Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-1/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(81)-2234/2008 nömrəli qərardadının icra üsulunun dəyişdirilməsi barədə Tələbkar MMC tərəfindən verilmiş ərizə üzrə (Açar sözlər: qətnamənin icra üsulunun dəyişdirilməsi) X1 (sədrlik edən və məruzəçi), X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, Ərizəçinin qanuni nümayəndələri Nümayəndə2 və Zakhidov Mirkhasil, borclu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X3 iştirakı ilə, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-2234/2008 nömrəli, 10 dekabr 2008-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadının icra üsulunun dəyişdirilməsi barədə Tələbkar MMC tərəfindən verilmiş ərizəyə dair iş üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 8-2(113)-131/2024 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı
1. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-2234/2008 saylı, xx.xx.2008-ci il tarixli barışıq sazişinin təsdiqinə dair qərardadın icrası əsası ilə verilmiş Bakı Kommersiya Məhkəməsinin 2(81)-2234/2008 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən 1 ədəd - Vişka BV 53x320, 2 ədəd - BL 1200, 2 ədəd - sürətlər qutusu, 5 ədəd - Nasos Y8x6M, 11 ədəd - Mühərrik V2-450, 4 ədəd - 1 Şkifli aqreqat, 4 ədəd -2 Şkifli aqreqat, 2 ədəd - Mərkəzi şkifli aqreqat, 2 ədəd - Firlanqic 250T, 2 ədəd - Qarmaqdan ibarət avadanlıqların "xxxx" MMC-yə qaytarılması tələbinin, həmin avadanlıqların alış faktura dəyəri olan 935716 (doqquz yüz otuz beş min yeddi yüz on altı) manat məbləğin borclu Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən Tələbkar MMC-nin xeyrinə tutulması tələbi ilə əvəz edilməklə, icra sənədinin icra üsulunun dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2(81)- 2234/2008 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən "xxxx" MMC-yə 1 ədəd - Vişka BV 53x320, 2 adad - BL 1200, 2 ədəd - sürətlər qutusu, 5 ədəd - Nasos Y8x6M, 11 ədəd - Mühərrik V2- 450, 4 ədəd - 1 Şkifli aqreqat, 4 ədəd -2 Şkifli aqreqat, 2 ədəd - Mərkəzi şkifli aqreqat, 2 ədəd - Firlanqic 250T, 2 ədəd - qarmaqdan ibarət avadanlıqlar qaytarılmalıdır. Adı çəkilən icra sənədinin icrası Nərimanov rayon icra şöbəsinə tapşırılmışdır. Lakin icra sənədinin icrasına başlanmasının üstündən 3 il keçməsinə baxmayaraq, boclu "SOCAR" tərəfindən icrası təmin edilməmişdir. Bununla bağlı icra qrumu, tələbkar və borclu arasında çoxsaylı yazışmalar, bildirişlər, görüşlərdən sonra məlum olmuşdur ki, borclunun icra sənədinin icra edilməməsinə səbəb icra sənədində qeyd olunan avadanlıqların naturada qaytarılmasını təmin edə bilməməsidir. Belə ki, İcra şöbəsinin xx.xx.2024-cü il tarixli xəbərdarlığa cavab olaraq borclu "SOCAR"-ın vitse-prezidenti cənab İsmayıl Zərgərlinin imzası ilə Nərimanov icra şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubunda icra sənədi üzrə tələb olunan avadanlığın “SOCAR”-ın “Kompleks qazma işləri” trestində aşkar edilmədiyi bildirilmişdir. Borclu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinə ünvanlanmış icra şöbəsinin xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişlərində, həmçinin Tələbkar MMC-nin 16 avqust 2024-cü il, 03 sentyabr vǝ 09 sentyabr 2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı müraciətlərində icra sənədinin icra edilmədiyinə görə məsuliyyət barədə tədbirlərin görülməsinə dair xəbərdarlıq olunması, eləcə də icra sənədində qeyd olunan avadanlıqların naturada qaytarılması mümkün deyilsə, əvəzini malın alındığı faktura qiyməti ilə müəyyən edilən 935716 manat məbləğin ödənilməsi üçün müvafiq tədbirlərin görülməsi borcluya təklif olunmuşdur. Lakin borclu təkliflə bağlı heç bir əməli tədbir görməmiş, icra sənədinin icrası ilə bağlı yenə də hərəkətsizlikdə davam etmişdir. Belə ki, “SOCAR”-ın rəhbərliyinə ünvanlanmış müraciətlərin araşdırılması həyata keçirildiyi borclu “SOCAR”-ın “Kompleks qazma işləri” trestinin müdiri cənab Rəşad Əsgərovun imzası ilə Tələbkar MMC-nin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “SOCAR”-a ünvanlanmış xx.xx.2024-cü, xx.xx.2024-cü va xx.xx.2024-cü il tarixli müraciətlər “SOCAR”ın “Kompleks qazma işləri” trestinə daxil olmuş və baxılmışdır. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin qanuni qüvvəsinə minmiş 2(81)-2234/2008 saylı xx.xx.2008-ci il tarixli qərardadında qeyd edilən avadanlıqlar “Kompleks qazma işləri” trestində aşkar edilmədiyindən naturada geri qaytarılmasının mümkün olmadığı barədə bundan əvvəllərdə də bildirilmişdir. Göründüyü kimi, borclu tərəf icra sənədində qeyd olunan avadanlıqların naturada geri qaytarılmasını təmin edə bilmir. Lakin bu halın borclunu icra sənədi əsasında üzərinə qoyulmuş öhdəlikdən azad etmədiyi bəllidir. Borclu “SOCAR”-ın borcu ödəmə imkanları icra sənədində qeyd olunan avadanlıqların dairəsi ilə tükənmiş olmur. Onun maliyyə imkanlarının səviyyəsi və oxşar avadanlıqların həcmi icra sənədində qeyd olunan avadanlıqların sayından və ümumi dəyərindən milyonlar dəfə çoxdur. Bu baxımdan icra sənədinin icrasının təmin edilməsi məqəsdi ilə həmin avadanlıqlar əvəzinə tələbkarın razılığı əsasında oxşar avadanlıqlar verilməli və ya tələb olunan avadanlıqların əvəzinə dəyəri ödənilməlidir. Bunun üçün də məhkəmə (hakim) icra sənədinin avadanlıqların naturada tələbini onun dəyərinin ödənilməsi tələbi üsuluna dəyişdirməlidir.
3. Tələbkar tərəfindən ərizəyə etiraz daxil olmuşdur.
4. Etiraz onunla əsaslandırılmışdır ki, tərəfin Mülki Prosessual Məcəllənin 231ci maddəsinə istinad etməsi tamamilə əsassızdır və həmin maddə hazırkı vəziyyəti tənzimləmir. Belə ki, həmin maddənin məzmunundan da göründüyü kimi, maddədə qətnamənin icra üsul və qaydasının dəyişdirilməsi tənzimlənir. Hazırkı halda isə, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-2234/2008 saylı iş üzrə 10 dekabr 2008-ci il tarixli qərardadından söhbət gedir ki, həmin qərardad ilə də məhkəmə tərəfindən “Real” Ltd və SOCAR arasında razılaşdırılmış barışıq sazişi təsdiq edilmişdir. MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.” Digər bir tərəfdən qətnamə ilə yalnız məhkəmənin özünün araşdırması ilə gəldiyi nəticə üzrə mövqe ortaya qoyulursa, barışıq sazişi ilə bağlı hal üzrə isə barşıq sazişi tərəflərinin iradə ifadələrinə (qanuna zidd olmamaqla) uyğun tərtib edilmiş barışıq sazişinin məhkəmənin prosessual səlahiyyətlərindən istifadə etməklə təsdiq edilməsindən irəli gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair 23 fevral 2024-cü il tarixli 01/2024-cü il saylı məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” qərardadının 25-ci, 26-cı, 27ci və 41-ci bəndlərinə əsasən: “Göründüyü kimi, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. “Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyrimüəyyənliyin aradan qaldırılmasına yönəlir." (bənd 25). "Mülki qanunvericiliyin məqsədi mülki dövriyyə azadlığını təmin etmək, yəni subyektlərin öz şəxsi mənafelərini həyata keçirməyə hüquqi şəraiti yaratmaqdır (Mülki Məcəllə, maddə 1.1). İstər bu məqsəddən irəli gələn iradə sərbəstliyi (Mülki Məcəllə, maddə 6.1.2) və müqavilə azadlığı prinsipləri (Mülki Məcəllə, maddə 6.1.5 və 390), istərsə də Mülki Məcəllənin 12.2-ci maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər” müddəası onu deməyə əsas verir ki, barışıq razılaşması da mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür.” (bənd 26). “Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Başqa sözlə, şəxslər ifadə etdikləri iradələri ilə özlərinin mülki hüquq və vəzifələrini əmələ gətirir, dəyişdirir və ya xitam edirlər. İradə bəyanı şifahi, sadə yazılı və ya rəsmi (notarial) formada, birtərəfli və ya müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər, məsələn, vəsiyyətnamə, etibarnamə, müqavilə və s. (Mülki Məcəllə, maddə 324.1, 324.2, 389.1, 406).” (bǝnd 27). Beləliklə, barışıq sazişini təsdiqləyən məhkəmə qərardadı bir halda əqdin əmələ gəlməsini və prosessual hüquqi nəticələri təmin edir, digər halda isə yalnız prosessual nəticələr yaradır. (bənd 41) Bütün bunları ümumiləşdirərək: 1. barışıq sazişi əqdin bir növüdür; 2. Tərəflərin iradə ifadələrini əks etdirir; 3. Əqd olaraq barışıq sazişi müqavilə azadlığı prinsipinə uyğun olaraq azad surətdə tərəflərin iradə ifadəsi əsasında bağlanmışdır; 4. Məhkəmə bu iş üzrə prosessual hüququndan istifadə edərək əqdi təsdiqedən rolunda çıxış etmişdir; 5. Qanunvericiliklə məhkəməyə, və ya hər hansı digər quruma bu kimi hallarda əqdin şərtlərinə (qanuna zidd olmamaqla bağlanmış barışıq sazişi üzrə) hər hansı müdaxilə etmək (həmçinin əqdin icra üsul və qaydasını dəyişmək) səlahiyyəti verilməmiş və bu hüquq yalnız tərəflərə məxsusdur. (bənd 42) Göründüyü kimi, sazişin təsdiqləndiyi bütün hallarda barışıq razılaşması üzrə hər hansı iddiaya baxılmır, ona əsaslanan bir tələb (o cümlədən barışıq sazişinin etibarsızlığına dair mübahisə) həll edilmir. O da nəzərə alınmalıdır ki, qərardad işi mahiyyəti üzrə həll edən məhkəmə aktı sayılmır (MPM, maddə 263.1). 3. Bakı Kommersiya Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(81)-2234/2008 saylı icra sənədi üzrə SOCAR tərəfindən "Real LTD” MMC-yə qaytarılmalı olan avadanlıqlar "SOCAR-ın "Kompleks qazma işləri” trestində (Trest) aşkar edilmədiyindən, həmin avadanlıqların tapılması, geri qaytarılması və bununla bağlı qanunamüvafiq tədbirlərin görülməsi üçün trest tərəfindən hüquq mühafizə orqanlarına müraciət olunmuşdur. Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi tərəfindən trestin müraciətinə baxılaraq, xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin işin qeyri-obyektiv araşdırılması ilə bağlı trest tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunmuşdur. Baş Prokurorluğun 03 iyun 2024-cü il tarixli 2-2- 050/2-041073/2024 nömrəli məktubu ilə bu iş üzrə materiallar nəzarət qaydasında tələb olunaraq, Səbail rayon prokurorluğunda öyrənildiyi və qəbul edilmiş qərarın əsassız olması müəyyən edilmişdir. 29 may 2024-cü il tarixdə rayon prokuroru tərəfindən yuxarıda qeyd edilən qərar ləğv edilərək, sənədlər araşdırmanın davam etdirilməsi üçün Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilmişdir. Hazırda iş Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinin icraatındadır. Aidiyyəti qurum tərəfindən bu məsələyə hüquqi qiymət verildikdən sonra Bakı Kommersiya Məhkəməsinin 12 fevral 2021- ci il tarixli 2(81)- 2234/2008 saylı icra sənədinin icrası istiqamətində tədbirlər görüləcəkdir. Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(81)- 2234/2008 nömrəli qərardadı əsasında Bakı Kommersiya Məhkəməsinin 12 fevral 2021-ci il tarixdə verilmiş 2(81)-2234/2008 nömrəli icra vərəqəsi üzrə tələbkar “Real LTD" MMC-nin icra üsulunun dəyişdirilməsi barədə ərizəsi rədd edilməlidir.
5. Bakı Kommersiya Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 8-2(113)- 131/2024 saylı qərardadı ilə Tələbkar MMC tərəfindən verilmiş 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(81)-2234/2008 nömrəli qərardadının icra üsulunun dəyişdirilməsi barədə ərizə təmin edilməmişdir.
6. Qeyd edilən qərardaddan Tələbkar MMC tərəfindən şikayət verilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8-2(113)-131/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
Apellyasiya baxışının həddi
10. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməlidir.
12. Qanunvericiliyin tələbindən göründüyü kimi, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə qətnamənin icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlara və tərəflərin izahatlarına əsasən Bakı Kommersiya Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(81)-2234/2008 saylı icra sənədinin naturada icrasının mümkün olmadığı müəyyən edilmişdir.
13. Bu baxımdan kollegiya hesab edir ki, 1 saylı Bakı Yerli iqtisad Məhkəməsinin 2(81)-2234/2008 nömrəli, 10 dekabr 2008-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadı ilə tələbkara qaytarılmalı olan avadanlıqların dəyəri Tələbkar MMC-yə ödənilməlidir.
14. Eyni zamanda Tələbkar MMC tərəfindən məhkəməyə təqdim edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-573/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)- 694/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(102)-211/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı və BEB № 042959 nömrəli kassa mədaxil orderinin qəbzi və BDZ № 078434 nömrəli qaimə-faktura ilə Tələbkar MMC-yə qaytarılmalı olan avadanlıqların dəyəri 935.716 manat müəyyən edilmişdir.
15. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 8- 2(113)-131/2024 sayl qərardadı ləğv edilməli və ərizə təmin edilməlidir.
16. Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
17. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Tələbkar tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 8-2(113)-131/2024 saylı qərardadı ləğv edilsin. Tələbkar tərəfindən verilmiş ərizə təmin edilsin. 1 saylı Bakı Yerli iqtisad Məhkəməsinin 2(81)-2234/2008 nömrəli, 10 dekabr 2008-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadının icra üsulu dəyişdirilsin və qaytarılmalı olan avadanlıqların dəyəri olan 935.716 (doqquz yüz otuz beş min yeddi yüz on altı) manat Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən tutularaq Tələbkarnə ödənilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.