Məhkəmə qərarları › İş №8-2(103)-10/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-10/2021

18.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-10/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-82/2019 nömrəli iş üzrə 01 iyul 2019-cu il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu "xxxx" MMC-nin ərizəsinin təmin edilməməsinə dair Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-22/2021 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qərardadından borclunun apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı “Sədərək” firması cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21.100 manat təmir xərcləri, 5.000 manat icarə haqqı və 5.000 manat mənəvi zərər olmaqla, cəmi 31.100 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-82/2019 nömrəli iş üzrə 01.07.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMCdən 14.550 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 20 manat məbləğdə hissəsinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza ilə bağlı 120 manat ekspertiza xərcinin müştərək qaydada tərəflərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-874/2019 nömrəli iş üzrə 18.12.2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-168/20 nömrəli iş üzrə 20.05.2020-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin apellyasasiya və kassasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.07.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Borclu "xxxx" MMC hazırkı ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.07.2019-cu il tarixli qətnaməsinin icrasının hər ay 1.000 manatdan az olmamaqla 1 il ərzində iddiaçıya hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.05.2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Qərardadla razılaşmayan borclu ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbinə görə, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən apellyasiya şikayətlərinin məhkəməyə göndərilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir və bu qaydadan istisna nəzərdə tutulmamışdır. İşdə olan Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin 17.05.2021-ci il tarixli qərardadı 31.05.2021-ci il tarixdə borcluya çatdırılmış (iş vərəqi - 45), borclu tərəfindən tərtib olunmuş şikayət isə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməmişdir. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, borclunun şikayəti, MPM-in 10-1.3-cü maddəsinin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 366, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-22/2021 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qərardadından borclu "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar