Məhkəmə qərarları › İş №8-2(103)-13/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-13/2025

04.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-13/2025 04.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin hakimləri Şirinov Ziya Allahverdi oğlu, X6 və X1 ibarət tərkibdə, Üçüncü şəxs X3 tərəfindən verilmiş “icra məmurunun hərəkətsizliyi” barədə şikayətə dair Bakı Kommersiya Məhkəməsinin 13 may 2025-ci il tarixli, 8-2(113)-86/2025 saylı qərardadından üçüncü şəxs X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar Tələbkar1 və Tələbkar2 (bundan sonra – iddiaçılar) cavabdeh Borclu Firmasına (bundan sonra – cavabdeh) qarşı “nizamnamə kapitalındakı payına uyğun əmlak dəyərinin cavabdehdən tutulması və firmadan çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların cavabdehin təsisçisi – iştirakçısı olaraq cəmiyyətdən çıxmaqları, onların cəmiyyətin nizamnamə kapitalındakı paylarına uyğun olaraq əmlak hissəsinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-210/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçılar Tələbkar1 və Tələbkar2 cavabdeh Borclu Firmasının təsisçiliyindən çıxarılması, iddiaçı Tələbkar1 cavabdeh Borclu Firmasının təsisçiliyindən çıxdığı məqamda tərtib edilən balans üzrə nizamnamə kapitalında olan 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyərinin ödənilməsinin cavabdeh Borclu Firmasına həvalə edilməsi, iddiaçı Tələbkar2 cavabdeh Borclu Firmasının təsisçiliyindən çıxdığı məqamda tərtib edilən balans üzrə nizamnamə kapitalında olan 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyərinin ödənilməsinin cavabdeh Borclu Firmasına həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 2(103)-694/2024 saylı qətnaməsi ilə iddiaçılar Tələbkar1 və Tələbkar2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-210/2024 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilməsi, iddiaçı Tələbkar1 cavabdeh Borclu Firmasının nizamnamə kapitalındakı 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyəri olan 2.188.077,15 manat məbləğində pul vəsaitinin cavabdeh Borclu Firması tərəfindən iddiaçı Tələbkar1 ödənilməsi, iddiaçı Tələbkar2 cavabdeh Borclu Firmasının nizamnamə kapitalındakı 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyəri olan 2.188.077,15 manat məbləğində pul vəsaitinin cavabdeh Borclu Firması tərəfindən iddiaçı Tələbkar2 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024cü il tarixli, 2-2(102)-659/2024 saylı Qərarı ilə cavabdeh Borclu Firması tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-694/2024 nömrəli 2024-cü il 23 iyul tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(103)-694/2024 saylı icra sənədi xx.xx.2025-ci il tarixdə icra olunması üçün Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli Qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Daha sonra iddiaçılar X3 və X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 və X2 Borclu Firmasının təsisçisi - iştirakçısı olaraq cəmiyyətdən çıxmaqları ilə eyni vaxtda icra edilməklə cəmiyyətin nizamnamə kapitalındakı paylarına nisbətdə əmlakın dəyərinin onlara ödənilməsi və ya paylarına düşən əmlakın naturada Borclu Firmasına məxsus olan daşınmaz əmlakın bir hissəsi hesabına onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır (hakim X5). Daha sonra üçüncü şəxs X3 icra məmurunun hərəkətsizliyindən şikayət ilə məhkəməyə müraciət edərək 2-2(103)-694/2024 saylı icra vərəqəsi üzrə Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyevin icra hərəkətlərini dayandırmamasına dair hərəkətsizliyinin qanunsuz hesab edilməsi və həmin icra sənədi üzrə zəruri icra hərəkətlərinin dayandırılması öhdəliyininin icra məmuru İmran Cəfərquliyevin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 13 may 2025-ci il tarixli, 8-2(113)-86/2025 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Hazırda üçüncü şəxs X3 Bakı Kommersiya Məhkəməsinin 13 may 2025-ci il tarixli, 8- 2(113)-86/2025 saylı qərardadından şikayət verib qərardadın ləğv edilməsini xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi 8-2(113)-86/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadda “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə əsaslanaraq bildirmişdir ki, “hazırkı icra sənədi üzrə ərizəçi borclu deyildir, onun qaldırdığı iddia tələbi icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə aid deyildir.” Məhkəmənin mövqeyinin yanlış olduğunu, ərizəçinin sözügedən icra işi üzrə birbaşa əlaqəli olaraq borclu qismində çıxış etdiyini bir neçə nüansı vurğulamaqla nəzərinizə çatdırırıq. Belə ki, hərraca çıxarılaraq satılması nəzərdə tutulan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasında ərizəçinin də payı vardır, çünki ərizəçi Borclu Firmasında 17% həcmində payla təsisçi qismində çıxış edir. Əlavə olaraq ərizəçi özü də Borclu Firmasının nizamnamə kapitalındakı 17 faizlik payına uyğun əmlak dəyərinin ödənilməsi üçün iddia qaldıraraq məhkəməyə müraciət etmişdir və iş hazırda Bakı Kommersiya Məhkəməsində icraatdadır. Öncəliklə qeyd etməliyik ki, şişirdilmiş qiymət nəticəsində yanlış hesablanmış məbləğlərin digər təsisçilərə ödənilməsi ərizəçinin Borclu Firmasında olan təsis payına ciddi şəkildə zərər yetirəcəkdir. Hesab edilsə ki, Bakı Kommersiya Məhkəməsində e2- 2(113)-3678/2025 saylı iş üzrə ərizəçinin ayrılıma payı müəyyən edilərək ona ödənilməsinə dair qərar qəbul edildi. Məntiqən yanaşdıqda, 15% həcmində paya malik olan Tələbkar1 və Tələbkar2 hər ikisinə ayrı-ayrılıqda 2188077,15 manat ödənilməlidirsə, onlardan daha artıq paya (17%) malik olan ərizəçiyə daha çox məbləğ ödənilməli olacaqdır. İndi qısaca hesablanmaya yenidənnəzər yetirsək, məhkəmələrə görə əmlak satılmalı və hər iki cavabdehə 15 %-lik paylarına mütənasib olaraq 2188077,15 manat ödənilməlidir. Əmlak ən yaxşı halda ******* manata satıldı və hər iki cavabdehə birlikdə 4376154,30 manat ödənildi. Bu zaman əmlakın satışından əldə edilmiş məbləğdən geriyə sadəcə 623845,70 manat qalmış olur (qalan 4 təsisçiyə). Beləliklə, icra hərəkətlərinin həyata keçiriləcəyi halda ərizəçiyə məxsus olan ayrılma payının verilməsi mümkünsüz hala gələcəyi artıq işin mübahisəsiz faktına çevrilmişdir. Belə olan halda, obyektiv olaraq ərizəçinin ayrılma payı müəyyənləşdirilmədən, əmlak hərraca çıxarılaraq satılsa, digər təsisçilərə paylansa, ərizəçiyə böyük məbləğdə zərər dəymiş olacaqdır. Həmin icra sənədinin icra edilməsi nəticəsində ərizəçi tənasübsüz və haqsız olaraq zərərə uğrayırsa, mülkiyyət və sahibkarlıq hüququ məhdudlaşırsa, bu elə birbaşa ərizəçinin sözügedən iş üzrə borclu qismində çıxış etməsi deməkdir. Məhkəmə sırf hərfi olaraq, müddəanın məqsədinə və mahiyyətinə önəm vermədən mübahisəyə tətbiq etməklə tamamilə yanlış mövqe formalaşdırmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-86/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 13 may 2025-ci il tarixli, 8-2(113)-86/2025 saylı qərardadından üçüncü şəxs X3 tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayətin 07 (yeddi) gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli,8- 2(103)-13/2025 saylı qərardadı ilə şifahi məkəmə iclasında baxılması qərar alınmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəməyə gəlməmiş, gələməklərinin səbəbləri barədə məlumat verilməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materillarını araşdıraraq hesab ediir ki, şikayət, təmin edilmədən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-694/2024 saylı icra vərəqəsi ilə iddiaçı Tələbkar1 cavabdeh Borclu Firmasının nizamnamə kapitalındakı 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyəri olan 2.188.077,15 manat məbləğində pul vəsaitinin cavabdeh Borclu Firması tərəfindən iddiaçı Tələbkar1 ödənilməsi, iddiaçı Tələbkar2 cavabdeh Borclu Firmasının nizamnamə kapitalındakı 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyəri olan 2.188.077,15 manat məbləğində pul vəsaitinin cavabdeh Borclu Firması tərəfindən iddiaçı Tələbkar2 ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra edilməsi üçün xx.xx.2025-ci il tarixdə icra olunması üçün Nərimanov Rayon İcra Şöbəsinə göndərilmiş, sonuncu tərəfindən xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; 17.1.2. borclu fəaliyyət qabiliyyətini itirdikdə; 17.1.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; 17.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; 17.1.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; 17.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; 17.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 17.1.10. tələbkarın müvafiq xahişi olduqda. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər: 18.1.2. borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; 18.1.3. borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; 18.1.4. icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; 18.1.5. borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda. Həmin Qanunun 21.1-ci maddəsinə görə bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Xornsbin Yunanıstana qarşı” iş üzrə qəbul etdiyi 1997-ci il 19 mart tarixli qərarında qeyd edir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyal xarakterli olacaqdır...Hər hansı bir məhkəmə tərəfindən çıxarılmış qərarın icrası həmin maddədə nəzərdə tutulmuş “məhkəmə icraatı” anlayışının ayrılmaz tərkib hissəsidir. Göründüyü kimi, məhkəmə qərarlarının icra edilməməsi ədalət mühakiməsinə çatımı məhdudlaşdırır. O, əsas hüquqların müdafiəsinə xələl gətirə və fərdləri səmərəli məhkəmə müdafiəsindən məhrum edə bilər. Bu baxımdan məhkəmə qərarlarının icra edilməməsi həm də qanunun aliliyinə xələl gətirmiş olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra xidmətinin icra məmurunun vəzifəsidir. Ərizədə göstərilmişdir ki, sözügedən icra vərəqəsi üzrə qəbul edilmiş məhkəmə aktı ilə müəyyən edilən Borclu Firmasına məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının dəyəri olduğundan daha artıq müəyyən edilmişdir. Hazırda digər təsisçilər də Firmadan çıxmaları ilə bağlı məhkəməyə iddia ərizəsi vermiş, həmin işə baxılıb yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı icra sənədi üzrə icraat dayandırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılmalıdır. Məhkəmə hesab etmişdir ki, Borclu Firmasının digər təsisçilərinin həmin Firmaya qarşı qaldırdıqları iddia tələbi hazırkı icra sənədi üzrə icraatın dayandırılması üçün əsas hesab edilə bilməz. Kollegiya qeyd edir ki, hazırkı icra sənədi üzrə ərizəçi borclu deyildir, onun qaldırdığı iddia tələbi icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə aid deyildir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin 13 may 2025-ci il tarixli, 8-2(113)-86/2025 saylı qərardadından üçüncü şəxs X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan verilmiş şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar