Məhkəmə qərarları › İş №8-2(103)-13/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-13/2021

15.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-13/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, tələbkar “Holcim (Azərbaycan)” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin Bakı Kommersiya Məhkəməsinin e-2- 2- 2(113)-519/2021 saylı 18 fevral 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı “borclunun əmlakının üzərinə həbs qoyulması” barədə təqdimatı üzrə Bakı Kommersiya Məhkəməsinin 14.07.2021-ci il tarixli, 8-2(113)-31/2021 saylı qərardadından (hakim Ülkər Həsənova) tələbkar “Holcim (Azərbaycan)” ASC tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Holcim (Azərbaycan)” ASC cavabdeh Borclu1 MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, 22.05.2020-ci il tarixində bağlanmış ********** saylı alqı-satqı müqaviləsi üzrə 324410.6 manat məbləğində əsas borcun, 36286.1 manat cərimə məbləğinin, cəmi 360696.7 manat məbləğində borcun və köçürülmüş dövlət rüsumuna görə 30 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-519/2021 saylı, 18.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 22.05.2020-ci il tarixində bağlanmış O000772385 saylı alqı-satqı müqaviləsi üzrə 324410,6 manat məbləğində əsas borcun, 10000 manat cərimə məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Daha sonra Xətai rayon İcra Şöbəsinin böyük icra məmuru Mehdi Zeynalov təqdimatla məhkəməyə müraciət edərək, məcburi icra tədbiri kimi borclunun avtomobillərinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.07.2021-ci il tarixli, 8-2(113)-31/2021 saylı qərardadı ilə təqdimat qismən təmin edilmiş və borclu " AGT Menegment, Məsləhət və Tikinti Xidmətləri” MMC-yə məxsus olan 01 ədəd “Kran XCMG” markalı, 2013-cü il buraxılışlı, AZ 10S-918 dövlət qeydiyyat nişanlı kranın üzərinə həbs qoyulmuşdur. Tələbkar “Holcim (Azərbaycan)” ASC Bakı Kommersiya Məhkəməsinin 14.07.2021-ci il tarixli, 8-2(113)-31/2021 saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və e-2-2(113)-519/2021-037 nömrəli 18.02.2021-ci il tarixli icra sənədi üzrə borclunun avtomobillərinin üzərinə həbs qoyulmasına dair təqdimatın tam təmin edilməsini xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, üzərinə həbs qoyulmuş kran avtonəqliyyat vasitəsi deyildir, lakin məhkəmə təqdimatın predmetindən kənara çıxaraq təqdimatda göstərilməyən kran texnikasının üzərinə həbs qoymuş, bundan əlavə, borclu tərəfindən həmin kranın dəyərini müəyyən etmək məqsədilə təqdim edilmiş qiymətləndirmə rəyi əsassız olmaqla borclunun mənafeyinə xidmət edir. Bakı Kommersiya Məhkəməsinin 13.08.2021-ci il tarixli, 8-2(113)-31/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması 15.09.2021-ci il tarixə təyin edilmiş, işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq borclu və İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tələbkar “Holcim (Azərbaycan)” ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 14.07.2021-ci il tarixli, 8-2(113)-31/2021 saylı qərardadı dəyişdirilməli, Xətai rayon İcra Şöbəsinin təqdimatı qismən təmin edilərək Bakı Kommersiya Məhkəməsinin e-2- 2-2(113)- 519/2021 saylı 18 fevral 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu "AGT Menegment, Məsləhət və Tikinti Xidmətləri” MMC-nin mülkiyyətində olan 2008-ci ildə istehsal olunan, ağ rəngli “HİDRO MAK Yarımqoşqu” markalı 10ZH042 dövlət qeydiyyat nişanlı sement qarışdıran maşın, 2006-cı ildə istehsal olunan, ağ rəngli “Mercedes Benz 3028B” markalı, xüsusi təyinatlı, 90JP401 dövlət qeydiyyat nişanlı beton qarışdıran maşın, 2006-cı ildə istehsal olunan, ağ rəngli “Mercedes Benz 3028B” markalı, xüsusi təyinatlı, 90JP402 dövlət qeydiyyat nişanlı beton qarışdıran maşın üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Xətai rayon İcra Şöbəsinin təqdimatından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2-2(113)-519/2021 saylı 18 fevral 2021-ci il tarixli icra sənədinə əsasən borclu "AGT Menegment, Məsləhət və Tikinti Xidmətləri” MMC-dən 334410,06 manat məbləğində pul və 10.000 manat cərimə tutularaq “Holcim (Azərbaycan)” ASCnin hesabına ödənilməlidir. Borclu icra sənədini icra etməmiş, məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün müvafiq sorğular verilmiş və borclunun mülkiyyətində müxtəlif maşınlar olduğu müəyyən edilmişdir. Borluya məxsus maşınlarla barədə dövlət reyestrindən çıxarışdan məlum olur ki, Borclu1 MMC-nin adına müxtəlif markalı ümumilikdə 16 ədəd nəqliyyat vasitəsi aşkar edilmişdir “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə yol verilir. Həmin Qanunun 43-cü maddəsinə əsasən, məcburi icra tədbirlərindən biri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Təqdimata birinci instansiya qaydasında baxılarkən borclunun nümayəndəsi tərəfindən təqdim edilmiş “Bakı Qiymətləndirmə Mərkəzi”nin BGM-40 nömrəli, 08.07.2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən Kran XCMG markalı, 2013-cü il buraxılış, AZ 10S-918 dövlət qeydiyyat nişanlı texnikanın bazar dəyəri 450.000 manat müəyyən edilmişdir. Rəyə kranın 2017-ci il tarixli qeydiyyat şəhadətnaməsinin surəti əlavə edilmişdir. Həmin kserosurətdə Kran XCMG markalı, 2013-cü il buraxılış, AZ 10S- 918 dövlət qeydiyyat nişanlı texnikanın borclunun xüsusi mülkiyyətində olduğu qeyd edilmişdir. Borclunun nümayəndəsi qeyd edilən texnikanın dəyərinin borcun ödənilməsi üçün kifayət etdiyi bildirərək yalnız həmin texnikanın üzərinə həbs qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi borclunun mövqeyi ilə razılaşaraq təqdimatın qismən təmin edilməsi, yalnız borcluya məxsus Kran XCMG markalı, 2013-cü il buraxılış, AZ 10S-918 dövlət qeydiyyat nişanlı kranın üzərinə həbs qoymuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. İlk öncə qeyd olunmalıdır ki, borclunun mülkiyyətində nəqliyyat vasitələri və texnikaların rəsmi reyestrdə olan siyahısında məhkəmə tərəfindən üzərinə həbs qoyulmuş kranın olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə yalnız kserosurət olan qeydiyyat şəhadətnaməsinə istinad edərək qeyd edilən texnikanın borclunun mülkiyyətində olması qənaətinə gəlmişdir. Halbuki həmin şəhadətnamə 2017ci ildə verildiyindən üzərinə həbs qoyulmuş kranın hazırda borclunun mülkiyyətində olmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, məhkəmə təqdimatı qismən təmin edərkən borclunun rəsmi reyestrdə qeydə alınmış və siyahısı təqdimata əlavə edilmiş avtomaşınların üzərinə həbs qoyulması barədə qərardad qəbul etməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Məhkəmə borcludan tutulmalı olan borc məbləğinin cəmi 344410,06 manat olduğunu nəzərə alaraq hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasının təmin edilməsi üçün borclunun mülkiyyətində olan və məhkəməyə təqdim edilmiş siyahıdakı ilk üç nəqliyyat vasitəsi üzərinə həbs qoyulması gözlənilən məqsədə nail olmaq üçün ağlabatan və mütənasib tədbir hesab oluna bilər. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 14.07.2021-ci il tarixli, 8-2(113)-31/2021 saylı qərardadı dəyişdirilməli, Xətai rayon İcra Şöbəsinin təqdimatı qismən təmin edilərək Bakı Kommersiya Məhkəməsinin e-2- 2-2(113)-519/2021 saylı 18 fevral 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu "AGT Menegment, Məsləhət və Tikinti Xidmətləri” MMC-nin mülkiyyətində olan 2008-ci ildə istehsal olunan, ağ rəngli “HİDRO MAK Yarımqoşqu” markalı 10ZH042 dövlət qeydiyyat nişanlı sement qarışdıran maşın, 2006cı ildə istehsal olunan, ağ rəngli “Mercedes Benz 3028B” markalı, xüsusi təyinatlı, 90JP401 dövlət qeydiyyat nişanlı beton qarışdıran maşın, 2006-cı ildə istehsal olunan, ağ rəngli “Mercedes Benz 3028B” markalı, xüsusi təyinatlı, 90JP402 dövlət qeydiyyat nişanlı beton qarışdıran maşın üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Tələbkar “Holcim (Azərbaycan)” ASC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 14.07.2021-ci il tarixli, 8-2(113)-31/2021 saylı qərardadı dəyişdirilsin. Xətai rayon İcra Şöbəsinin təqdimatı qismən təmin edilərək Bakı Kommersiya Məhkəməsinin e-2- 2-2(113)-519/2021 saylı 18 fevral 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu "AGT Menegment, Məsləhət və Tikinti Xidmətləri” MMC-nin mülkiyyətində olan 2008-ci ildə istehsal olunan, ağ rəngli “HİDRO MAK Yarımqoşqu” markalı 10ZH042 dövlət qeydiyyat nişanlı sement qarışdıran maşın, 2006-cı ildə istehsal olunan, ağ rəngli “Mercedes Benz 3028B” markalı, xüsusi təyinatlı, 90JP401 dövlət qeydiyyat nişanlı beton qarışdıran maşın, 2006-cı ildə istehsal olunan, ağ rəngli “Mercedes Benz 3028B” markalı, xüsusi təyinatlı, 90JP402 dövlət qeydiyyat nişanlı beton qarışdıran maşın üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar