Məhkəmə qərarları › İş №8-2(103)-13/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-13/2023

27.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-13/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, Bakı şəhər Nizami rayon icra şöbəsinin icra sənədi üzrə icraata başlamaq barədə 10 may 2023-cü il tarixli qərarının ləğv edilməsi ilə bağlı borclu “X1 Oil Limited” MMC tərəfindən verilmiş şikayət üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8- 2(113)-38/2023 nömrəli qərardadından borclu “X1 Oil Limited” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: Bakı şəhəri Nizami rayon icra şöbəsinin 10 may 2023-cü il tarixli qərarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-16/2021 nömrəli icra vərəqəsinə əsasən cavabdeh "xxxx" MMC-dən 813243,58 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq “X2 Korporeyşn” Şirkətinə ödənilməsi qət edilmişdir. Borclu “X1 Oil Limited” MMC qeyd edilən qərardan şikayət verərək, Bakı şəhər Nizami rayon icra şöbəsinin icra sənədi üzrə icraata başlamaq barədə 10 may 2023-cü il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8-2(113)-38/2023 nömrəli qərardadı ilə Bakı şəhər Nizami rayon icra şöbəsinin icra sənədi üzrə icraata başlamaq barədə 10 may 2023-cü il tarixli qərarının ləğv edilməsi ilə bağlı borclu “X1 Oil Limited” MMC tərəfindən verilmiş şikayət rədd edilmişdir. Borclu "xxxx" MMC həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8-2(113)-38/2023 nömrəli qərardadının ləğv edilməsini, Bakı şəhər Nizami rayon icra şöbəsi tərəfindən verilmiş icraata başlamaq haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, “Bakı Kommersiya Məhkəməsinə “icraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə şikayət verilərkən bildirilmişdir ki, hazırkı iş üzrə əlavə açılmış işlər olduğu üçün, Azərbaycan Respublikasının Ali Məhkəməsinə əlavə kassasiya şikayəti ilə müraciət ediləcəkdir və bu barədə sənədlərin toplanması məqsədilə DVX-nin Milli Gəlirlər Baş İdarəsinə rəsmi sorgu göndərilmişdir. DVX-nin Milli Gəlirlər Baş İdarəsi tərəfindən sorğumuza cavab verilsə də, sorğuda göstərilən sənədlər tam olaraq təqdim edilmədiyi üçün, əlavə kassasiya şikayətinin göndərilməsi ləngidilmişdir. Bu səbəbdən də, bir daha DVX-nin Milli Gəlirlər Baş İdarəsinə xx/xx/2023-cü il tarixdə sorğu yazılmış və indi biz cavab gözləyirik. Bizə sənədlər paketi tam gəldikdə, əlavə kasasiya şikayətinin verilməsi tərəfimizdən təmin olunacaqdır. Hesab edirik ki, hazırkı işin daha da dərindən araşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinə əlavə kasasiya şikayəti göndəriləcəyindən, şikayətimiz təmin olunmalı və Ali Məhkəmənin yekun qərarı qəbul olunana qədər işin icrası dayandırılmalı, tələbkar tərəfindən verilmiş şikayət təmin edilməli və Nizami rayon icra şöbəsinin qərarı ləğv edilməlidir. İşin hallarından müəyyən olunur ki, “CNLC “şirkətinin xeyrinə qərar çıxarmış məhkəmələr əsas sübut kimi bizim şirkətin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Başİdarəsinə təqdim etdiyi “vergi bəyannaməsinə” əsaslanmışlar: guya “CNLC“ şirkətinin bizim şirkət üçün görduğu işlər barədə məlumatlar həmin bəyannamədə əks olunmuşdur. Bildiririk ki, Vergilər Departamentinə “CNLC“ şirkətinin gördüyü işlər barədə tərəfimizdən heç zaman heç bir “vergi bəyannaməsi” təqdim edilməmişdir. Yəni məhkəmələr mövcüd olmayan sübuta istinad edərək aşkar qanunsuz qərar qəbul etmişlər. Məhkəmələrin etdikləri bu saxtakarlığı üzə çıxarmaq üçün tərəfimizdən DVX-nin Milli Gəlirlər Baş İdarəsinə rəsmi sorğu göndərilmişdir ki rəsmi arayış versinlər ki tərəfimizdən “vergi bəyannaməsi” təqdim edilməmişdir. Bu sənədlərin yarısı DVX tərəfindən ünvanımıza göndərilmiş, lakin yerdə qalan yarısı isə biz tərəfdən ünvanlanan sorğu əsasında göndərilməsini gözləyirik. Onları tam şəkildə aldığımız təqdirdə, yeni açılmış hal kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət edəcəyik.” Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8-2(113)-38/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət baxılması üçün Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimlər Baxışova Vüsalə Ələkbər qızı (sədr və məruzəçi) Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət məhkəmə tərkibinin icraatına verilmiş və Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. “X1 Oil Limited” MMC məhkəmə tərkibinə etirazla bağlı elektron kabinet vasitəsi ilə ərizə göndərmişdir. Ərizədə MPM-nin 19.1.3-cü maddəsində qeyd edilmişdir ki, hakimlər “X2 Korporeyşn” Şirkətinin pul tələbinə baxılmasında iştirak etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Məhkəmə tərkibi tərəfindən etirazın əsaslı olduğuna dair sübutlar təqdim edilmədiyi (MPM-nin 228-232-ci maddələrinə əsasən qətnaməni qəbul etmiş məhkəmənin qətnamənin icrasının təmin edilməsi ilə bağlı işlərə və bununla bağlı şikayətlrə baxmaq səlahiyyəti olduğu nəzərə alınaraq) etiraz baxılmamış saxlanılmışdır. Məhkəmə şikayəti, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməlidir. “İcra haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəyə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Hazırkı halda borclu “X1 Oil Limited” MMC Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (113)-16/2021 saylı icra vərəqəsinə əsasən Nizami rayon İcra Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “icraata başlamaq barədə” qərarının ləğv edilməsi xahiş olunur. Əsas kimi qeyd olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarından yeni sübutlar əldə etdikdən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna işə yenidən baxılması üçün ərizə veriləcək. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ərizədə qeyd edilənlər (borclunun əlavə sübutlar toplamaq üçün sorğu verməsi və sübutu əldə etdikdən sonra Ali Məhkəmənin Plenumuna ərizə ilə müraciət etmək niyyətində olması) İcra Şöbəsinin “icraata başlamaq barədə” qərarının ləğv edilməsi üçün əsas ola bilməz. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Hazırkı halda borclunun qanuni qüvvəyə minmiş məhkəmə aktı üzrə icra sənədinin icrasını təmin etməməsi üçün hər hansı əsas yoxdur. “İcra haqqında” Qanunun 20.1.4-cü maddəsinə əsasən icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə icra üzrə icraata xitam verilir. Hazırkı halda icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsi ləğv edilmədiyi halda icra ilə bağlı qəbul edilmiş qərarın ləğv edilməsi üçün qanuni əsaslar mövcud deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8-2(113)-38/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Borclu “X1 Oil Limited” MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8-2(113)-38/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar