əlli dörd min səkkiz yüz yetmiş yeddi manat 49 qəpik) manat borcu "xxxx" MMC-nin "xxxx" MMC-yə olan borcundan çıxılaraq "xxxx" MMC-nin "xxxx" MMC-yə ümumi borcu ƏDV xaric 61422.97 (altmış bir min dörd yüz iyirmi iki mannat 97 qəpik) manat təşkil etmişdir. Tərəflərin birgə razılığına əsasən "xxxx" MMC öhdəsinə götürür ki, "xxxx" MMC-yə olan yuxarıda qeyd edilən borcunu 2022-ci ilin fevral ayından başlayaraq 3 ay müddətində hissə-hissə ödəyəcək. – "xxxx" MMC ƏDV xaric 61422.97 (altmış bir min dörd yüz iyirmi iki manat 97 qəpik) manat borcunu 3 ay müddətinə tam ödəyəcəyi halda "xxxx" MMC Binəqədi rayon İcra Şöbəsinin icraatında olan Bakı Kommersiya Məhkəməsinin e2-2(113)-199/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən imtina olunacaqdır. Qeyd edilən barışıq sazişinin imzalanmasından sonra iş üzrə tələbkar "xxxx" MMC tərəfindən Binəqədi icra şöbəsinə ərizə ilə müraciət edərək tərəflər arasında barışıq əldə edilməsi bildirilmiş və icraanın davam etdirilməməsi xahiş edilmişdir. Tərəflər arasında imzalanmış Birgə Sazişdən sonra "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənişlər edilməyə başlanılmışdır. Tərəflər arasında heç bir narazılıq olmamışdır və hal-hazırda da narazılıq yoxdur. Binəqədi rayon icra məmuru R.Muradov tərəfindən tələbkarın ərizəsinə məhəl qoymayaraq, tərəflərin barışmasını nəzərə almayaraq qərəzli şəkildə xx.xx.2022-ci il tarixdə məhkəmə qətnaməsi ilə qət edilmiş 489122,98 manat məbləğində borclunun bütün bank hesablarına inkasso sərəncamları qoymuş və eyni zamanda əsassız olaraq həmin məbləğin 7 faizini təşkil edən 34234 manat məbləğində icra ödənişinin alınması ilə bağlı qərar da qəbul etmişdir. Halbuki, tərəflər arasında əldə edilmiş razılığa əsasən ümumi borc 61422.97 manat müəyyən edilmişdir. Bundan əlavə tələbkar tərəfindən xx.xx.2022-ci il tarixdə həm borclunun bank hesablarına qoyulmuş inkasso sərəncamlarının götürülməsi barədə eyni zamanda “İcra haaqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə əsaslanaraq Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-199/2021-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin məhkəməyə geri qaytarılması xahiş edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməsindən söhbət gedə bilməz, qeyd edildiyi kimi borclu icra məmurunun bildirişini aldıqdan sonra dərhal hüquq prosedurlarına əməl edərək ilk öncə qətnamənin alınması ilə bağlı məhkəməyə müraciət etmiş eyni zamanda bu barədə icraçıya məlumat vermişdir, daha sonra qətnaməni əldə etdikdən sonra apellyasiya şikayəti verməmiş, icraat dayanmış, daha sonra isə tələbkarla barışaraq birgə razılıq sazişi imzalamışdır. Bu barədə yenidən icraya rəsmi qaydada müraciət edilmişdir. Bütün prosedurlar könüllü icra müddətində həyata keçirilmişdir. Bundan əlavə tələbkar tərəfdə ərizə ilə müraiət edərək artıq razılığa gəlindiyini bildirmiş və icra sənədini icra edilmədən məhkəməyə qaytarılmasını xahiş etmişdir. Tərəflər arasında 17 yanvar 2022-ci il tarixli Birgə Sazişə 17 aprel 2022-ci il tarixli 1 saylı Əlavə imzalayaraq ödəniş müddətini öz aralarında uzadılması barədə razılığa gəlmişlər. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-53/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC tərəfindən icra ödənişinin alınması barədə Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin 29 mart 2022-ci il tarixli qərarından verilmiş şikayət təmin edilməmişdir. Borclu "xxxx" MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Həmin Qanunun 81.4-cü maddəsinə əsasən icra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir. Göründüyü kimi qanunverici icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən yalnız üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuruna borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul etmək səlahiyyəti vermişdir. Hazırki işdə isə borcludan icra ödənişinin alınması haqqında qərarın qəbul edilməsi üçün əsaslar olmamışdır. Belə ki, iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 199/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iddiası qismən təmin edilmiş, "xxxx" MMC-dən AP-İ-17/3 saylı, 05 sentyabr 2017-ci il tarixli “Texnikanın icarəsi və idarə olunması üzrə xidmətlərin göstərilməsi haqqında” müqaviləyə görə ödənilməli olan 479092.98 (ƏDV daxil olmaqla) manat məbləğində əsas borc, 10.000 manat məbləğində cərimə məbləği, dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 489122,98 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmiş və Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə icraata başlamaq haqqında qərar qəbul edilərək, icra hərəkətlərinə başlanılmış və tələbin könüllü təmin edilməsi barədə borcluya bildiriş göndərilmişdir. Borclu "xxxx" MMC 26 aprel 2021-ci il tarixdə ərizə ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə müraciət edərək, ona qarşı iddianın olmasından xəbərsiz olduğunu, məhkəmə qətnaməsinin ona təqdim edilmədiyini, qətnamənin sonradan ərizə əsasında təqdim edildiyini və hazırda qətnamədən apellyasiya şikayəti verdiyini bildirmiş, bu səbəbdən icra hərəkətlərini həyata keçirməməyi xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 2(103)-673 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, e-2-2(113)- 199/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra "xxxx" MMC və "xxxx" MMC arasında 17 yanvar 2022-ci il tarixli birgə saziş bağlanmış və sazişə əsasən "xxxx" MMC-nin "xxxx" MMC-yə olan ümumi borcu ƏDV xaric 61.422,97 manat təşkil edir. "xxxx" MMC öhdəsinə götürür ki, "xxxx" MMC-yə olan həmin borcu 2022-ci ilin fevral ayından başlayaraq 3 ay müddətində hissə-hissə ödəyəcək. "xxxx" MMC borcunu 3 ay müddətinə tam ödəyəcəyi halda "xxxx" MMC Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icraatında olan Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)- 199/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən imtina edəcəkdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə göndərilmiş 18 yanvar 2022-ci il tarixli 67/1331 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-673/2020 saylı, 23 avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli e-2-2(113)-199/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-673/2020 saylı, 23 avqust 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ramil Muradovun xx.xx.2022-ci il tarixli qərarına əsasən borclu "xxxx" MMC-dən 34.238 manat məbləğində icra ödənişinin alınması qərara alınmışdır. "xxxx" MMC tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ramil Muradova ünvanlanan xx.xx.2022-ci tarixli ərizədə tərəflər arasında barışığın əldə edildiyi bildirilmiş və bu səbəbdən Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-199/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin məhkəməyə geri qaytarılması xahiş olunmuşdur. Həmçinin "xxxx" MMC tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ramil Muradova ünvanlanan xx.xx.2022-ci tarixli ərizədə "xxxx" MMC ilə barışığın əldə olunması qeyd olunmuş, icra sənədi üzrə "xxxx" MMC-nin bank hesabına qoyulmuş inkasso sərəncamının götürülməsi xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ramil Muradova ünvanlanan xx.xx.2022-ci tarixli ərizədə "xxxx" MMC ilə barışığın əldə olunması qeyd olunmuş, icra sənədi üzrə "xxxx" MMC-nin bank hesabına qoyulmuş inkasso sərəncamının götürülməsi xahiş olunmuşdur. "xxxx" MMC və "xxxx" MMC arasında 17 yanvar 2022-ci il tarixli birgə sazişə 17 aprel 2022-ci il tarixli Əlavə 1 bağlanmış və Əlavə 1-ə əsasən tərəflər birgə sazişin 1.3.5-ci yarımbəndində qeyd edilən ödəniş müddətini mövcud vəziyyət nəzərə alınmaqla və 2022ci ilin may ayında ödəniş edilmək şərti ilə xx.xx.2022-ci il tarixinədək uzadılması barədə razılığa gəlmişlər. Göründüyü kimi borclu "xxxx" MMC tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı mövcüd deyil. Çünki yuxarıda qeyd olunan sənədlərə əsasən müəyyən olunur ki, borclu "xxxx" MMC tələbin könüllü təmin edilməsi barədə bildirişi aldıqdan dərhal sonra qətnamədən apellyasiya şikayətinin verilməsi ilə bağlı Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə məlumat vermiş və icra hərəkətlərinin dayandırılmasını xahiş etmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 2(103)-673 saylı qətnaməsi qəbul edilmiş və mübahisələndirilən Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, e-2-2(113)-199/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra isə tərəflər arasında barışıq sazişi bağlanmış və bu barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə məlumat verilmişdir. Bundan əlavə tələbkar da ərizə ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə müraciət edərək, tərəflər arasında barışıq sazişinin bağlandığını bildirmiş və icra sənədinin icra edilmədən məhkəməyə qaytarılmasını xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 və 23.1.1-ci madələrində isə təsbit edilmişdir ki, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Bu baxımdan kollegiya hesab edir ki, icra ödənişinin alınması barədə icra məmurunun qərarı qanunsuz hesab edilərək ləğv edilməlidir. Göstərilən halları nəzərə alaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və borclu tərəfindən verilmiş şikayət təmin edilərək, icra ödənişinin alınması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin 29 mart 2022-ci il tarixli qərarı ləğv edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8-2(113)-53/2022 saylı qərardadı ləğv edilsin. Borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilsin. 34.234 manat məbləğində icra ödənişinin alınması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin 29 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar