Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-14/2025 11.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, ərizəçinin nümayəndəsi X3, borclunun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli, 8-2(113)-100/2025 saylı qərardadından borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Borclu "xxxx" MMC ərizə (şikayət) ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin bank hesablarından tutulmuş işçilərin sosial təminatı ilə bağlı 2025-ci ilin aprel ayı üzrə 452044,92 manat, həmin ilin may ayı üzrə 335882,33 manat həcmində pul vəsaitinin işçilərə ödənilməsi məqsədilə cəmiyyətin bank hesabına geri qaytarılması, həmçinin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun 5-ci abzasındakı tələbin çıxarılması vəzifəsinin Səbail Rayon İcra Şöbəsinin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli, 8-2(113)-100/2025 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Borclu "xxxx" MMC Bakı Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli, 8- 2(113)-100/2025 saylı qərardadından şikayət verib qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 578/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli "İcra vərəqəsi" əsasında “X1” MMC tərəfindən "xxxx" MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən 32653,75 kv metr sahədən ibarət qeyri-yaşayış sahəsinin satılması məqsədilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 2 dəfə hərrac prosesi keçirilmişdir. Hərracda iştirakçı olmadığından, hərrac baş tutmaşdır. Bundan sonra, “X1” MMC tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsi 76510200,0 (yetmiş altı milyon beş yüz on min iki yüz) manat dəyərləndirilməklə tələbkara təklif olunmuş və nəticədə xx.xx.2025-ci il tarixli **********2665088 saylı "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə" "Protokol" əsasında ipoteka predmeti tələbkar tərəfindən əldə olunmuşdur. Bundan sonra, yuxarıda sözügedən məhkəmə qərarının icrası ilə bağlı icra məmuru tərəfindən qalan təxminən 43718107,10 manat həcmində borcun tutulması "xxxx" MMC-nin bank hesabına və digər əmlaklarına yönəldilmişdir. "xxxx" MMCnin başqa daşınar və daşınmaz əmlakı olmadığı üçün sözügedən borc məbləği cəmiyyətin bank hesablarına yönəldilmiş və inkasso qoyulmuşdur. Qoyulmuş inkasso nəticəsində "xxxx" MMC-dəki işçilərə ödənilməli olan 800000 manat həcmində pul vəsaiti əsassız olaraq silinərək, Tələbkar QSC-nin hesabına tutulmuşdur. Həmin işçilərə ödənilməli olan vəsaitin içində əmək haqqı ödənişi, MDSS, gəlir vergisi, məzuniyyətə görə kompensasiya və məcburi ödənişlər daxildir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsi qanuni qüvvəyə minməmişdir. Belə ki, sözügedən qətnamə cavabdeh tərəfə rəsmi qaydada elektron kabinətə yerləşdirilməklə xx.xx.2025-ci tarixdə təqdim edilmişdir. Bundan sonra, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə kassasiya şikayəti verilmiş və həmin şikayətin nəticəsindən bugünədək heç bir rəsmi məlumat təqdim olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 2(103)-705/2024 saylı qətnaməsinin yekunun da qeyd olunmuşdur ki, “Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər”. Bundan başqa, icra məmuru tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli xəbərdarlığın 5-ci abzasındakı tələblər icra məmuru tərəfindən tam əsassız və qanunsuz həyata keçirilmişdir. Belə ki, həmin tələbdən görünür ki, icra məmuru "xxxx" MMC-nin 50 % təsisçisi olan "xxxx" QSC üçün cəmiyyətə məxsus olması ehtimal edilən elekton mühasibatlıq sisteminə VPN vasitəsilə daimi online müdaxilə olunmasını tələb etmişdir və bu tələbi Cəmiyyətin direktoru tərəfindən icra olunmasına çalışmışdır. Bu da tam qanunsuz tələbdir. Çünki, "xxxx" MMC-nin digər təsisçisi olan “X4 Ltd” Şirkəti xarici təşkilatdır və cəmiyyətin direktorunun həmin təsisçisinin razılığı olmadan belə bir tələbi yerinə yetirmək ixtiyarı yoxdur. Lakin, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 2(103)-705/2024 saylı qətnaməsində belə bir tələb nəzərdə tutulmasa da, icra məmuru bunu tələb etməyə cəhd etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-8-2(113)-100/2025 saylı Qərardadında şikayətdə əks olunan məsələlərin heç birinə qiymət verilməmiş, VPN vasitəsilə elektron sistemə müdaxilə olunmasına dair icra məmurunun tələbi hüquqi baxımdan əsaslandırılmamışdır, inkasso qoyulması və hesabdan işçilərin sosial ödənişləri ilə bağlı əsassız tutulmuş pul vəsaitlərinə AR Mülki Məcəlləsinin tələbləri baxımından qiymət verilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(113)-100/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-14/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə işə şifahi qaydada məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında borclunun nümayəndəsi və vəkili şikayətin məzmununa uyğun izahat verdi, şikayətin təmin edilməsini xahiş etdi. Həmin iclasda iştirak edən "xxxx" QSCnin nümayəndəsi "xxxx" MMC-nin işçilərinin əmək haqqlarının vaxtlı-vaxtında ödənildiyini bildirdi və şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki: -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(103)-578/2024 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-dən 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilə üzrə 71023749,20 manat əsas borc, 46505656,37 manat faiz borcu, həmçinin dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 50000 manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar QSC BOKT-a ödənilməsi, tutmanın ilkin satış qiyməti ********* manat olan ipoteka predmeti "xxxx" MMC-nin mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 32653,75 kv.m ümumi sahədən ibarət 21 mərtəbəli qeyriyaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldırlaraq təhvil verilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğininin cavabdeh "xxxx" MMC-nin pul vəsaitlər və digər əmlaklarının hesabına yönəldilməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(103)-578/2024 saylı icra sənədi icra olunması üçün xx.xx.2024-cü il tarixdə Səbail rayon İcra Şöbəsinə göndərilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(103)-578/2024 saylı icra sənədi əsasında Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə borclu "xxxx" MMC-yə bildiriş göndərilmişdir. -xx.xx.2025-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair protokola əsasən ipoteka predmeti olan "xxxx" MMC-nin mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 32653,75 kv.m ümumi sahədən ibarət 21 mərtəbəli qeyriyaşayış binası tələbkar tərəfindən əldə edilmişdir. -Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarı ilə borclu MMCdən 8230558,42 manat icra ödənişinin alınması qərara alınmışdır. -Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarı ilə borclu MMCnin xarici valyutada olan hesablarındakı pul vəsaitlərinin satışının həyata keçirilməsi qərara alınmışdır. -xx.xx.2025-ci il tarixli, 35 nömrəli inkasso sərəncamına əsasən borclu MMC-nin bank hesabından 41069205,60 manat, xx.xx.2025-ci il tarixli, 36 nömrəli inkasso sərəncamına əsasən borclu MMC-nin bank hesabından 8230558,42 manat məbləğində vəsait Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(103)-578/2024 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə tutulmuşdur. -Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-705/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh X6 tutularaq iddiaçı Tələbkar QSC BOKT-a ödənilməsi, cavabdeh X7 üzərinə "xxxx" MMC-nin növbəti ümumi yığıncağının çağırılması və "xxxx" MMC-nin idarə edilməsində iddiaçı Tələbkar QSC Bank olmayan Kredit Təşkilatının iştirakının təmin edilməsi öhdəliyinin qoyulması qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-705/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi icra edilməsi üçün xx.xx.2025-ci il tarixdə Maraqlı şəxsnə göndərilmiş, sonuncu tərəfindən xx.xx.2025-ci ildə icra sənədi üzrə icraata başlanaraq borcluya tələbin könüllü icra edilməsi barədə bildiriş göndərilmişdir. -Maraqlı şəxs tərəfindən Libra MMC-yə xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu ünvanlayaraq icra sənədlərinin icrasının təmin edilməsi tələb edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3-cü maddəsinə əsasən tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4-cü maddəsinə əsasən icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5-ci maddəsinə əsasən bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. 45.4. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesablarının mövcudluğu barədə məlumatları icra məmuru vergi orqanlarından tələb edə bilər. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsinin icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 46.2-ci maddəsinə əsasən icra məmuru borclunun Azərbaycan Respublikasında xarici valyuta satmaq hüququ olan banklarda və ya başqa kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan xarici valyuta ilə pul vəsaitləri üzərinə həbs qoyur və öz qərarı ilə xarici valyutanın bu Qanunun 45.7-ci maddəsində nəzərdə tutulmuş həcmdə satışını həmin banka və ya digər kredit təşkilatına həvalə edir. 46.4-cü maddəsinə əsasən bank və ya digər kredit təşkilatı icra məmurunun bu Qanunun 46.2-ci və 46.3-cü maddələri ilə nəzərdə tutulmuş qərarını onun daxil olduğu vaxtdan 7 gün müddətində yerinə yetirir. 50.1-ci maddəsinə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimatın 7.1 və 7.2-ci bəndlərinə əsasən inkasso sərəncamları ilə hesablaşmalar zamanı ödəyicinin (borcunun) hesabına xidmət göstərən bank (icraçı bank) məcburi icra orqanlarının göstərişi ilə və əlavə edilən icra sənədinə əsasən ödənişi ödəyicinin hesabından mübahisəsiz qaydada (ödəyicinin sərəncamı olmadan) həyata keçirir. Məhkəmə və digər dövlət orqanlarının qərarlarının məcburi icrası məhkəmə icraçıları tərəfindən həyata keçirilir. Həmin təlimatın 4.3-cü bəndinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları ödəyicinin hesabından vəsaitin mübahisəsiz silinməsi üçün əsas olan icra sənədidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası borclu "xxxx" MMC-nin icra sənədlərini könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra etmədiyini, 2-2(113)-578/2024 saylı icra vərəqəsinin bir ildən artıq müddət ərzində nəzərə alaraq hesab edir ki, icra məmuru borclu "xxxx" MMC-yə məxsus bank hesablarından vəsaitlərin mübahisəsiz qaydada silinməsi üçün əsas olmuş inkasso sərəncamlarını verməkdə haqlı olmuşdur. "xxxx" MMC-nin elektron maliyyə mühasibatlıq sisteminə giriş imkanının Tələbkar QSC-yə verilməsinin qanunsuzluğuna dair şikayətin dəlillərinə münasibət bildirən kollegiya, əvvəla qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-705/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X7 üzərinə "xxxx" MMC-nin idarə edilməsində iddiaçı Tələbkar QSC Bank olmayan Kredit Təşkilatının iştirakının təmin edilməsi öhdəliyi qoyulmuşdur, Odur ki, icra məmuru sözügedən hərəkəti tələbkarın konstitusion hüququ olan “məhkəməyə müraciət etmək” hüququnun tərkib hissəsini təşkil edən məhkəmə qərarların icra edilməsini təmin etmək məqsədilə həyata keçirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsi ilə bağlı “Gerasimov və digərləri Rusiyaya qarşı” 2014-cü il qərarında bəyan etmişdir ki, əgər icra olunacaq qərar ictimai orqanlardan xüsusi və əhəmiyyətli addımlar tələb edirsə (məsələn, şikayətçinin gündəlik yaşam şəraitinə təsir göstərəcəksə), o zaman altı aydan çox davam edən icra gecikməsi Konvensiyanın xüsusi diqqət tələb edən müddəasına zidd olacaqdır. (§168-174). Odur ki, kollegiya hesab edir ki, şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Qərardaddan şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli, 8-2(113)-100/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Elnur Həsənov
Məhkəmə qərarları › İş №8-2(103)-14/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-14/2025
11.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver