Məhkəmə qərarları › İş №8-2(103)-12/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-12/2021

06.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-12/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Tələbkar nümayəndəsi X1, Borclu MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə icra vərəqəsinin icrası ilə bağlı barışıq sazişinin təsdiq edilməsinə dair Bakı şəhəri Nizami rayon icra şöbəsinin təqdimatının təmin edilməməsi barədə Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-33/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qərardadından borclunun şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-370/2020 nömrəli iş üzrə 18.08.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-51/2019 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14.01.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin olunmuş, iddiaçı ilə cavabdeh Borclu MMC arasında bağlanmış 062 nömrəli 22.01.2008-ci il tarixli və 800 nömrəli 22.07.2008-ci il tarixli icarə müqavilələri ləğv edilmişdir. Qətnamənin icra olunması üçün 19.03.2021-ci il tarixdə icra vərəqəsi verilmiş və Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsi 30.06.2021-ci il tarixli təqdimatla Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında 07.04.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.07.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmiş, barışıq sazişi təsdiq edilməmişdir. Qərardadla razılaşmayan borclu ondan şikayət verərək, ləğv edilib, təqdimatın təmin edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09.08.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlillərinə görə, məhkəmə nəzərə almamışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olması həmin məhkəmə aktının icrası mərhələsində tərəflər arasında barışıq sazişinin bağlanması mümkünlüyünü və barşıq sazişinə əsasən tələbkarın ona məxsus olduğu tələbdən imtina etməsini istisna etmir. Tam əksinə, “İcra haqqında” AR Qanununun 20.1.2-ci maddəsində tələbkar ilə borclu arasında icra sənədi üzrə barışıq sazişinin bağlanması mümkünlüyü birbaşa olaraq qeyd edilir. İşə apellyasiya qaydasında baxılarkən borclunun nümayəndəsi şikayətə uyğun izahat vermiş, tələbkarın nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Tərəflər arasında aşağıdakı məzmunda 07.04.2021-ci il tarixli barışıq sazişi bağlanmışdır: “Bir tərəfdən Tələbkar adlandırılacaq Tələbkar, digər tərəfdən isə Borclu adlandırılacaq “NEO-ŞÜVƏLAN” MƏHDUD MƏSULİYYƏTİ CƏMİYYƏT (VÖEN: **********) Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin No.2-2(103)-370/2020 saylı 18 avqust 2020-ci il tarixli qətnaməsinin icrası məqsədi ilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş No.2-2(103)-370/2020 savlı 19 mart 2021-ci il tarixli icra vərəqəsini və həıniıı icra vərəqəsi əsasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Elman İsrafilovun icraata başlamaq haqqında 01 aprel 2021-ci il tarixli qərarını (icra işinin nömrəsi: (e67830/2021-7-5-004) müzakirə edərək, aşağıdakı şərtlər əsasında barışıq sazişi bağladılar:

1. Tələbkar Borcluya qarşı Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş No.2- 2(103)- 370/2020 saylı 19 mart 2021-ci il tarixli icra vərəqəsi üzrə malik olduğu tələbindən, yəni tələbkar ilə borclu arasında bağlanmış 22 yanvar 2008-ci il tarixli 062 nömrəli və 22 iyul 2008-ci il tarixli 800 nömrəli icarə müqavilələrinin ləğv edilməsi tələbindən tam şəkildə imtina edir.

2. Tələbkar və Borclu 22 yanvar 2008-ci il tarixli 062 nömrəli və 22 iyul 2008-ci il tarixli 800 nömrəli torpaq icarə müqavilələri üzrə icarə münasibətlərini həmin icarə müqavilələrinin əsasında davam etdirmək barədə razılaşırlar.

3. Borclu 22 yanvar 2008-ci il tarixli 062 nömrəli və 22 iyul 2008-ci il tarixli 800 nömrəli torpaq icarə müqavilələri üzrə icarəyə götürdüyü torpaq sahəsində aşağıdakı işləri görməyi öz öhdəsinə götürür: a. 25 hektar torpaq sahəsində əlavə nar ağacları əkmək; b. əlavə su rezervuarı qazmaq; c. 25 hektar torpaq sahəsi üçün yeni irriqasiya sistemi qurmaq; d. 25 hektar torpaq sahəsi üçün yeni su nasosu quraşdırmaq; e. torpaq sahəsində çalışan işçilərin sayını artırmaq; f. 1 (bir) ədəd traktor əldə etmək; və g. çeşidləmə-qutulaşdırma sexi və müvafiq ofis binasını tikmək, bu şərtlə ki, müvafiq dövlət orqanları belə tikinti üçün müvafiq icazə və razılıqları vermiş olsun.

4. Borclu X6nin 3-cü maddəsində göstərilmiş öhdəliklərinin icrasına hazırkı Barışıq Sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş No.2-2(103)-370/2020 saylı 19 mart 2021-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarının qanuni qüvvəyə mindiyi gündən sonra mərhələli şəkildə başlayır.

5. Hər bir halda Borclu X6nin 3-cü maddəsində göstərilmiş öhdəliklərinin icrasını hazırkı Barışıq Sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş No.2-2(103)-370/2020 saylı 19 mart 2021-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarının qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla aşağıdakı müddət ərzində tamamlamalıdır: a. 3-cü maddənin “a”-“d” bəndlərində göstərilmiş öhdəliklər - 12 (on iki) ay ərzində; b. 3-cü maddənin “e” – “f” bəndlərində göstərilmiş öhdəliklər – 24 (iyirmi dörd) ay ərzində; və c. 3-cü maddənin “g” bəndində göstərilmiş öhdəliklər – 36 (otuz altı) ay ərzində.

6. Borclu X6 üzrə öhdəliklərinin icrası barədə hər təqvim ilində 1 (bir) dəfə olmaqla Tələbkara yazılı məlumat verməlidir.

7. X6 üzrə Borclunun öhdəliklərinin icrası ilə tanış olmaq üçün Tələbkar torpaq sahəsinə Borclunun səlahiyyətli nümayəndələrinin iştirakı ilə baxış keçirə bilər. Torpaq sahəsinə keçirilən baxış barədə Tələbkar Borcluya 5 (beş) iş günü qabaqcadan yazılı məlumat verməlidir.

8. Tərəflərin X6 üzrə öhdəliklərinin icra edilməməsi və ya icrasının gecikdirilməsi onların iradəsindən birbaşa və ya dolayısı ilə asılı olmayan hal səbəbindən (o cümlədən, lakin bunlarla məhdudlaşmadan tətillər, üsyanlar, işin dayandırılması, əmək mübahisələri, hadisələr, müharibə və terror aktları, mülki və hərbi iğtişaşlar, təbiət hadisələri, epidemiyalar, dayanmalar, kommunal və kommunikasiya xətlərinin və avadanlığın (o cümlədən suyun təchizatının) itirilməsi və ya zədələnməsi, dövlət orqanlarının və dövlət hakimiyyəti funksiyalarını həyata keçirən şəxslərin və qurumların qərarları) baş verdiyi təqdirdə Tərəf öhdəliyin belə icra edilməməsi və ya öhdəliyin icrasının gecikdirilməsinə məsuliyyət daşımır (bundan sonra “Fors-Major Halı).

9. Fors-Major halı səbəbindən öhdəliyinin icrasını həyata keçirə bilməyən və ya vaxtında həyata keçirə bilməyən Tərəf (bundan sonra "X5” adlanacaq) digər Tərəfə (‘’X3” adlanacaq) yazılı bildiriş təqdim etməlidir. Yazılı bildirişdə Fors-Major Halı təsvir edilməli və Fors-Major Halının onun hansı öhdəliyinin icrasına təsir etdiyi bildirişdə göstərməlidir. X5 belə yazılı bildirişi Fors-Major Halının onun öhdəliyinin icrasına təsir etdiyini bildikdən sonra 15 (on beş) iş günü ərzində X2 göndərməlidir. X5 Fors-Major Halının onun öhdəliyinin icrasına təsirinin bitməsindən mümkün qədər qısa zamanda öz öhdəliyinin icrasına başlamalıdır.

10. Hər bir tərəfin icra sənədi üzrə icraat işi ilə əlaqədar çəkdiyi bütün xərcləri onun özünə aid edilir və tərəflər bu xərclərin əvəzini bir-birinə ödəmirlər.

11. X6 imzaladıqdan dərhal sonra Tərəflər X6nin Bakı Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilməsi üçün müvafiq ərizələr ilə birlikdə onu Bakı Apellyasiya Məhkəməsinə və Bakı şəhəri Nizami rayon İcra şöbəsinə təqdim edirlər. Tərəflər X6nin məhkəmə tərəfindən təsdiq edilməsi üçün qanunla tələb olunan bütün hərəkətləri vaxtında icra etməyi öhdəsinə götürürlər

12. Barışıq Sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin nəticələri tərəflərə aydındır.

13. X6 dörd nüsxədə imzalanmışdır: bir nüsxə məhkəməyə, bir nüsxə icra məmuruna, digər nüsxələrin hər biri Tərəflərə təqdim edilir.” “İcra haqqında” Qanunun 20-ci maddəsinə görə: 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad ləğv edilməli, təqdimat təmin edilməli, barışıq sazişi təsdiq edilməli, şikayət təmin edilməlidir (MPM-in 398.0.3-cü maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-33/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin 30 iyun 2021-ci il tarixli təqdimatı təmin edilsin. Tələbkar ilə Borclu MMC arasında bağlanmış 07 aprel 2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Borclunun şikayəti təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar