Məhkəmə qərarları › İş №8-2(103)-16/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-16/2022

16.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-16/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı Tələbkar QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, e-2-2(113)- 2139/2021 nömrəli qətnaməsinin icrasına 3 ay müddətinə möhlət verilməsinə dair "xxxx" MMC tərəfindən verilmiş ərizəyə baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin 15 iyul 2022-ci il tarixli 8- 2(113)-59/2022 saylı qərardadından cavabdehin şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, Müəyyən etdi: "xxxx" MMC 28 iyun 2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Bakı Kommersiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qətnaməsinin icrasına üç ay müddətinə möhlət verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddiaçı Tələbkar QSC-nin "xxxx" MMCdən 525.000 ABŞ dolları icarə haqqı, malların satılmasına görə 766.458 ABŞ dollarının ödəniş gününə Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla və 362.730 manat, göstərilmiş xidmətlərə görə 615.000 manat, 1.000 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq iddiaçı ‘‘Baker Energy Services”QSC-yə ödənilməsi və qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Hazırda Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulmalı olan pul vəsaitinin tərəflərindən ödənilməsində ciddi çətinliklər vardır. Belə ki, "xxxx" MMC-nin bir sıra digər öhdəlikləri və kreditor tələbləri mövcuddur. Məhz bu səbəbdən də "xxxx" MMC-dən tutulmalı olan pul vəsaitinin hazırkı anda ödənilməsi qeyri-mümkündür və belə olan halda dövlət və digər hüquqi şəxslər qarşısında olan öhdəliklərin, eləcədə 900 nəfərdən çox işçinin əmək haqqının verilməsində ciddi maneələr yaranacaqdır. Həmçinin hazırkı qətnamənin məcburi qaydada icrası "xxxx" MMC-nin bank hesablarının üzərinə həbs qoyulması ilə nəticələnir ki, bu da Cəmiyyətin digər öhdəliklərinin icrasına ciddi maneəçilik törədəcək ki, bu halında baş verməsi nəticəsində Cəmiyyətə qarşı başqa məhkəmələrdə iddiaları qaldırıla bilər. Qətnamə ilə tutulmalı olan borc məbləği kifayət qədər yüksək olduğundan, həmin borcun ödənilməsi Cəmiyyətin fəaliyyətinin tənzimlənməsində maliyyə çətinlikləri yaratmasını, Cəmiyyətin dövlət, eyni zamanda həm tələbkarın, həmdə digər hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərinin icrasına mane ola bilər. Belə ki, SOCAR-AQS MMC-nin əsas fəaliyyəti neft yə qaz quyularının qazılmasıdır və bu əməliyyatlarda hər hansı bir dayanma və ya gecikmə dövlət əhəmiyyətli sifarişlərinin icrasına maneəçilik yaradır və neft hasilatına zərbə vurur. Bakı Kommersiya Məhkəməsinin 15 iyul 2022-ci il tarixli 8-2(113)-59/2022 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan cavabdehin verdiyi şikayət təmin olunmayaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, məhkəmənin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Göründüyü kimi qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında məhkəmə aktının icrasına möhlət verilməsi mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. Başqa sözlə, məhkəmə aktının icrasına möhlət verilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, borclunun təklif etdiyi icra qaydası həmin meyara cavab verməməklə, tələbkarın mənafeyinə uyğun gəlmir və bu baxımdan da tələbkarın mənafeyini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qənaəti dogrudur. Məhkəmə haqlı olaraq nəzərə almışdır ki, həqiqətən də Tələbkar QSC-də yaranmış maliyyə çətinlikləri səbəbindən müəyyən işçilər ixtisar edilmişdir. Bundan əlavə borclu "xxxx" MMC qətnamənin icrasına möhlət verilməsinə əsas verən müvafiq sübutları təqdim etməmişdir. Bakı Kommersiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra 08 aprel 2022-ci il tarixdə icra vərəqəsi tərtib edilərək icra olunması üçün Bakı şəhəri Səbail rayon İcra şöbəsinə göndərilmişdir. Həmin tarixdən artıq 3 aydan da artıq müddət keçməsinə baxmayaraq, borclu tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Bu isə onu deməyə əsas verir ki, qətnamə icraya yönəldikdən sonra borclunun pulun ödənilməsi üçün kifayət qədər vaxtı olmuş, lakin üzərinə düşən öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Göründüyü kimi şikayətin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 15 iyul 2022-ci il tarixli 8-2(113)-59/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar