Məhkəmə qərarları › İş №8-2(103)-15/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-15/2025

22.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-15/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu "xxxx" MMC tərəfindən Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmurunun (Nümayəndə) hərəktlərinin qanunsuz hesab edilməsi barədə borclu tərəfindən verilmiş şikayət üzrə (Açar sözlər: məcburi icra tədbiri, 7 faiz həcmində icra ödənişi ) X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Borclu "xxxx" MMC tərəfindən Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmurunun (Nümayəndə) hərəktlərinin qanunsuz hesab edilməsi barədə borclu tərəfindən verilmiş şikayət üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8- 2(113)-75/2025 saylı qərardadından icra məmuru Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Məhkəmə icraatı və qəbul olunmuş məhkəmə akt(lar)ı

1. Rusiya Federasiyasının Çelyabinsk Vilayəti Arbitraj Məhkəməsinin 2020-ci il 3 sentyabr tarixli, A76-17898/2020 nömrəli qətnaməsi ilə “Rusiya İxrac Kreditlərinin və İnvestisiyalarının Sığortası Agentliyi” SC-nin ("Eksar" SC) xeyrinə cavabdeh "xxxx" MMCdən pul vəsaitinin tutulması qərara alınmışdır.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli 10-2(102)-22/2023 nömrəli qərarı ilə Rusiya Federasiyasının Çelyabinsk Vilayəti Arbitraj Məhkəməsinin 2020-ci il 3 sentyabr tarixli, A76-17898/2020 nömrəli qətnaməsi Azərbaycan Respublikasının ərazisində tanınmış və məcburi icraya yönəldilmişdir.

3. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10-2(102)-22/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icranı könüllü olaraq təmin edilməsi barədə qərara alınmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 18 oktyabr 2023- cü il tarixli 10-2(102)-22/2023 nömrəli icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir.

5. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin (icra məmuru Nümayəndə) xx.xx.2023cü il tarixli “icraata başlamaq haqqında” qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır.

6. Borclu məhkəməyə şikayət ünvanlayaraq Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin rəisi Füzuli Hüseynov və icra məmuru Nümayəndə hərəkətlərinin qanunsuz hesab edilməsi, 295647/2023-4-35-002 nömrəli, xx.xx.2024-cü il tarixli 7 faiz həcmində icra ödənişinin alınması barədə qərarın ləğv edilməsi və “Dəmiryolservis MMC”-nin hesablaşma hesabından silinmiş 130.667,19 manat məbləğin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-75/2025 saylı qərardadı ilə borclu tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin (icra məmuru Nümayəndə) xx.xx.2024-cü il tarixli icra ödənişinin alınması haqqında qərarın ləğv edilməsi qərara alınmışdır.

8. Sabunçu rayon icra şöbəsinin icra məmuru Nümayəndə qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-75/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-75/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiya məhkəməsindəki icraat

10. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 8-2(103)-327/2025 nömrəli qərardadı ilə şikayət mümkün hesab edilmiş, yazılı icraat qaydasında işə baxılması xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

Apellyasiya şikayətinə etiraz

11. "xxxx" MMC şikayətə yazılı etiraz təqdim edərək təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası “İcra haqqında” Qanunu

12. Maddə 12.1. Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulm 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.

13. Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır:

14. Maddə 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi;

15. Maddə 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi.

16. Maddə 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir.

17. Maddə 70.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir.

18. Maddə 70.3. Bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

19. Məhkəmə şikayəti, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

19. Azərbaycan Respublikası “İcra haqqında” Qanununun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarındandır.

20. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin (icra məmuru Nümayəndə) xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmış və borclu "xxxx" MMC-yə icranı 10 gün müddətində könüllü olaraq təmin edilməsi təklif edilmiş və qərarda icra könüllü təmin edilmədikdə: a) borclu barəsində məcburi icra tədbirlərinin görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması bildirilmişdir.

21. Eyni zamanda iş materiallarından, eləcə də EMİS-dən əldə edilmiş məlumatdan o da müəyyən edilir ki, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin ( icra məmuru Nümayəndə) xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarı xx.xx.2023-cü il tarixdə elektron imza ilə imzalanmışdır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, 10 gün ərzində borcun ödənilməməsi işin mübahisəsiz halıdır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC -nin icra sənədini könüllü olaraq icra etməməsi ilə bağlı qeyd etdiyi əsaslar üzrlü hal kimi hesab edilə bilməz.

24. Belə ki, “Eksar” SC-nin 2022-ci ildən sanksiya siyahısında olmasına istinad edərək borclu tərəfindən 1 il ərzində icra sənədinin icra edilməməsi üzürlü hesab edilə bilməz.

25. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 81-1.1-ci maddəsinə əsasən icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçirilir.

26. Apellyator haqlı olaraq qeyd etmişdir ki, borclu icra şöbəsinə müraciət edib borcun ödənilməsini İcra şöbəsinin depozit hesabına köçürməklə təmin edə bilərdi.

27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 07 may 2025-ci il tarixli, 8-2(113)-75/2025 saylı qərardadı ləğv edilməlidir.

28. Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İcra məmuru Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 07 may 2025-ci il tarixli, 8-2(113)- 75/2025 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin (icra məmuru Nümayəndə) xx.xx.2024-cü il tarixli icra ödənişinin alınması haqqında qərarından borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət tmin edilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar