Məhkəmə qərarları › İş №8-2(103)-13/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-13/2022

14.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-13/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-33/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından borclu "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Borclu "xxxx" MMC şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5705/2021 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra ödənişinin alınması haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 5705/2021 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tutulmuş məbləğlərin borclunun hesabına geri ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC şirkətinə qarşı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia tələbi Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5705/2021 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilmişdir. Bakı Kommersiya Məhkəməsinin həmin qərarına əsasən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixinə qeyd olunan 205081.36 manat məbləğində dövlət büdcəsinə ödənilməmiş borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədilə 223882.05 manat dəyərində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması və 100 manat dövlət rüsumunun tutularaq ödənilməsi qət edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən xx.xx.2021-ci il tarixinə hesablanmış e-2-2(113)-5705/2021 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 205081.36 manat ödənilməmiş borc məbləği Nizami rayon İcra şöbəsinə yönəldiyi tarixdən əvvəl tam olaraq ödənilmişdir. Bu barədə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Şəxsi hesab vərəqəsindən çıxarış əlavə olunaraq həmin tarixdə şikayət ərizəsi ilə bilikdə Nizami rayon İcra şöbəsinə könüllü icra müddəti dövründə bildirilmişdir və əlavə olaraq ödəniş tapşırıqları üzrə Bank tərəfindən təsdiq olunmuş çıxarışlar təqdim edilmişdir. Vergilər Nazirliyinin rəsmi AVİS-dən "xxxx" MMC üzrə xx.xx.2022-ci il tarixli şəxsi hesab vərəqəsindən çıxarışa əsasən xx.xx.2022-ci il tarixinə "xxxx" MMC tərəfindən xx.xx.2021-xx.xx.2022 tarixləri üzrə dövlət büdcəsinə 659195.70 manat məbləğində pul vəsaiti ödənilmişdir və vaxtı ötmüş borcu-O (yoxdur) göstərilmişdir. Lakin icra sənədi üzrə icraata xitam verilməsi üçün Nizami rayon İcra şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Zaur Həmzəyev tərəfindən Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəsmi informasiya sistemindən elektron çıxarışın yox, əlavə olaraq həmin idarənin blankında imzalı möhürlü sənədin təqdim olunmasını tələb etmişdir. Məhz bu səbəbdən də əlavə olaraq "xxxx" MMC tərəfindən Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə müvafiq təsdiq olunmuş arayışların çıxarışların təqdim olunması ilə rəsmi məlumat verilməsi üçün müraciət edilmişdir. Həmin müraciətlər nəticəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2022-ci il tarixli **********54800 nömrəli “ödənilmiş vergilər haqqında” və eyni xx.xx.2022-ci il tarixli **********199400 nömrəli “müraciətə baxılması barədə” rəsmi məktublardan və həmin idarə tərəfindən təsdiq olunmuş əlavələrdə göstərilmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2021ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 659819.00 manat Vergi məbləği, 13944.00 manat Sosial sığorta haqları və 56134.99 manat İcbari tibbi sığorta haqları dövlət büdcəsinə ödənilmişdir. Həmçinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən rəsmi təsdiq olunmuş "xxxx" MMC-nin Şəxsi hesab vərəqəsindən çıxarışında vaxtı ötmüş borcun olmadığı göstərilmişdir. Beləliklə də, xx.xx.2022-ci il tarixinə e-2-2(113)-5705/2021 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 205081.36 manat məbləğində iddia tələbi üzrə faktiki 659819.00 manat məbləğində və həmçinin e-2- 2(113)-5721/2021 saylı xx.xx.2021ci il tarixli icra sənədi üzrə 15679 manat məbləğində iddia tələbi üzrə faktiki 56134.99 manat məbləğində pul vəsaiti “VİP STATUS" MMC tərəfindən dövlət büdcəsinə ödənilmişdir. xx.xx.2022-ci il tarixində könüllü icra barədə bildiriş aldıqdan sonra dərhal Nizami rayon İcra şöbəsinə borcunun olmadığı barədə xx.xx.2022-ci il tarixində şikayət ərizəsi ilə və təkrar xx.xx.2022-ci il tarixdə ərizə ilə birlikdə qeyd olunmuş Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin cavab məktubları və əlavə edilmiş sənədləri təqdim olunmuşdur. Bütün bunlara baxmayaraq e-2-2(113)-5705/2021 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Nizami rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə icra ödənişin 7 faizi həddində təqdim etdiyi inkasso üzrə "xxxx" MMC şirkətinin bank hesabına sərəncan verilmişdir. Eyni zamanda xx.xx.2022- ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə e-2-2(113)- 5705/2021 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkət və hərəkətsizliyinə dair şikayət ərizəsi ilə müraciət edilmişdir. Nəticə etibarı ilə, Nizami rayon İcra şöbəsi tərəfindən müvafiq banklara göndərilən xx.xx.2022-ci il tarixli məktublarına əsasən inkaso sərancamlarının icrasının dayandırılması və qaytarılması xahiş olunmuşdur. Lakin Nizami rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə yenidən müvafiq banklara inkasso sərancamları, icra vərəqəsi və borclu "xxxx" MMC-dən 205081.36 manat tutularaq Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə ödənilməsi və 14356.00 manat icra ödənişlərinin alınması haqqında qərar göndərilmişdir. Bununla da "xxxx" MMC şirkətinə ziyan vurularaq hüquqları pozulmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Əmlakın siyahıya alınması haqqında’' xx.xx.2021-ci il tarixli **********5 Qərarı əsasında qətnamənin qəbul edildiyi xx.xx.2022-ci il tarixində artıq Vergilər Məcəlləsinin 89.12-ci maddəsinə əsasən öz qüvvəsini itirmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8-2(113)-33/2022 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Borclu "xxxx" MMC həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 5705/2021 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 205.081,36 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 223.882,05 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq harracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə ödənilməmiş 205.081,36 manat məbləğində borcun tutulması, satışdan artıq qalan məbləğin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması, dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nizami rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli “İcra ödənişinin alınması haqqında” qərarı ilə borcludan 14356 manat məbləğində icra ödənişinin alınması qərara alınmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövlət büdcəsinə 659819,0 manat vergi məbləği, 13944,0 manat sosial sığorta haqları və 56134,99 manat icbari tibbi sığorta haqları ödənilmişdir. Borclu "xxxx" MMC tərəfindən irəli sürülmüş birinci tələb Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5705/2021 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Lakin hazırki işdə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5705/2021 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********286200 nömrəli cavab məktubuna əsasən, vergi ödəyicisi vergi borcunu ödəmədiyi üçün xx.xx.2021-ci il tarixdə **********32 nömrəli icraat vərəqəsi üzrə **********970400 nömrəli əmlakın siyahıya alınması barədə qərar açılmış və xx.xx.2021-ci il tarixdə əmlakın siyahıya alınması barədə tədbir keçirilmiş **********5 protokolla rəsmiləşdirilmişdir. Vergi ödəyicisinin **********32 nömrəli icraat vərəqəsi üzrə xx.xx.2022-ci il tarixə 205081.35 manat ödənilməmiş borcu vardır. Göründüyü kimi borclu icra sənədinin tam icra olunduğunu bildirsə də, işdə olan sübutlarla həmin hallar təsdiq olunmur. Bu baxımdan kollegiya hesab edir ki, icra sənədi üzrə icraata xitam verilməsi hissəsində şikayət təmin edilə bilməz. Həmçinin kollegiya hesab edir ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra ödənişinin alınması haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5705/2021 saylı saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tutulmuş məbləğlərin borclunun hesabına geri ödənilməsi hissəsində də şikayət əsassızdır. Belə ki, "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Həmin Qanunun 81.4-cü maddəsinə əsasən icra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir. Hazırki icra işinin də mübahisəsiz halıdır ki, Bakı şəhəri Nizami rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli “İcra ödənişinin alınması haqqında” qərarı ilə borcludan 14356 manat məbləğində icra ödənişinin alınması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 17/xx-xx-26064/22 saylı cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən tələbin könüllü icrası üçün borcluya könüllü müddət verilmiş, həmin müddət ərzində tələbin icra edilməsinə dair hər hansı bir sənəd şöbəyə daxil olmadığı üçün məcburi icra tədbirlərinə başlanmışdır. Sonradan şöbəyə borclu hüquqi şəxs tərəfindən borcun ödənilməsinə dair məlumat daxil olmuş, bununla əlaqədar icra tədbirləri müvəqqəti dayandırılmışdır. Borcun həqiqətən ödənilib-ödənilməməsi ilə bağlı İcra şöbəsi tərəfindən sorğu edilmiş, icra sənədi üzrə borcun ödənilmədiyi müəyyən edilmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən dayandırılmış icra tədbirləri davam etdirilərək qanunvericiliyin tələblərinə uyğun olaraq məcburi icra tədbirlərinə yenidən başlanılmış, həmçinin borclunun bank hesabına inkasso sərəncamı göndərilmiş və icra tədbirləri davam etdirilir. Göründüyü kimi icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra edilməyindən, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, icra ödənişinin alınması barədə qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və tutulmuş məbləğlərin borclunun hesabına geri ödənilməsi üçün əsaslar mövcud deyildir. Şikayətə əlavə olunan ödəniş sənədlərinə dair qeyd olunur ki, borclu tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər cəmi 242300 manat məbləğində ödəniş etməsi şikayətin təmin eilməsi üçün əsas ola bilməz. Çünki həmin ödənişlərin bir qismi icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verildikdən sonra, bir qismi isə hazırda şikayət verilən qərardad qəbul edildikdən sonra həyata keçirilmişdir. Ona görə də, icra məmurunun hərəkətlərinin qanunsuz, habelə birinci instansiya məhkəməsinin qərardadının əsassız olması nəticəsinə gəlmək üçün əsaslar mövcud deyil. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-33/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar