Məhkəmə qərarları › İş №8-2(103)-14/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-14/2021

12.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-14/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 01.09.2021-ci il tarixli 8-2(113)-40/2021 nömrəli qərardadından borclu "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1358/2020 nömrəli, 13.10.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-dən 10020 manat icarə haqqı, 17 manat dəbbə borcu, 700 manat hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş məbləğ olmaqla 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq Tələbkar MMC-yə ödənilməlidir. Borclu "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, həmin icra sənədinin hissə-hissə, yəni hər ay 100 manat ödəməklə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 2020-ci ilin mart ayından pandemiya ilə bağlı fəaliyyəti tamamilə dayandırılmış, dövlət tərəfindən maddi yardım kimi verilən 500 manat tələbkara ödənilmiş və maddi vəziyyətin həddən artıq ağırdır. Bakı Kommersiya Məhkəməsinin 01.09.2021-ci il tarixli 8-2(113)-40/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Borclu "xxxx" MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 20.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İcra işi üzrə tərəflər və Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun mənasına görə qətnamənin hissə-hissə icra edilməsinə o hallarda yol verilir ki, belə icra mümkün olur, borcluya məxsus pul vəsaiti və ya əmlak mövcud olmur və məhkəmə, qətnamənin digər formada icra olunmasının qeyri-mümkün olduğu qənaətinə gəlir. Lakin iş materiallarında olan sübutlar əsasında bu qənaətə gəlmək mümkün deyildir. Belə ki, borclunun maddi və əmlak vəziyyətinin ağır olması, yəni onun hesabında pul vəsaitinin, adına qiymətli kağızların, əmlakların olmaması və s. barədə sübutlar təqdim edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilə bilməz. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 01.09.2021-ci il tarixli 8-2(113)-40/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar