Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-14/2024 21.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-25/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2-(113)-230/2023 saylı qətnaməsi ilə cavabdeh Borclu MMC-dən ümumilikdə 33800 manat məbləğində pulun alınaraq iddiaçı Tələbkar ödənilməsi qə edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş, xx.xx.2023-cü il tarixdə icra vərəqəsi verilmiş və icra edilməsi üçün Bakı şəhəri Səbail rayon icra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmuru Aslan Astanovun xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. “X5” MMC e133803/2023-16-25-001 saylı icra işi üzrə Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmuru A.Astanovun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə Bakı Kommersiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “X5” MMC 05 may 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsidir. Cəmiyyətin nizamnamə kapitalı 1.000 manat həcmindədir və hər biri 10 manat olmaqla 100 paydan ibarətdir. “X5” MMC-nin təsisçiləri - iddiaçı Nümayəndə (200 manat/20 pay), Borclu MMC (700 manat/70 pay) və Asif Paşayev (100 manat/10 pay) olmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 230/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi icraya yönəldildikdən sonra Səbail rayon icra şöbəsinin “Təxirəsalınmaz hallarda borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” xx.xx.2023-cü il tarixli qərarı əsasında Borclu MMC-nin “X5” MMC-də olan 70 faiz payının üzərinə həbs qoyulmuş və qiymətləndirilməsi üçün cavabdeh "xxxx" MMC-yə göndərilmişdir. Cavabdeh "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, QXM 3502 nömrəli Qiymətləndirmə hesabatına (rəyinə) əsasən üzərinə həbs qoyulmuş əmlak 700 manat dəyərində qiymətləndirilmişdir. xx.xx.2023-cü il tarixli təklif məktubu əsasında üzərinə həbs qoyulmuş 70 faiz təsis payı Tələbkar təklif edilmiş və tələbkar həmin əmlakı borcun müvafiq hissəsində qəbul edilməsinə dair razı olmuşdur. Səbail rayon icra şöbəsinin icra məmuru X2 xx.xx.2023-cü il tarixli Qərarı ilə Borclu MMC-nin “X5” MMC-də olan 70 faiz payının üzərinə qoyulmuş həbsin götürülməsi və Borclu MMC-nin “X5” MMC-də olan 70 faiz payının Tələbkar adına rəsmiləşdirilməsi qərara alınmışdır. Vergi orqanı sözügedən 70 faiz təsis payının Tələbkar adına sənədləşdirilməsindən imtina etmişdir. Göründüyü kimi, Borclu MMC-nin “X5” MMC-də olan 70 faiz payının nominal (sənəd üzərindəki dəyəri: 1 pay=10 manat) əsas götürülmüşdür. Halbuki “X5” MMC tütün istehsalı sahəsində fəaliyyət göstərən bir hüquqi şəxsdir, mülkiyyətində torpaq sahəsi, digər daşınmaz və daşınar əşyalar (tütünqurutma avadanlıqları) vardır. Belə olan halda, həmin təsis paylarının nominal dəyərlə Tələbkar adına keçirilməsi qanuni sayıla bilməz. Digər tərəfdən, Mülki Məcəllənin 94.1-ci maddəsinin açıq göstərişinə əsasən, yalnız və yalnız balans tərtib edildikdən sonra nizamnamə kapitalındakı paya tutma yönəldilməsi mümkün ola bilər. Qiymətləndirmə rəyinin formal xarakter daşıdığı ortadadır. Qeyd olunanlara əsasən, Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmuru A.Astanovun hərrac keçirilmədən “X5” MMC-də borcluya məxsus təsis paylarının "xxxx" MMC-nin müəyyən etdiyi aşağı qiymətə tələbkara təklif olunması ilə bağlı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini ve məhkəmə tərəfindən qiymətləndirmə təyin edilməsini xahiş edir. Tələbkar şikayətə etiraz etmiş və etirazı onunla əsaslandırmışdır ki, MPM-in 4-cü maddəsinə əsasən müəyyən iddia ilə məhkəməyə müraciət etmək hüququ hər hansı istənilən şəxsə deyil, müəyyən hərəkət və ya hərəkətsizliklə maraqlarına toxunulmuş, hüquqları pozulmuş şəxsə məxsusdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi özünün xx.xx.2008-ci il tarixli qərarında da qeyd etmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Eyni mövqey Konstitusiya Məhkəməsi 02 noyabr 2016-cı il tarixli qərarında da sərgilənmişdir. Mülki Məcəllənin 87, 93, 94-cü maddələrindən isə görünür ki, təsisçinin əmlakına tutmanın yönəldilməsi ilə bağlı münasibətlər cəmiyyətin iştirakçıları ilə onların kreditorları arasında olan məsələlərdir. Bu münasibətlərə cəmiyyətin, hazırkı halda “X7” MMC-nin hər hansı müdaxiləsi, şikayət verməsi, razılığının yaxud narazılığının olması istiqamətində məhkəmə mübahisəsinin başlanılması, kreditorun hüquqlarının yolverilməz pozuntusudur və Cəmiyyətin (“X7” MMC-nin) subyektiv hüquqları dairəsindən kənarda qalan bir məsələdir. Digər tərəfdən İcra haqqında qanunun 29, 28, 87-ci maddələrindən göründüyü kimi icra məmurunun hərəkətindən yalnız tərəflər şikayət verə bilər. Hazırkı halda əmlaka tələb yönəldilməsindən şikayət vermək hüququ Borclu MMC-yə məxsusdur ki, o da şikayət verməyib və 10 günlük şikayət müddəti çoxdan ötürülmüşdür. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8-2(113)-25/2024 nömrəli qərardadı ilə “X5” MMC-nin şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmuru Aslan Astanovun “X5” MMC-də borcluya məxsus təsis paylarının "xxxx" MMC-nin müəyyən etdiyi aşağı qiymətə tələbkara təklif olunması ilə bağlı hərəkətləri qanunsuz hesab edilmiş və şikayət qalan hissədə təmin edilməmişdir. Tələbkar həmin qərardaddan şikayət vermişdir. Həmin şikayət icra məmurunun qərarından verilmiş şikayətə qarşı etirazla eyni qaydada əsaslandırılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin apellyasiya baxışı zamanı “X5” MMC tərəfindən şikayətə qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, icra məmurunun borclunun əmlakına yönəldilməsinə dair qərarı qanunsuzdur. Həmin qərarda Borclu MMC-nin “X5” MMC-nin əmlakındakı payına uyğun hissəsi və ya onun dəyəri icra mərhələsində balans üzrə müəyyənləşdirilməsinə dair hər hansı hərəkətlər edilməmişdir. Qiymətləndirmə aparılarkən “X5” MMC-nin əmlakları qiymətləndirilməmişdir. Borclu MMC-nin borclu olmasının “X5” MMC-nin 70 faiz payına heç bir aidiyyatı yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, şikayətin dəlillərini və “X5” MMC-nin şikayətinin qismən təmin olunduğunu, lakin onun, borclu və ya icra məmuru tərəfindən şikayətin verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qərardadın əsaslığı yalnız şikayətin qismən təmin edilməsi hissəsində yoxlanılır. İş materiallarından müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 230/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi icraya yönəldildikdən sonra Səbail rayon icra şöbəsinin “Təxirəsalınmaz hallarda borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” xx.xx.2023-cü il tarixli qərarı əsasında Borclu MMC-nin “X5” MMC-də olan 70 faiz payının üzərinə həbs qoyulmuş və qiymətləndirilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, QXM 3502 nömrəli Qiymətləndirmə hesabatına (rəyinə) əsasən üzərinə həbs qoyulmuş əmlak 700 manat dəyərində qiymətləndirilmişdir. xx.xx.2023-cü il tarixli təklif məktubu əsasında üzərinə həbs qoyulmuş 70 faiz təsis payı Tələbkar təklif edilmiş və tələbkar həmin əmlakı borcun müvafiq hissəsində qəbul edilməsinə dair razı olmuşdur. Səbail rayon icra şöbəsinin icra məmuru X2 xx.xx.2023-cü il tarixli qərarı ilə Borclu MMC-nin “X5” MMC-də olan 70 faiz payının üzərinə qoyulmuş həbsin götürülməsi və Borclu MMC-nin “X5” MMC-də olan 70 faiz payının Tələbkar adına rəsmiləşdirilməsi qərara alınmışdır. İcra işi üzrə tərəf olmayan “X5” MMC həmin qərardan şikayət vermişdir. İlk olaraq kollegiya qeyd edir ki, “X5” MMC icra işi üzrə tərəf olmasa da, icra məmurunun qərarından şikayət vermək hüququna malikdir. Belə ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Həmin Qanunun 89-cu maddəsində isə müəyyən edilmişdir ki, tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Beləliklə, “İcra haqqında” Qanunun qeyd olunan müddəalarından müəyyən edilir ki, icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu şikayət verə bilər. Tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda isə icra işi üzrə tərəf olmayan şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Lakin, “İcra haqqında” Qanunda hazırki icra işində yaranmış vəziyyətlə bağlı hallar tənzimlənməmişdir. Hazırki işdə yaranmış vəziyyət isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qəbul etdiyi qərar icra işi üzrə tərəf olmyan şəxsin hüquqlarını pozur, lakin bu qərar tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisəyə aid deyil. Bu baxımdan, kollegiya hesab edir ki, belə vəziyyətdə həmin şəxslər də “İcra haqqında” Qanunun 87.1-ci maddəsinə uyğun olaraq icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verə bilər. Əks yanaşma Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə ziddir. Belə ki, həmin maddəyə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Eyni zamanda, icra məmurunun belə hərəkətləri və ya hərəkətsizliyi bilavasitə icra sənədinin icra olunması ilə bağlı olduğuna görə həmin şikayətlər inzibati məhkəmə icraatı qaydasında deyil, icra məmurunun yerləşdiyi yer üzrə icraya nəzarət edən müvafiq məhkəməyə şikayət ərizəsi verməsi yolu ilə həyata keçirilməlidir. Hazırki işin halları da ondan ibarətdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-230/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası ilə bağlı Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmuru X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar həmin icra işi üzrə tərəf olmayan “X5” MMC-nin hüquqlarını pozur. Belə ki, Mülki Məcəllənin “İştirakçının məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı payına tutmanın yönəldilməsi” adlı 94-cü maddəsinə əsasən iştirakçının şəxsi borcları üzrə tutmanın onun məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı payına yönəldilməsinə yalnız onun başqa əmlakının borclarını ödəməyə kifayət etmədiyi halda yol verilir. Həmin iştirakçının kreditorları məhdud məsuliyyətli cəmiyyətdən tutmanın yönəldilməsi məqsədilə cəmiyyətin əmlakının borclunun nizamnamə kapitalındakı payına uyğun hissəsinin dəyərini ödəməyi və ya bu əmlak hissəsini ayırmağı tələb edə bilərlər. Cəmiyyətin əmlakının ayrılmalı hissəsi və ya onun dəyəri kreditorların tələb irəli sürdükləri məqamda tərtib edilmiş balans üzrə müəyyənləşdirilir (94.1). İştirakçının məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı bütün payına tutmanın yönəldilməsi onun cəmiyyətdə iştirakına xitam verir (94.2). Mülki Məcəllənin qeyd olunan müddəalarından müəyyən edilir ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının şəxsi borcları üzrə tutma onun cəmiyyətin əmlakındakı payına yönəldilməsinə yol verilir. Bunun üçün ilkin şərt ondan ibarətdir ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının şəxsi borclarının ödəməsi üçün onun başqa əmlakı kifayət etmir. Həmin şərt mövcüd olduğu halda həmin iştirakçının kreditorları cəmiyyətin əmlakının borclunun nizamnamə kapitalındakı payına uyğun hissəsinin dəyərini ödəməyi və ya bu əmlak hissəsini ayırmağı tələb edə bilərlər. Həmin əmlakın ayrılmalı hissəsi və ya onun dəyəri kreditorların tələb irəli sürdükləri məqamda tərtib edilmiş balans üzrə müəyyənləşdirilir. Kreditorların tələbi iştirakçının məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı bütün payına yönəldiyi halda onun cəmiyyətdə iştirakına xitam verir. Göründüyü kimi məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının şəxsi borcları üzrə tutma bilavasitə onun cəmiyyətdəki payına deyil, həmin paya uyğun cəmiyyətin əmlakına yönəldilə bilər. Bunun üçün cəmiyyətin həmin əmlakının dəyərinin ödənilməsi və ya bu əmlakın ayrılması ilə bağlı kreditorlar tərəfindən tələb irəli sürülməli və ayrılmalı olan əmlak və ya onun dəyəri kreditorların tələb irəli sürdükləri məqamda tərtib edilmiş balans üzrə müəyyənləşdirilməlidir. Kollegiya izah edir ki, heç bir halda məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının şəxsi borcları üzrə tutmanın onun cəmiyyətdəki payına yönəldilməsi həmin payın kreditorun adına rəsmiləşdirilməsi ilə nəticələnə bilməz. Tutmanın bu qaydada yönəldilməsi həm Mülki Məcəllənin 94-cü maddəsində imperativ qaydada müəyyən edilən qaydalara, həm də Mülki Məcəllənin 45, 87.1, 87-cü maddələrinin tələblərinə ziddir. Belə ki, Mülki Məcəllənin 45-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır (45.1). Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər (45.2). Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən cəmiyyətin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını (bu Məcəllənin 45.2-ci maddəsində nəzərdə tutulmuş halda) və ya cəmiyyətin yaradılması haqqında qərarın qəbul edilməsini (cəmiyyət bir şəxs tərəfindən yaradıldıqda), nizamnamə kapitalının ödənilməsini (cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa) və nizamnamənin hazırlanmasını əhatə edir. Göründüyü kimi hüquqi şəxs olan məhdud məsuliyyətli cəmiyyətin yardılması onun təsisçisinin iradə ifadəsi ilə qəbul edilmiş qərara, bir neçə təsisçi tərəfindən yaradıldığı halda isə təsisçilər arasında bağlanmış müqaviləyə əsaslanır. Hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılanda onların hər birinin ayrı-ayrılıqda və birgə korporativ maraqları olur və həmin maraqlar azad sürətdə bağlanmış müqaviləyə əsasən müəyyənləşdirilir. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının şəxsi borcları üzrə tutmanın onun cəmiyyətdəki payına yönəldilməsi nəticəsində həmin payın kreditorun adına rəsmiləşdirilməsi isə həmin korporativ maraqlara uyğun hesab edilə bilməz. Çünki payın bu şəkildə başqa şəxsin adına keçirilməsi cəmiyyətin digər iştirakçılarının iradə ifadəsinə deyil, məcburi hərəkətlərə əsaslanmış olur. Bu isə Mülki Məcəllənin yuxarıda qeyd edilən müddəalarına ziddir. Həmçinin kollegiya qeyd edir ki, “İcra haqqında” Qanunda tutmanın borclunun hüquqi şəxsdə olan təsis payına yönəldilməsini müəyyən edən qaydalar nəzərdə tutulmamışdır. Hüquqi şəxsin əmlakı üzərinə həbsin qoyulması və onun satılması qaydasını müəyyən edən “İcra haqqında” Qanunun 58-ci maddəsində göstərilən əmlaklar sırasında da təsis payı nəzərdə tutulmamışdır. Belə ki, “İcra haqqında” Qanunun 58.1-ci maddəsinə əsasən borclu hüquqi şəxsin əmlakı üzərinə həbs qoyulması və onun satılması aşağıdakı növbəlilik üzrə həyata keçirilir: birinci növbədə - istehsalda bilavasitə istifadə edilməyən əmlak (qiymətli kağızlar, borclunun depozit və digər hesablarındakı pul vəsaitləri, valyuta sərvətləri, minik nəqliyyat vasitələri, ofislərin dizayn əşyaları və sair əmlak) (58.1.1); ikinci növbədə - hazır məhsul (əmtəə), habelə istehsalda bilavasitə istifadə edilməyən və istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmamış digər maddi sərvətlər (58.1.2); üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmuş xammal və materiallar, dəzgahlar, avadanlıqlar və digər əsas vəsaitlər (58.1.3); dördüncü növbədə - başqa şəxslərə verilmiş əmlak (58.1.4). Göründüyü kimi məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının şəxsi borcları üzrə tutmanın onun cəmiyyətdəki payına yönəldilməsi nəticəsində həmin payın kreditorun adına rəsmiləşdirilməsi həm Mülki Məcəllənin yuxarıda qeyd olunan müddəalarına, həm də “İcra haqqında” Qanunun tələblərinə uyğun deyil. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı (mübahisələndirilən hissədə) mahiyyəti üzrə düzgündür, şikayətin dəlilləri isə yuxarıda qeyd olunanlara görə əsassızdır və onun ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-25/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Ziya Şirinov
Məhkəmə qərarları › İş №8-2(103)-14/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-14/2024
21.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver