Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-11/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Borclu "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş “qətnamənin hissə-hissə icrası” barədə ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 8-2(113)-40/2024 nömrəli qərardadından borclu "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Borclu "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı “qətnamənin icra üsulunun dəyişdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin hissəhissə hər ay 5000 manat ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, iddiaçı Tələbkar QSC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən GS -17/20 nömrəli, 12 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsinə, xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixinədək göndərilən qaimələrə əsasən çatdırılan malların dəyəri olan 385475,91 manat, bu ödənişlərə əlavə olaraq mediasiya sessiyasında iştirak etməmələri səbəbindən iddiaçının ödədiyi 400,00 manat mediasiya xərci, ümumilikdə 385875,91 manat, buna əlavə olaraq işin məhkəmədə baxılmasına dair ödənilən dövlət rüsumunun və proses zamanı yaranacaq digər xərclərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(103)-4315/2022 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qərarı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(103)- 4315/2022 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8-2(113)-40/2024 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Borclu həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilmişd qərardad əsassızdır və həqiqətə uyğun deyil. Biz SOCAR-a yazdığımız ərizədə tələbkarın haqqında ona görə şər-böhtan sözləri ifadə etmişik ki, tələbkar bizim haqqımızda SOCAR-a bizə uyğun olmayan, aid olmayan sözlər ifadə etmişdir ki, guya bizim SOCAR-dan alacağımız var, SOCAR bizim alacağımı geri ödəmir, biz də SOCAR-ın haqqında tələbkar şirkətə narazılıq doğuran sözlər ifadə etmişik. Lakin biz SOCAR haqqında tələbkar şirkətə hər hansı bir söz ifadə etməməyimizə baxmayaraq tələbkar özündən belə uydurma, şərböhtan sözlər ifadə etmişdir SOCAR-a. O nöqteyi-nəzərdən biz də bunu şər-böhtan hesab edirik, əsassızdır və SOCAR-a da bildirmişik. SOCAR da onlara xəbər verib ki, bu şirkət sizin haqqınızda belə ifadələr yazıb. Yazmışıq, bəli. Doğru yazmışıq. Onlar bizim üzərimizə şərböhtan atırlar. Bu qədər. O ki, qaldı borc məsələsinə, biz tələbkara olan borcu inkar etmirik. Sadəcə olaraq bizim hazırki vəziyyətdə tələbkarın borcunu tam şəkildə ödəmək maddi maliyyə imkanımız yoxdur. Məhz qanunvericiliyin müvafiq müddəalarını əsas tutmaqla borcun hissə-hissə ödənilməsi barədə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişik. Bakı Kommersiya Məhkəməsi də əsassız olaraq bizim ərizəni təmin etməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8-2(113)-40/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya icraatı zamanı tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən şikayətə yazılı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır: Bildirmək istəyirik ki, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-40/2024-014 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından borclu Technicon Fze Şirkətinin Azərbaycan Respublikasindaki Filialı tərəfindən verilmiş şikayət 8-2(103)- 11/2024 nömrəli iş Sizin icraatınızdadır. Belə ki, "xxxx" Şirkətinin Azərbaycandakı Filialı zərərlə işlədiyini və aylıq xərclərinin olmasını əsas gətirərək vermiş olduğu icra sənədi üzrə borcun hissə-hissə icra edilməsi ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-4315/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi və borcludan Tələbkar QSC-nin xeyrinə tutulmalı olan məbləğin hissə-hissə hər ay 5000 (beş min) manat məbləğində ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir ki, birinci instansiyada da vermiş olduğumuz əsaslı səbəblərlə və məhkəmənin obyektiv, düzgün qiymətləndirməsi ilə borclunun ərizəsi təmin edilməmişdir. Borclu isə qərardaddan apellyasiya şikayəti verərək, məhkəmə qərardadını əsassız hesab etmiş və ləğv edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsində vermiş olduğumuz etiraza uyğun olaraq borclunun vermiş olduğu apellyasiya şikayətinə münasibətdə bildiririk ki, Tələbkar QSC-nin Technicon FZCO şirkətinin Azərbaycandakı filialına qarşı pul tələbi Bakı Kommersiya məhkəməsinin xx.xx.2022-ci il tarixli № e-2- 2(113)-4315/2022 nömrəli qətnaməsi ilə təmin edilmiş və Technicon FZCO şirkətinin Azərbaycandakı filialın apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(103)-546/2023 nömrəli qətnaməsi ilə təmin edilməmiş və kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il № 2-2(103)-546/2023 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Hazırda müvafiq məhkəmə qətnaməsinin icrası Xətai rayon İcra və Probasiya şöbəsinin icraatındadır. Göründüyü kimi müvafiq mübahisə üzrə iddia tələbi üzrə 2022-ci ilin iyul ayında məhkəməyə müraciət olunmuş, 2023-cü ilin avqust ayında isə iş yekunlaşmışdır. Mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin və icra sənədinin olmasına baxmayaraq, borclu müxtəlif yollarla qətnamənin icrasından yayınmış, manelər yaratmışdır. Belə ki, "xxxx" Şirkətinin Tələbkar QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair əsassız iddiası və bu iddia üzrə müvəqqəti təminat tədbirinə dair ərizəsi də Bakı Kommersiya Məhkəməsi tərəfindən rədd olunmuşdur (e-2-2(113)-1765/2024 nömrəli xx.xx.2024-cü il tarixli icraata xitam verilmə barədə qərardad və e-16(113)-132/2024 nömrəli xx.xx.2024-cü il tarixli müvəqqəti təminat tədbiri barədə ərizənin rədd edilməsi barədə qərardad). Bundan başqa tərəfimizdən borclunun müştərisi olan "xxxx" MMC-yə borcun ödənilməsi ilə bağlı müraciətimiz əsasında borclunun xx.xx.2024-cü il tarixli məktubu üzrə cavabı belə olmuşdur ki, Tələbkar QSC tərəfindən borcun tələb olunması həqiqətə uyğun deyil, tamamilə şərböhtandır. Göründüyü kimi bir ay bundan əvvəl borclunun bu borcu yalanlaması, şər böhtan adlandırıb, daha sonra hissə-hissə icrasını tələb etməsi birbaşa onun məhkəmə qətnaməsinin icrasından yayınma niyyətinin göstəricisidir. Ən əsası məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi aylıq xərclərini qarşılamaq üçün borclunun kifayət qədər maliyyət vəsaiti vardır və nəticə etibarilə borc məbləğini hissəhissə olmadan da icra edə bilər. Ən əsası nəzərinizə çatdırmaq istəyirik ki, borclu müvafiq məhkəmə qətnaməsinin icrası ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1584/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə İXM-nin 528.1-ci maddəsi ilə 3000 manat məbləğində cərimələnmişdir. Göründüyü kimi borclu öz öhdəliyini heç bir üzrsüz səbəb olmadan icra etmir və eyni zamanda icra etməmək üçün süni manelər də yartamaq istəyir. Technicon FZCO şirkətinin Azərbaycandakı filialı tərəfindən olunan bu əsassız və süni manelərin məhkəmə tərəfindən qarşısı alınsa da, hələ də borclu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını ləngidir və birbaşa qətnamənin icrasından yayınır. Nəzərə alsaq ki, mübahisəli iş 2022-ci ildən məhkəmənin icraatında olmuş və 1 ilə yaxın müddətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var, bu müddət ərzində borclu vicdanlı olaraq borc məbləğini hissə-hissə olmaqla ödəmək niyyətində olsaydı, müvafiq addımlar ataraq, ödənişlər edərdi. Hazırki vəziyyətdə borclunun borc məbləğini hissəhissə ödəməsi ilə bağlı irəli sürdüyü əsassız iddiaları məhkəmə qətnaməsinin icrasını gecikdirməkdən başqa məqsəd daşımır. Əksinə borclunun bu əsassız hərəkətləri ilə məhkəmə qətnaməsinin hissə-hissə icra olunması tələbi üzrə 239.286,71 manat məbləğində borcun hər ay 5000 manat olaraq icrası Tələbkar QSC-nin qanunla təmin olunan hüquqlarının pozulmasına, tələbkarın maliyyə vəziyyətinin daha da pisləşməsinə və nəticə olaraq əhəmiyyətli dərəcədə çətinləşməsinə səbəb olacaqdır. Belə ki, 239.286,71 manat məbləğində borcun hər ay 5000 manat olaraq ödənilməsi məhkəmə qətnaməsinin 47 aydan çox, təxmini 4 il müddətinə icrasına gətirib çıxarır ki, bu da artıq 2 ildən çoxdur davam edən bu mübahisənin həllinə, tələbkarın hüquqlarının təmin olunmasına ciddi şəkildə mane yaradacaqdır. Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, borclunun vermiş olduğu apellyasiya şikayəti rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə hesab etmişdir ki, məhkəmə qərarlarının icra edilməməsi ədalət mühakiməsinə çatımı məhdudlaşdırır. O, əsas hüquqların müdafiəsinə xələl gətirə və fərdləri səmərəli məhkəmə müdafiəsindən məhrum edə bilər. Bu baxımdan məhkəmə qərarlarının icra edilməməsi həm də qanunun aliliyinə xələl gətirmiş olur. İnsan hüquqları haqqında Ümumi Bəyyannamənin 8-ci maddəsinə əsasən isə, hər bir şəxs Konstitusiyanın və qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağılabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Baxılan məsələ ilə bağlı İnsan hüquqları üzrə Avropa məhkəməsinin təcrübəsi də maraq doğurur. Bu məhkəmə Xornsbin Yunanıstana qarşı iş üzrə qəbul etdiyi 1997-ci il 19 mart tarixli qərarında qeyd edir ki, iştrakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyal xarakterli olacaqdır...Hər hansı bir məhkəmə tərəfindən çıxarılmış qərarın icrası həmin maddədə nəzərdə tutulmuş “məhkəmə icraatı” anlayışının ayrılmaz tərkib hissəsidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, hazırkı ərizənin təmin edilməsi tələbkarın mənafeyinə ciddi xələl gətirməklə, məhkəmə aktlarının vaxtında icra edilməməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin də bir çox qərarlarında dəfələrlə vurğuladığı kimi ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi prinsipini pozur. Bu səbəbdən Məhkəmə belə nəticəyə gəlmişdir ki, ərizənin təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Ona görə də, şikayət təmin edilməməli və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göründüyü kimi məhkəmə ərizəni rədd edərkən haqlı olaraq tələbkarın mənafeyini, ərizəyə etirazını nəzərə almış və əsas götürmüşdür. Məhkəmə kollegiyası şikayətə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göründüyü kimi, qanunverici, qətnamənin icrasına möhlət verməyi və ya onun hissəhissə icra etdirməsini, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə kollegiyası vurğulayır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion prinsipi məhdudlaşdırdığına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə ərizələrin təmini müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının pozulmasına yönəlməməlidir. Hazırkı işdə borclu icra sənədinin icrasının mümkün olmamasının səbəbi kimi göstərdiyi halları təsdiqləyən sübutları (əmlak və maliyyə vəziyyəti (aktiv, passiv), qazancı və ya borcu barədə sənədlər və s.) məhkəməyə təqdim etməmişdir. Belə olan halda, tələbkarın da etirazı nəzərə alındıqda ərizənin təmin edilməsi məhkəmə qərarının məcburi icrası prinsipinin əsassız məhdudlaşdırılmasına səbəb olardı. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə qeyd etmişdir ki, “Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı.” Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır. MPM-in 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə kollegiya qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, qətnamənin hissə-hissə icrası barədə ərizə əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 8-2(113)-40/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8-2(103)-11/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-11/2024
23.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver