Məhkəmə qərarları › İş №8-2(103)-10/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-10/2025

16.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-10/2025 16.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-52/2025 saylı qərardadından tələbkar «X4» MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi "X4" MMC Məhdud Məsuliyyətli Cəmiyyəti müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, borclu "xxxx" MMC-nin müqavilə üzrə yaranmış və hələ də ödəniş etməkdən imtina etdiyi ƏDV daxil, cəmi 7489,46 manat borcu həcmində ona məxsus daşınar (o cümlədən cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri və s.) və daşınmaz əmlaklarının özgəninkiləşdirilməsinə dair hərəkətlərin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri tətbiq olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-16(113)-108/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, "xxxx" MMC-nin adına qeydiyyata alınmış 7.489 manat, 46 qəpik dəyərində olan daşınar və daşınmaz əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmış, qərardad icra edilməsi üçün xx.xx.2025-ci il tarixli məktubla Maraqlı şəxsnə göndərilmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarı ilə e-16(113)- 108/2025-013 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbkar “X4” MMC şikayət verərək, Nizami rayon İcra Şöbəsinin icra məmuru Türkan Hümbətzadənin Bakı Kommersiya Məhkəməsinin e-16(113)-108/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı əsasında verdiyi icra vərəqəsi üzrə başlanmış icra işində qərardadın aidiyyəti üzrə borclunun bank hesablarının olduğu banklara göndərilməməsinin qanunsuz hesab edilməsi və icra məmuru tərəfindən sözügedən məzmunlu məktubun borclunun hesablarının olduğu banklara göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmuruna istinadən şifahi olaraq bildirilmişdir ki, MTT qərardadı hazırda yalnız BDYPİ və ƏMDR-ə münasibətdə icra edilmişdir. Borclunun bank hesablarının olduğu banklara da qərardadın aidiyyəti hissədə icra edilməsini xahiş etdikdə isə o, bundan qanunsuz olaraq imtina etmişdir. Səbəbini isə belə əsaslandırmışdır ki, “birbaşa tabe olduğu rəisi hesab edir ki, qərardadın daşınar əmlaklara dair hissədə icrası qanunvericiliklə yalnız borcluya məxsus avtonəqliyyat vasitələrinə münasibətdə” icra olunması üçün aidiyyəti üzrə göndərildiyindən və banklara dair qərardadda hər hansı qeyd nəzərdə tutulmamış və buna görə vəsatət təmin edilə bilməz. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-52/2025 saylı, 14 mart 2025-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-16(113)-108/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Maraqlı şəxs icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə “X4” MMC tərəfindən verilmiş şikayət rədd edilmişdir. Tələbkar “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2025-ci il tarixdə verdiyi şikayət ilə Bakı Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 8-2(1113)- 52/2025 saylı qərardadını ləğv edib, şikayətin tam təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ümumiyyətlə hansı əsasla icra məmuru barəsində şikayət etdiyi hərəkəti icra etməsindən imtina etməsinin hüquqi əsaslarını yoxlamamış, bu barədə araşdırma aparmamışdır. Bunun üçün mümkün idi ki, məhkəmə prosesi təxirə salıb icra məmurunun da iştirakını təmin etsin və onun qərardadın icrasını düzgün başa düşüb-düşməməsini araşdırsın. Məhkəmə ümumiyyətlə araşdırma aparmamışdır ki, icra məmuru borclunun bankda saxlanılan və onun adına qeydiyyata alınmış hər hansı əmlakının olub-olmaması barədə banklara sorğu göndərmişdir ya yox. Çünki bunun müəyyən etmədən məhkəmənin şikayətə “bank hesablarında olan pul vəsaitlərinə həbs qoyulması” kimi yanaşılması şikayətin formal araşdırıldığına dəlalət edir və bununla da məhkəmənin əsas sübut edilməli olan hallardan birinə icra məmurunun nə üçün riayət etməməsini cavabsız qoymuşdur. Hazırki mübahisənin əsasını ilk baxışdan məhkəmənin də qeyd etdiyi kimi borclunun “bank hesbalarındakı pul vəsaitləri üzərinə həbs qoyulması” səslənsə də, məhkəmə nəzərə almalı idi, mümkündür ki, borclunun bankın saxlancında onun adına qeydiyyata alınmış qiymətli əşyaları və ya qiymətli kağızları olsun. Məhkəmə MTT ərizəsinin ilkin təmin edilməsi və hazırki şikayətin rədd edilməsi qərardadlarının hər ikisində “bank hesablarında pul vəsaiti üzərinə həbs qoyulması” ifadələrini işlətmiş və bu ifadə üzərindən əsaslandırma aparmışdır. Halbuki, işin halları borcluya aid daşınar və daşınmaz əmlakların tələb həcmində özgəninkiləşdirilməsinin qadağan edilməsi təşkil etmişdir, əmlakların üzərinə həbs qoyulması deyil. Yəni məhkəmə qərardadın icra edilməli olan "xxxx" MMC-nin adına qeydiyyata alınmış 7.489 manat, 46 qəpik dəyərində olan daşınar və daşınmaz əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi” yekun hissəsinə uyğun icra hərəkətlərinin tam qanuni formada yerinə yetirilməli olduğunu araşdırmalı idi. Halbuki, məhkəmə şikayətə yenə də sanki əmlak üzərinə həbs qoyulması tələb edilmiş prizmasında yanaşmış və bununla da düzgün olmayan qanunsuz və ədalətsiz nəticəyə gəlmişdir. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 8-2(113)- 52/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin yuxarıda istinad edilən xx.xx.2025-ci il tarixli qərardadı ilə, ərizəçi "X4" MMC-nin müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən - "xxxx" MMC-nin adına qeydiyyata alınmış 7.489 manat, 46 qəpik dəyərində olan daşınar və daşınmaz əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi hissəsində təmin edilmiş, cavabdehə məxsus bank hesablarının üzərinə həbs qoyulması hissəsində isə ərizə təmin edilməmişdir. Hazırda tələbkar icra məmurunun həmin qərardadın icrası təmin etmək məqsədilə cavabdehə məxsus bank hesablarında olan pul vəsaitləri və qiymətli kağızların üzərinə həbs qoyulması istiqamətində tədbirlər görməməsinə istinad etməklə icra məmurunun göstərilən hərəkətlərinin qanunsuz hesab edilməsini tələb edir. Kollegiya qeyd edir ki, məhkəmə qərarlarının məcburi icrası qaydalarını və şərtlərini “İcra haqqında” Qanun müəyyən edir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən İcra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. Eləcə də icra qanunvericiliyinin qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanması da bilavasitə həmin Qanunda əks olunmuşdur (1-1-ci maddə). Belə olan halda, “İcra haqqında” Qanunun bütün müddəaları hüquq tətbiqetmə prosesində məhz yuxarıda qeyd olunan prinsiplər rəhbər tutulmaqla tətbiq edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən verilmiş icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə, bütövlükdə məhkəmə qərarlarının icrası üzrə icraata nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra xidmətinin icra məmurunun vəzifəsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Hazırkı halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, tələbkarın müvafiq tələbinə müvəqqəti təminat tədbiri üzrə ərizəyə baxılan zaman münasibət bildirilmiş və həmin hissədə ərizə rədd edilmişdir. Belə olan halda isə icra məmuru tərəfindən bank hesablarında olan vəsait üzərinə həbs qoyulmamasının icra sənədinin icrası ilə bağlı yol verdiyi qanunsuz hərəkətsizlik kimi qiymətləndirilməsi üçün əsas yoxdur. Odur ki, kollegiya hesab edir ki, şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Qərardaddan şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-52/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar